Noyabrın 27-də “İRS” silsiləsi çərçivəsində nəşr edilən yeni kitabların təqdimat mərasimi keçirilib.
Musavat.com-un məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “PAŞA Həyat” ASC-nin dəstəyi ilə işıq üzü görən “Tükənməz xəzinə” və “Azərbaycan: yeni era” adlı yeni nəşrlər geniş ictimaiyyətə təqdim olunub.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Təqdimatda çıxış edən “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı bildirib ki, layihə çərçivəsində çap olunan kitabların sayı artıq otuzu keçib. O vurğulayıb ki, nəfis tərtibatı, yüksək bədii–estetik görünüşü və peşəkar poliqrafiyası ilə seçilən bu nəşrlər Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini və mədəni dəyərlərini dünyanın müxtəlif dillərində təqdim edir:
"Bu nəşrlərin hamısı yüksək poliqrafik keyfiyyəti, məzmunu və dili ilə seçilir və bu da onların Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsinə imkan yaradır. “Azərbaycan: yeni era” kitabında ölkəmizin son 25–30 ildə əldə etdiyi nailiyyətlər sistemli şəkildə əks olunub. Kitabda Azərbaycanın bu gün hansı siyasi və iqtisadi reallıqda yaşadığı, müstəqillik illərində ölkədə hansı şəraitin formalaşdığı ətraflı göstərilir. Nəşrin məqsədi son otuz ildə Azərbaycanda baş vermiş əsas prosesləri işıqlandırmaqdır: qazanılmış qələbələr, heyrətamiz iqtisadi göstəricilər, mədəniyyət və təhsil sahələrində inkişaf, eləcə də beynəlxalq arenadakı uğurlar".
Baş redaktor əlavə edib ki, kitabın ən diqqətçəkən hissələrindən biri “Azərbaycan geosiyasi proseslərin mərkəzində” adlı son fəsildir. Bu fəsil Azərbaycanın bölgədə artan siyasi çəkisini, qlobal proseslərdəki aktiv rolunu və ölkənin beynəlxalq nüfuzunun sürətlə yüksəlməsini rəmzi şəkildə vurğulayır. Nəşrdə qeyd olunur ki, son illərdə əldə edilən nəticələr Azərbaycanı bir çox dövlətlər üçün “maqnitə” çevirib ölkədə keçirilən böyük beynəlxalq tədbirlər, qlobal forumlar və yüksək səviyyəli görüşlər həm Bakının, həm də ölkənin bütövlükdə dünya miqyasında daha geniş tanınmasına xidmət edir.
Kitabın digər mühüm bölməsində isə Azərbaycan ərazilərinin işğaldan azad olunması, post-müharibə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesinin başlanması və Qarabağın yenidən dirçəldilməsi geniş şəkildə şərh olunur.
Daha sonra çıxış edən “PAŞA Həyat” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova belə layihələrin əhəmiyyətini yüksək qiymətləndirərək deyib:
"Bu kimi layihələrin dəstəklənməsi şirkət üçün təkcə böyük qürur mənbəyi deyil, həm də mənəvi məsuliyyətin vacib bir hissəsidir. Belə kitabların nəşrinə dəstək göstərmək və onların işıq üzü görməsinə töhfə verməklə “PAŞA Həyat” Azərbaycanın tarixinə və zəngin keçmişinə hörmət nümayiş etdirir, həmçinin gələcək nəsillər qarşısında mənəvi borcunu yerinə yetirir. Bu nəşrlərin bir neçə dildə çap olunması isə xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın tarixini və mədəniyyətini xaricdə təqdim etmək və onu geniş beynəlxalq auditoriyaya çatdırmaq üçün unikal imkan yaradır. Biz Mədəniyyət Nazirliyinə göstərilən dəstəyə görə dərin minnətdarlığımızı bildirir, “İRS” nəşriyyat evinin rəhbərliyini və bütün kollektivini təbrik edərək, onlara mühüm və nəcib fəaliyyətlərində uğurlar arzulayırıq".
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli də çıxış edərək “Azərbaycan: yeni era” kitabının milli-mənəvi baxımdan dəyərini xüsusi qeyd edib. Onun fikrincə, kitab yalnız məlumat toplusu deyil, həm də Azərbaycanın suverenliyinə və dövlətçilik ənənələrinə hörmətin təsdiqidir:
"Bu kitab ölkənin müstəqillik dövründə keçdiyi yolu, əldə etdiyi nailiyyətləri, həmçinin Qarabağdakı tarixi Qələbəni və Böyük Qayıdış proseslərini yüksək elmi-bədii dildə əks etdirir".
Ardınca çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, bu il “İRS” nəşriyyat evinin Azərbaycan mədəniyyətinə həsr olunmuş müxtəlif dillərdə nəşr edilən kitabları həm Vyana, həm də Frankfurt kitab yarmarkalarında uğurla təqdim edilib:
"Əminəm ki, bu gün təqdimatı keçirilən kitablar da yaxın illərdə beynəlxalq sərgilərdə, elmi forumlarda və qlobal mədəni platformalarda öz layiqli yerini tutacaq, Azərbaycan irsinin dünyada tanıdılmasına, mədəni diplomatiyanın gücləndirilməsinə mühüm töhfə verəcək".
Milli Məclisin deputatı Rizvan Nəbiyev də çıxış edərək, təqdim olunan nəşrlərin milli yaddaşın qorunmasında və Azərbaycanın müasir tarixi kimliyinin təbliğində xüsusi rol oynadığını vurğulayıb. O, kitabların hazırlanmasında əməyi keçən yaradıcı heyətə uğurlar arzulayıb.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com






