İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Ermənistandakı kütləvi həbsləri niyə görmür? - Milli Məclis üzvündən ifşaedici açıqlamalar

516 11.02.2026 19:48 Siyasət A A

Avropa İttifaqına, Qərblə əməkdaşlığa doğru “iri addımlarla irəliləyən” Ermənistanda həbslər davam edir.

Musavat.com erməni mediasına bildirir ki, “Qələbə” fraksiyasının rəhbəri Sevak Xaçatryan “Ermənistan xəbərləri”nə son günlər artıq 10-dan çox tanınmış şəxsin saxlanıldığını deyib.

Bundan əvvəl Xaçatryan səhər tezdən Vaqarşapatda müxalif fikirli müxtəlif şəxslərə qarşı repressiyaların başladığı barədə məlumat verib.

İstintaq Komitəsi isə yalnız Vaqarşapatda aparılan axtarışların və həbslərin bu qurumun səlahiyyətinə aid olduğunu açıqlayıb.

Maraqlıdır ki, hakimiyyətin repressiyalarına Azərbaycanı hədəfə alan Avropa təşkilatlarından heç bir reaksiya yoxdur. Son aylarda ölkəmiz əleyhinə Avropa Parlamenti, AŞ PA, Fransa Milli Assambleyası, digər təşkilatlar absurd iddialarla çıxış etdikləri halda, Ermənistandakı repressiyalara “kor” və “kar” olublar. Özü də bu həbslər İrəvan-Aİ anlaşmaları fonunda, Ermənistanda Avopa Siyasi Birliyinin Forumuna aylar qalmış baş verir.

“Ermənistanda baş verən həbslər artıq illərdir ki, davam edən daxili siyasi mübarizənin adi epizodu deyil, seçki öncəsi ciddi siyasi və ictimai gərginliyin göstəricisidir”.

Bunu deputat Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib. Milli Məclis üzvü vurğulayıb ki, bu ölkədə hökumətə qarşı çıxış edən siyasilərin, ictimai və dini qrupları təmsil edən şəxslərin ardıcıl şəkildə saxlanılması, istintaqa cəlb olunması və müxtəlif ittihamlarla həbs edilməsi adi hala çevrilib: “Lakin diqqətçəkən əsas məqam bu hadisələrin özü deyil, bu proseslərə Avropa institutlarının ümumiyyətlə, reaksiya verməməsidir.

Adətən, regionda baş verən ən adi kriminal hadisəyə operativ reaksiya verən, bəyanatlar səsləndirən, qətnamələr qəbul edən və xüsusi dinləmələr təşkil edən Avropa strukturları Ermənistana gələndə susmağa üstünlük verirlər. Bu susqunluq isə təsadüfi deyil və siyasi kontekstdən kənarda qiymətləndirilə bilməz. Çünki bütün bunlar Ermənistan ilə Avropa İttifaqı arasında yeni tərəfdaşlıq gündəliyinin formalaşdığı və yaxın aylarda Avropa Siyasi Birliyinin forumunun İrəvanda keçirilməsinə hazırlıqların getdiyi bir dövrdə baş verir.

Məsələ ondadır ki, insan hüquqları, demokratiya və hüququn aliliyi prinsipləri Avropa üçün daim prioritet kimi təqdim olunsa da, praktiki müstəvidə bu prinsiplərin tətbiqində seçicilik açıq şəkildə hiss olunur”. E.Mirzəbəyli bildirib ki, Ermənistanda insanların siyasi mövqeyinə görə həbsi, dini strukturlara qarşı sərt tədbirlərin görülməsi, ictimai narazılıq yaradan proseslərin yaşanması Avropa institutlarında heç bir ciddi müzakirə doğurmur: “Halbuki, Azərbaycanla bağlı, hətta saxta informasiyaya söykənən məqamlar olduqda belə, Avropa Parlamenti, müxtəlif komissiyalar və təşkilatlar dərhal reaksiya verir, bəyanatlar səsləndirirlər.

Bu ziddiyyət Azərbaycanın haqlı narazılığını şərtləndirən əsas amildir. Çünki burada söhbət hansısa ölkənin daxili işindən deyil, beynəlxalq hüququn, insan hüquqlarının və demokratik prinsiplərin selektiv şəkildə tətbiq edilməsindən gedir.

Ermənistanın Avropa ilə yaxınlaşması, müxtəlif siyasi və iqtisadi proqramlarda fəal iştirakı, eləcə də Avropa institutlarının regionda öz təsir imkanlarını genişləndirmək istəyi bu susqunluğun arxa planını təşkil edir. Bu kontekstdə insan hüquqları və demokratik dəyərlər arxa plana keçir, siyasi maraqlar isə ön plana çıxır. Nəticədə isə ortaya ikili standartlar çıxır”.

Deputat xatırladıb ki, Azərbaycan uzun illərdir beynəlxalq platformalarda məhz bu ikili yanaşmanın yolverilməz olduğunu vurğulayır: “Rəsmi Bakı dəfələrlə bildirib ki, insan hüquqları, hüququn aliliyi və demokratik prinsiplər universaldırsa, onların tətbiqi də universal olmalıdır. Əks halda, bu anlayışlar siyasi təzyiq alətinə çevrilir və öz mahiyyətini itirir. Bugünkü vəziyyət onu göstərir ki, Avropa institutlarının Ermənistanda baş verənlərə münasibətdə səssiz qalması təsadüfi deyil, siyasi seçimdir. Bu seçim isə regionda ədalətli yanaşmanın formalaşmasına deyil, etimadsızlığın dərinləşməsinə xidmət edir. Azərbaycanın haqlı mövqeyi də məhz bundan ibarətdir: Beynəlxalq münasibətlərdə ədalət prinsipi selektiv ola bilməz.

Əgər Avropa həqiqətən də insan hüquqlarının, demokratiyanın və hüququn aliliyinin müdafiəçisi olmaq iddiasındadırsa, bu prinsipləri tərəfdaşlıq münasibətlərindən asılı olmayaraq tətbiq etməlidir. Əks halda, bu prinsiplər siyasi ritorikadan kənara çıxmayan, real praktikada isə maraqlara tabe olan anlayışlara çevrilir. Bu isə nə regionda sülhə, nə də beynəlxalq münasibətlərdə etimad mühitinin formalaşmasına xidmət edir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR