İsrailin Baş naziri Benyamin Netanyahunın həyat yoldaşı Sara Netanyahu ölkədə böyük rezonans doğuran insidentlə gündəmə gəlib.
O, Qüdsdə keçirilən Makkabiya Oyunlarının açılış mərasimində həyat yoldaşına və onun köməkçilərinə hamının gözü qarşısında sərt şəkildə irad bildirib.
Musavat.com xəbər verir ki, hadisə baş nazirin yəhudi idmançılar qarşısında çıxışını başa vurmasından dərhal sonra baş verib.
İsrailin Ynet portalının və Channel 13 telekanalının məlumatına görə, Sara Netanyahu yüksək səslə baş nazirə müraciət edərək bildirib: “Sənin ucbatından burada insanlarla mübahisə etdim. Məni onlarla mübahisə etməyə sən məcbur etdin.”
Daha sonra o, baş nazirin köməkçilərinə üz tutaraq narazılığını davam etdirib: “Mənim qayğıma qalmalısınız. Niyə məni içəri buraxmırlar?”
Şahidlərin sözlərinə görə, Sara Netanyahu VIP zonaya keçid zamanı lazımi müşayiətin təmin edilmədiyini, sıxlıqda insanların onu itələdiyini və hətta ayağını tapdaladığını iddia edib. Məlumata görə, mübahisə bir neçə dəqiqə davam edib və mərasim iştirakçılarının gözü qarşısında yaşanıb. Hadisənin bir hissəsini əks etdirən görüntülər jurnalist Uri Misqav tərəfindən sosial şəbəkədə paylaşılıb.
İnsidentin əsas səbəbinin VIP sektora girişin təşkilindən narazılıq olduğu bildirilir. Hadisə ilə bağlı nə Baş nazirin Ofisi, nə də Sara Netanyahunun nümayəndələri hələlik rəsmi açıqlama verməyiblər.
Musavat.com






