İnsanlara hürriyət, millətlərə istiqlal!

Elza Seyidcahan: "Siz şokolad yeyəndə, uşaqlarım ac qalırdı..."

1533 26.05.2022 23:14 Şou-biznes A A

ARB televiziyasında "Səni axtarıram" verilişinə maddi dəstək üçün çıxan Əməkdar artist Elza Seyidcahan onu qınayanlara cavab verib.

Musavat.com-a danışan sənətçi çətin vəziyyətdə olduğu üçün bu cür addım atdığını qeyd edib:

"Ay cahil, ay qafil, ay özündən razılar! Adamın bir sözü, bir dərdi olanda hara deyər? Öncə evinə. Biz sənətkarların evi xalq deyilmi? Bəs, hər xeyirə-şərə, tədbirə, isti-soyuqda uzaq yollara, ucqar yerlərə günlərlə, bəzən aylarla gedəndə, balalarım üzümə həsrət qalanda, siz şokolad yeyəndə, uşaqlarım ac qalanda, mən xalqa məxsus oluram, ancaq illərdir bizə edilən haqsız zülmü xalqımızla paylaşmağa ixtiyarım çatmasın?! O zaman oğluma məxsus oluram?!

Deyirlər ki, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində sizdən də vacib insanlar, xəstələr var. Mənə tənə edənlərin bəsirət gözü xəstədir. Bəs, bir sənətkarın yaradıcılığını məhv etmək faciə deyilmi? Axı, tarixi incəsənət yaşadır. Oğlum, qızım, anam və evimdən çox xalqımızın, dövlətimizin keşiyindəyəm. Onun şəhidinə, qazisinə, anasına, uşağına, əsgərinə, qocasına, xəstəsinə, imkansızına təmənnasız xidməti özümə borc bilmişəm.

Mənə təsir edən o insanlardır ki, dediklərini olduğu kimi yazacağam, "Allah sənə kömək olsun, ay Elza. Soyuducumuzu açıb bu ruzi-nemətləri görəndə sənə dua edirik". Mənə dost, qohum, yaxın, can deyib, susub, kənardan izləyənlər... Üzümə necə baxacaqsınız?! Allaha nə cavab verəcəksiniz?"

Elza Seyidcahan icarə verdikləri obyektə görə ev və avtomobilini satdığını deyib:

"Bu gün evimiz, maşınımız günahımız olmaya-olmaya satdırılsa da, saflığımızı, düzlüyümüzü, mərdliyimizi, qeyrətimizi heç vaxt satışa qoymadıq. Qazandıqlarım daha çox oldu. Çünki həyatımızdan zir-zibillər təmizləndi. Öz yelləri özlərini havaya sovurdu, Allah həyatıma yeni dostlar gətirdi. Həyatımda yeni səhifə açıldı. Mənə edilən pislikləri unutsam da, yaxşılıqları əsla unutmaram".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR