İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsinin 90 min avroluq həyasızlığına Bakıdan ŞİLLƏ kimi cavab: “Erməni hərbçilər ərazimizdə nə edirdi...”

1231 19.06.2026 13:39 Gündəm A A

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dördgünlük Aprel döyüşləri ilə bağlı işlər üzrə ilk qərarını dərc edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, AİHM-in rəsmi saytında yayımlanan məlumata əsasən, məhkəmə digər məsələlərlə yanaşı, Azərbaycanın ölmüş erməni hərbçisinin yaxınlarına 90 min avro məbləğində kompensasiya ödəməsi barədə qərar çıxarıb.

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a şərhində bildirib ki, AİHM artıq siyasiləşmiş quruma çevrilib. O, xatırladıb ki, Prezident İlham Əliyev AŞ PA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dondurduqdan sonra AİHM ilə bağlı mövqe bəllidir: “Cənab Prezident qeyd edib ki, AİHM hakimlərinin seçilməsində, təsdiqlənməsində Azərbaycan nümayəndə heyəti iştirak etmədiyinə görə onların qərarı bizim üçün imperativ deyil. Hesab edirəm ki, sözügedən qərarın heç bir təsiri olmayacaq.

Ancaq AİHM bu cür ədalətsiz yanaşma ilə erməni işğalı nəticəsində həlak olan on minlərlə azərbaycanlının ruhuna, beynəlxalq insan hüquqlarının norma və prinsiplərinə hörmətsizlik edir. Eyni zamanda, AİHM bir daha müəyyən dövlətlərin sifarişini həyata keçirməklə məşğul olduğunu göstərdi. Əgər dövlətlər arasında siyasi gərginlik varsa, AİHM güclü dövlətlərin mövqeyindən zəif dövlətlərə qarşı çıxış edir və müəyyən qərarlar qəbul edir. Bu isə yolverilməzdir”.

Ç.Qənizadə vurğulayıb ki, beynəlxalq təşkilatlar son illərdə nüfuzunu tamamilə itirib:

“Əgər dünyada insan hüquqlarına hörmət yoxdursa, insan hüquqları güclü dövlətlər tərəfindən siyasi alver predmetinə çevrilibsə, insan hüquq və beynəlxalq hüquq ayaqlar altına atılırsa, AİHM-in qəbul etdiyi qərar bundan artıq olmayacaq. Aprel döyüşləri Azərbaycan ərazisində gedib. Soruşmaq lazımdır ki, ölən ermənilər Azərbaycan ərazisində nə edirdilər? Əgər işğalçı dövlətin əsgərlərinə qarşı bu cür müsbət qərarlar qəbul edirlərsə, o zaman Rusiya da Ukraynaya qarşı işğalçı müharibə aparır. Bütün dünya və Avropa Ukraynanın yanındadır. Ancaq Ermənistan-Azərbaycan müharibəsi zamanı bütün dünya və Avropanın böyük əksəriyyəti Ermənistanın yanında idi. Bu qərar AİHM yarandığı gündən bu günə qədər ən ləyaqətsiz qətnamədir”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR