Bakı ilə Sumqayıt arasında sərnişin daşımalarında yeni dövr başlayıb. Noyabrın 12-dən etibarən fəaliyyətə başlayan yeni marşrut xəttinə 18 metrlik, ekoloji təmiz və iri tutumlu 20 avtobus buraxılıb. Avtobuslar hər 7–8 dəqiqə interval ilə hərəkət edir və sərnişin sıxlığının azalmasını təmin edir.
Marşrutun başlanğıc məntəqəsi Sumqayıt şəhərinin Zülfi Hacıyev küçəsi, Heydər Əliyev parkının yanında yerləşir. Avtobuslar Nəriman Nərimanov prospekti, Sülh küçəsi və Ceyranbatan qəsəbəsi istiqamətindən keçərək Bakı şəhərindəki “20 Yanvar” metro stansiyasına qədər hərəkət edir. Son dayanacaq isə Seyid Cəfər Pişəvəri küçəsindədir. Yeni marşrut üzrə avtobuslar səhər 05:45-dən axşam 23:00-a qədər sərnişin daşımalarını həyata keçirir. Gediş haqqı isə 80 qəpikdir və ödəniş yalnız nağdsız qaydada həyata keçirilir.
Musavat.com-un əməkdaşı marşrut üzrə müşahidələr aparıb. “20 Yanvar” metro stansiyası yaxınlığında aparılan müşahidə zamanı məlum olub ki, sərnişinlər yeni avtobuslara rahatlıqla minib-düşə bilirlər. Əvvəlki sıxlıqların əksinə, avtobuslar müntəzəm interval ilə gəldiyindən sərnişinlər heç bir çətinlik çəkmir.
Sərnişinlərin fikirləri də dəyişiklikdən məmnun olduqlarını göstərir. Rəna adlı sərnişin deyir:
“Əvvəl səhərlər avtobus tapmaq üçün saatlarla gözləyirdik. İndi interval çox qısadır, rahat minirik və vaxtımız boşa getmir.”
Müşahidələr göstərir ki, Sumqayıta hərəkət edən digər nəqliyyat vasitələri — taksilər, mikroavtobuslar və köhnə avtobuslar — hələ də fəaliyyət göstərir. Taksilərlə səfərin qiyməti 2–3 manat, mikroavtobuslarla isə 1 manatdır. Lakin sərnişinlərin əksəriyyəti yeni avtobusları üstün tutur, çünki onlar həm rahat, həm də sürətlidir.
Xüsusilə axşam saat 20:00–21:00 radələrində Sumqayıta gedən sərnişinlər heç bir problem yaşamadan minik tapa bilirlər. Yeni avtobusların işə başlaması nəticəsində nəqliyyatın yükü xeyli azalıb, sərnişinlər isə artıq uzun növbələrdə gözləmək məcburiyyətində deyillər.
Bakı–Sumqayıt istiqamətində yeni avtobus marşrutu sərnişinlərə rahatlıq gətirməklə yanaşı, şəhərlərarası daşımada sıxlığın azaldılması və nəqliyyat sisteminin səmərəli fəaliyyətinə töhfə verir. Sərnişinlər indi əvvəlkindən fərqli olaraq daha sürətli, rahat və etibarlı yol səfəri həyata keçirirlər.
Şahanə Rəhimli
Musavat.com






