İnsanlara hürriyət, millətlərə istiqlal!

İnzibati orqanlar məhkəmələrin sorğularına vaxtında cavab verirmi - vəkillər danışdı  

971 11.07.2024 16:24 Ölkə A A

 

Azərbaycan məhkəmələrində işlərin uzanmasının əsas səbəblərindən biri də məhkəmələr, vəkillər tərəfindən inzibati orqanlara göndərilən sorğulara vaxtında cavab verilməməsidir.

Bu da öz növbəsində işlərin baxılma müddətinin uzanmasına və nəticədə tərəflərin narazılığına səbəb olur. Sözügedən problemdən ən çox şikayətlənənlər vəkillərdir.

Vəkil Hikmət Əmiraslanov Musavat.com-a deyib ki, sorğulara vaxtında cavab verilməməsi süründürməçiliyə gətirib çıxarır: "Məhkəmələr tərəfindən inzibati orqanlara göndərilən sorğulara vaxtında cavab verilməməsi məhkəmələrin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə işləri yekunlaşdıra bilməməsinə və süründürməçiliyə səbəb olur. İstər məhkəmə işçisi fəaliyyətim dövründə, istərsə də vəkil kimi çalışdığım müddətdə müşahidə etmişəm ki, tez-tez sorğu olunan qurumlar arasında əsasən Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, Daxili İşlər Nazirliyi, prokurorluq orqanları və icra hakimiyyətlərindən başqa digər qurumlar məhkəmə tərəfindən verilmiş sorğuları vaxtında cavablandırmırlar. Əksərən məhkəmələr təkrar-təkrar sorğu etdikdən sonra cavab əldə edilir. Məsələn, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin sorğulara gec cavab verməsi məhkəmənin ən azı 3-4 dəfə təxirə düşməsinə səbəb olur. Əsaslandırma çox zaman bu olur ki, dövlət rüsumu ilə bağlı ödənişlər olunmalıdır, sonra sorğuların cavabı verilməlidir. Lakin unutmaq olmaz ki, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə məsrəfləri ilə bağlı onsuzda məhkəmənin yekun aktında qərar qəbul edilir".

İlkin Ukalayev isə icraatında olan işlərlə bağlı verilən sorğulara adətən vaxtında cavab verildiyini söyləyib: "Öz icraatımda olan işlərlə bağlı deyə bilərəm ki, məhkəmənin verdiyi sorğulara zamanında cavab verilib. Bizdə elə hallara rast gəlinməyib ki, inzibati orqanlar tərəfindən məhkəmənin sorğularına cavab verilməsin. Təbii ki, sorğuya vaxtında cavab verilməməsi işin araşdırmasına mənfi təsir göstərir. Çünki sorğuda göstərilən məlumatlar işin obyektiv araşdırılması və zəruri halların müəyyən olunması üçün vacibdir".

Nərmin Əliyeva inzibati orqanlar tərəfindən məhkəmə sorğularına vaxtında cavab verilməməsini vətəndaşların hüquqlarının pozulması kimi qiymətləndirib: "İşin hərtərəfli araşdırılması üçün müxtəlif orqanlara sorğular verilir. Sorğulara vaxtında cavab verilməyəndə məhkəmə prosesinin uzanmasına və süründürməçiliyə gətirib çıxarır. Burada əziyyət çəkən vətəndaşlar olur, onların hüquqları pozulur. Ona görə də hər bir halda həm vəkillərin, həm də məhkəmələrin sorğularının vaxtında cavablandırılması mütləqdir. Nadir hallarda olur ki, məhkəmələrin sorğularına cavab verilməsin. Cavab verilmədiyi halda qanunvericlilikdə cərimə nəzərdə tutulub. Vəkil sorğularına gəldikdə isə deyə bilərəm ki, icra hakimiyyətlərindən cavab almaq mümkün olmur, çox nadir hallarda sorğulara cavab verilir. Dövlət Yol Polisi İdarəsi sorğuları çox gec cavablandırır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri isə sorğuları vaxtında cavablayır. Ən tez sorğuya cavab verən Milli Arxiv İdarəsidir, olduqca operativ işləyirlər. Eyni zamanda Notariat Qeydiyyat Baş İdarəsi də sorğularımızı vaxtında cavablandırır".

Mədail Fərzəliyev də sorğulara gec cavab verilməsindən şikayətlənib: "Həm məhkəmələr, həm də vəkillər tərəfindən verilən sorğulara inzibati orqanlar tərəfindən vaxtında cavab verilmir. Çox nadir hallarda olur ki, tez cavab verilsin. Sorğulara cavabın gecikməsi məhkəmələrdə işin uzanmasına gətirib çıxarır. Bu vətəndaşların narazılığına səbəb olur. Belə olması təbii ki, yaxşı hal deyil".

 

E.Məmmədəliyev,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR