İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın KTMT-yə bu qədər borcu var...

964 10.06.2026 20:24 Dünya A A

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi məsələsinin təşkilat daxilində müzakirə olunacağını açıqlayıb.

Onun sözlərinə görə, Ermənistanın KTMT büdcəsinə olan borcu artıq iki ildən çoxdur ki, ödənilmir və bu vəziyyət təşkilatın nizamnaməsində nəzərdə tutulmuş mexanizmlərin tətbiqini gündəmə gətirib.

“Bu vəziyyətdə nə etmək lazımdır? Bu məsələni bu gün müzakirə etdik. Ermənistanın KTMT büdcəsinə iki ildən artıqdır borcu var. Bu hal təşkilatın Nizamnaməsində nəzərdə tutulub. Müvafiq maddənin işə salınması imkanını nəzərdən keçirmək barədə razılığa gəldik”, – deyə Lavrov bildirib.

Musavat.com xəbər verir ki, KTMT nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilata olan maliyyə borcunu ödəməzsə, həmin ölkənin vətəndaşlarının təşkilatdakı kvota vəzifələrinə namizədliyi dayandırıla, eyni zamanda ölkə borc tam ödənilənədək səsvermə hüququndan məhrum edilə bilər. Sənəddə həmçinin qeyd olunur ki, üzv dövlət Nizamnamənin və təşkilatın ali orqanlarının qərarlarını yerinə yetirmədiyi halda, onun təşkilatın fəaliyyətində iştirakı müvəqqəti dayandırıla və ya hətta üzvlüyünə xitam verilə bilər.

Bəs Ermənistanın son iki ildə KTMT-yə nə qədər üzvlük haqqı borcu yaranıb? KTMT üzvlüyü üçün hər bir ölkə ildə hansı miqdarda üzvlük haqqı ödəməlidir?

Musavat.com-un araşdırmasına görə, KTMT büdcəsi tam ictimaiyyətə açıqlanmır. Buna görə də üzv dövlətlərin ödədiyi məbləğlər əsasən təşkilat rəsmilərinin açıqlamalarından məlum olur. Rusiya rəsmi nümayəndəsi Viktor Vasilyevin 2024-cü ilin sonunda verdiyi məlumata görə, Ermənistanın 2024-cü il üzrə KTMT-yə ödəməli olduğu üzvlük haqqı 53,22 milyon rubl təşkil edib. Ermənistan 2024-cü il üzvlük haqqını ödəməyib. Daha sonra Ermənistan rəsmiləri 2025-ci il üçün də üzvlük haqqının ödənilmədiyini təsdiqləyiblər.

Əgər 2025-ci il üzrə ödənişin həcmi də təxminən eyni səviyyədə götürülərsə, Ermənistanın iki il üzrə yığılmış borcu ümumilikdə 106-110 milyon rubl civarında qiymətləndirilə bilər. Bu, hazırkı məzənnə ilə təxminən 1,3-1,4 milyon ABŞ dolları deməkdir.

KTMT-də maliyyələşdirmə xüsusi kvota sistemi əsasında həyata keçirilir.  Rusiya ümumi büdcənin 50%-ni, Ermənistan 10, Belarus 10, Qazaxıstan 10, Qırğızıstan 10 və Tacikistan 10%-ni ödəyir. Bu o deməkdir ki, Ermənistanın illik ödəməli olduğu 53,22 milyon rubl büdcənin 10 faizidirsə, KTMT-nin ümumi büdcəsi təxminən 532 milyon rubl təşkil edir.

Ekspertlər hesab edir ki, Sergey Lavrovun son açıqlaması təkcə maliyyə məsələsi deyil, həm də Ermənistanın KTMT-dən faktiki uzaqlaşmasına Moskvanın hüquqi-siyasi reaksiyası kimi qiymətləndirilə bilər. Ermənistan artıq 2024-cü ildən təşkilatdakı fəaliyyətini "dondurduğunu" bəyan edib və üzvlük haqlarını ödəməməsi bu siyasi xəttin davamı hesab olunur.

Etibar Seyidağa,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR