Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsini müdafiə etdiyini bildirib.
Musavat.com-un məlumatına görə, o, xüsusilə də dövlətin müdafiə və təhlükəsizliyinə cavabdeh sahələrə ayrılan vəsaitləri təqdir edib.
S.Novruzovun sözlərinə görə, son vaxtlar dövlət qurumları tərəfindən atılan addımlar da göstərir ki, kimin vaxtilə hansı xidmətlər göstərməsinin, hazırda harada təmsil olunmasının heç bir əhəmiyyəti yoxdur, hər kəs qanun qarşısında cavabdehdir:
“Dövlətin başçısı var, Ali Baş Konandan var və onun apardığı siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir, müdafiə olunur”.
Siyavuş Novruzov daha sonra büdcə sənədi ilə bağlı təkliflərini irəli sürüb:
“Bizdə yerli özünüidarəetmə sistemi var. Adətən hər il bu sistemdə artımlar olurdu, dövlət tərəfindən dotasiyalar verilirdi. Məsələn, 2025-ci ildə dövlət tərəfindən 8 milyon manat dotasiya, 1 milyon 550 min manat isə subvensiya ayrılıb. Lakin 2026-cı il üçün bu sahədə artım nəzərdə tutulmayıb. Hesab edirəm ki, burada artımların əlavə olunmasına ehtiyac var”.
Komitə sədri deyib ki, bəzi rayonlar, Xocavənd rayonu istisna olmaqla, dövlət dotasiyası almadan öz gəlirlərini toplamaqdadır:
“Həmin rayonlarda toplanan gəlirlərin 50%-i rayonda qalır. Mən hesab edirəm ki, bu göstəricini 70%-ə qaldırmaq olar. Çünki vətəndaşlar müraciətlərini əsasən rayon icra hakimiyyətlərinə edirlər və köməklik də onlardan gözləyirlər. Ona görə də yerli özünüidarəetmə sistemləri və yerli icra hakimiyyətlərinə bu əlavələr olunsun.
Üçüncü məsələ siyasi partiyalarla bağlıdır. Bildiyiniz kimi, bu gün ölkədə dövlət maraqları çərçivəsində fəaliyyət göstərən partiyalar var. AXCP və Müsavat kimi vətənə xəyanət edən partiyalar istisna olmaqla, digər partiyalar dövlətlə birgə, vahid mövqedə çalışırlar. Bu baxımdan imkan varsa, siyasi partiyalara ayrılan büdcənin də artırılması məqsədəuyğun olar”.
E.Paşasoy,
Musavat.com






