İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın heyfini heykəldən çıxan “mədəni” Fransa - Cavabımız nə olacaq?  

2606 25.12.2023 15:01 Siyasət A A

  

Xəbər verildiyi kimi, azərbaycanlı şairə Xurşudbanu Natəvanın 2017-ci ildə Fransanın Evian-le Ba şəhərində ucaldılan abidəsinin sökülməsi haqda şəhər merliyi qərar çıxarıb. Natəvanın abidəsi ilə yanaşı, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Evian-le Ba şəhərinin meriyası daha bir qərar qəbul edib. Həmin qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq.

Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb. Fransız nəşrinin məlumatına görə, bu il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər.

Şəhər meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistan “sevgisi” olub.

Bəs bütün bunlara cavabımız nə olmalıdır? Fransa nədən mədəniyyəti də siyasiləşdirir və Azərbaycanın heyfini heykəldən çıxır? Heykəl götürülərsə o, ölkəmizə gətirilib harada qoyula bilər - Şuşada, yoxsa Bakıda?

resize.jpeg (191 KB)

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Musavat.com-a bildirib ki, bu, Fransanın indiki yönəticiləri içərisində böyük Fransa  mədəniyyətinin dəvətlərini anlamayan insanların  atdığı addımdır: “Belə bir qərarı yalnız vəhşi anlayışa sahib olan insanlar verə bilər. Siyasətin mədəniyyət abidəsinə nə dəxli? Sən Azərbaycana nifrət edə bilərsən, sevməyə bilərsən, amma bunun mədəniyyətə nə dəxli var? Belə çıxır ki, biz Viktor Hüqonun adını hər yerdən götürək? Bu nə yanaşma, nə axmaqlıqdır? Bunu Fransanın hansısa gerizəkalı siyasətçiləri edirsə, bunun özü bir gülüş doğurur. Bu məsələ Fransa ictimaiyyətində qınanmalıdır”. 

Millət vəkili bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarında vəhşiliklər törətməsinə baxmayaraq, paytaxt Bakıda bu gün erməni kilsəsi qorunub saxlanılır: “Ermənilərin bu vəhşiliklərinə qarşı çıxmağa haqqımız çatdığı halda, biz bu gün Bakıda kilsəni qoruyub saxlayırıq, çünki mədəniyyət abidəsidir. Fransadakıların belə vəhşiliyi eyni erməni siyasətinin davamıdır”.

Komitə sədri deyib ki, əgər Natavanın heykəli Fransadan götürülərsə, həmin heykəl paytaxt Bakıda qoyulmalıdır: “Həmin abidənin Bakıya gətirilməsi vacibdir. Heykəl Bakıda qoyulmalı və altında yazılmalıdır ki, Fransanın indiki yönəlticiləri arasında böyük Fransa mədəniyyətini anlamayanlar heykəlin sökülməsinə qərar verib. Ən azı biz fransız siyasətçilərin Fransa mədəniyyətinə zidd və sayğısız davranışını nümayiş etdirməliyik. Heykəl Bakının görkəmli yerində ucaldılmalıdır. Qoy hamı görsün ki, bu abidəni onlar söküblər. Hansısa bir yazarın, görkəmli sənətkarın abidəsini sökmək mədəniyyətsizlik nümunəsidir. Xurşudbanu Natavan əsərində Fransaya qarşı hansısa bir çağırış edən yazar deyil. O, bir klassik Azərbaycan şairəsidir və bu davranış bütün hallarda qınanmalıdır”.

 

Samir Əli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR