5-6 il öncəydi, bir gün saat 12 radələrində əməkdaşlarımızdan biri həyəcanlı halda gəldi, amma təbəssümlü sifətlə dedi ki, bu səhər az qala Koroğlu Rəhimov küçəsində cəncələ düşəcəkmiş. Bu sözün “zibil”, “təzək”, “xəta” və başqa sinonimləri olsa da, o, ifadənin burda yazılmayan sinonimini işlətdi.
Biz onun düşdüyü şeyin konkret nə olduğuna önəm vermədən dərhal soruşduq ki, sənin Koroğlu Rəhimov küçəsində nə iş var, sən işə Bünyadov prospekti ilə gedib-gəlirsən. Qardaş ciddiləşdi və başına gələn vaqiəni nəql etdi.
Heç demə, o, öz avtomobili ilə adı çəkilən küçədə yolun sağıyla asta sürətlə üzüyuxarı irəliləyərkən 50 metr irəlidə səkidə şübhəli adamlar görüb, ona elə gəlib ki, onlardan biri özünü maşına toxunduracaq. Yolda sıxlıq varmış, nəqliyyat vasitələrinin sürəti onsuz da aşağı imiş. Əməkdaşımız sürəti bir az da azaldıb və maşınını səkidən mümkün qədər yolun ortasına sıxıb ki, özü demişkən, zibilin sinoniminə düşməsin. Amma heyhat! Avtomobil şübhəli adamların tuşuna çatanda onlardan biri (35-40 yaşlı cantaraq kişi) özünü güzgüyə ilişdirib və dərhal yerə yıxılaraq bağırmağa başlayıb.
“Yol-nəqliyyat hadisəsi” törətmiş əməkdaşımız maşını saxlayıb, düşüb, “zərərçəkmiş”ə yaxınlaşıb. Onun müşayiətçiləri qışqır-bağır salıblar ki, bəs adamı şikəst elədin. Kənardan müdaxilə edənlər olub ki, ehtiyatlı ol də, adamı pis günə qoydun. Belə hadisələrdən xəbərdar olan jurnalist dərhal deyib, hadisə yerinə təcili tibbi yardım briqadası və DYP patrullarını çağıraq, ya da yaralını oturdun maşına, aparım travmatologiya şöbəsinə. Yerdə zarıyan “zərərçəkmiş” və onun həyasızlıq salan adamları razılaşmayıblar, deyiblər, yox, məsələyə həkimləri və polisləri qarışdırmayaq, yerindəcə öz aramızda həll edək. Bu da deyib, elə şey yoxdur, mən polisləri çağırmalıyam. Söhbət, mübahisə böyüyüb. Əməkdaşımız 102-yə zəng edəndə “şikəst olmuş zərərçəkən” qalxıb ayağa, deyib, adə, sən nə şərbaz adamsan. Bu da deyib, nə şərləməsi, maşınımda avtoregistrator var, hər şeyi çəkib, polis gəlsin, ayırd edəcək ki, kim-kimi şərləyir. Söz bu yerə çatanda “zərərçəkən” də onun dəstək qrupu da yolun o üzünə adlayıb, qaçıb aradan çıxıblar.
Daha sonra əməkdaşımız danışdı ki, videoregistratorun lentini polislərə təqdim edib. Onu şərləyənlərin üzü aydın görünürmüş deyə polislər söz veriblər ki, onları tezliklə tapacaqlar.
Ertəsi gün jurnalist qardaş təhqiqatın nəticələrindən xəbər verdi. Adamları tapıblar, tutublar. Onlar etiraf ediblər ki, neçə vaxtdır bu yolla dolanırlar, özlərini gözlərinə kəsdirdikləri maşına yüngülcə vurdurur, sürücüləri qorxudur, şərləyir, 5-6 yüz, bəzən də 1-2 min manat pullarını alır, buraxırlar. Polis zabiti əməkdaşımıza onu da deyib ki, özünü maşına vurduran adamın qolu-qıçı, böyrü-başı qara-qançır idi, nə qədər ehtiyatla hərəkət etsə də, iş prosesində müxtəlif travmalar alıb.
Düzü, o şərbazların cəzası necə oldu, tutdularmı, yoxsa tənbeh edib buraxdılarmı, ta məsələnin mabədini izləmədik. Amma “özünü maşına vurduranlar dəstəsi”ni əməlləri barədə xəbərlər səngidi.
Dünən yayılan bir videolu xəbərdə isə görünür ki, peşənin davamçıları var. Bir cavan oğlan yanından keçən avtomobilə telefonuyla toxunur, cihazı əlindən salır, “qəza törətdiyi üçün” maşınını 3-4 metr irəlidə saxlamış sürücüyə yaxınlaşır və telefonunu zədələdiyinə görə onadan pul tələb edir. Bu hadisənin axırı onun özü üçün pis qurtarıb. İşə hüquq-mühafizə orqanları qarışıb, məlum olub ki, bu gənc dələduzluq üstündə yatıb-çıxmış biridir. İndi onu məsuliyyətə cəlb ediblər.
Bu sayaq işlər niyə bu ölkədə baş verir, bilirsiniz? Birincisi, ona görə ki, ölkəmizdə yol-nəqliyyat hadisələrində sürücülər həmişə haqsız, piyadalar həmişə haqlıdırlar. İkincisi, işi-gücü olmayan, amma çox pul qazanmaq istəyən adamlar var ki, bir ay ağır fiziki əmək sərf edərək 700 manat qazanmaqdansa, öz həyatlarını riskə ataraq o pulu 7-8 dəqiqədə əldə etməyi üstün tuturlar. Üçüncüsü, “cəncələ düşən” sürücülər soğan kimi soyulacaqlarından qorxaraq, tələb olunan ilkin məbləği verib canlarını qurtarmağı daha sərfəlli bilirlər və bu, “kaskadyorlar” qrupunu sonrakı əməliyyatlara həvəsləndirir.
Ümid edək ki, bu “peşə” yenidən yayğınlaşmadan qarşısı alınacaq. Yoxsa sürücülər məcbur olacaq ki, yol kənarında durmuş hər kəsə şübhə ilə baxsınlar.
Bu üzdəndir ki, sürücülər arasında bir qənaət var: “Özünün və başqasının maşınını əzməyin xərci piyadanın barmağını əzməkdən daha sərfəlidir”.
**
Dünya köhnə dünyadır, şərləmə üsulları təzədir.






