Məlum olduğu kimi, fevralın 8-də Yaponiya parlamentində növbədənkənar ümumi seçki keçirilib. Seçkilərdə baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim blok parlamеnti bayraq kimi ələ keçirərək böyük qələbə qazanıb və superəksəriyyət əldə edib. Bu qələbə onun hökumətə geniş səlahiyyətlər qazandıraraq ordunun gücləndirilməsi və təhlükəsizlik siyasətində ciddi addımlar atmaq imkanını təmin edib.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında deyib ki, parlament seçkisindəki qələbə millətçi baş nazirə Yaponiya ordusunu gücləndirmək və ölkənin pasifist Konstitusiyasını yenidən nəzərdən keçirmək səlahiyyəti verir ki, seçicilər artıq bunun məqsədəuyğun olduğu ilə razılaşıblar:
"ABŞ Yaponiyanın hərbi gücünü artırmasının tərəfdarıdır. Halbuki, İkinci Dünya müharibəsinin nəticələrinə görə, ABŞ Yaponiyaya böyük ordu saxlamağı və həri büdcəsini artırmağı qadağan etmişdi. Ancaq dünyada reallıqlar dəyişib və Vaşinqtonun əsas qorxusu Yaponiya ilə bağlı deyil, Çinin artan gücü ABŞ siyasi dairələrini narahat edir. Yaponiyanın digər tərəfdaşı Avstraliya da Tokionun hərbi büdcəni artırması səylərini dəstəkləyir. Çünki Çinin bölgədə artan hərbi gücü Tokio və Vaşinqtonla yanaşı, Kanberranı da narahat edir. Odur ki, Yaponiya baş nazirinin yenidən silahlanma planının Avstraliya üçün də nəticələri var. Yaponiyanın müharibədən sonrakı müdafiə məhdudiyyətlərindən kənara çıxması və Avstraliya kimi tərəfdaşlarla birlikdə təhlükəsizliyini yenidən formalaşdırması üçün qapı açıb.

Sanae Takaiçi növbəti mərhələdə Yaponiyanın təhlükəsizlik sahəsində üzləşdiyi problemlərin həlli ilə məşğul olacaq. Çinin patrul gəmiləri tez-tez Şərqi Çin dənizində yerləşən mübahisəli Senkaku adaları zonasına yaxınlaşırlar. Həmin adalar Yaponiyaya məxsus olsa da, Çinin də həmin ərazilərə iddiası var".
Politoloq vurğulayıb ki, Çinlə Rusiyanın bölgədə keçirdiyi birgə hərbi təlimlər Tokionu ciddi narahat edir. Sanae Takaiçinin bir müddət əvvəl Tayvan barədə açıqlaması Pekində narahatlıq doğurmuşdu:
"Takaiçi Çinin Tayvana hücum edəcəyi təqdirdə Yaponiyanın müdaxilə edəcəyini bildirmişdi. Bu açıqlamadan sonra Çin Yaponiyadan dəniz məhsullarının idxalını, vətəndaşlarının Yaponiyaya turist səfərlərini, o cümlədən Yaponiyaya vacib mineralların ixracını məhdudlaşdırmışdı.
Yaponiyanın Rusiya ilə münasibətlərində də gərginlik var. Tokio Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanskiyalara qoşulub. Bundan başqa, Yaponiya ilə Rusiya arasında sülh sazişinin bu vaxta qədər imzalanmaması ikitərəfli münasibətlərdə əlavə gərginlik mənbəyidir".
Xalidə Gəray
Musavat.com






