Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Məhkəmə zərərçəkənin hüquqi nümayəndəsinin ifadəsi ilə davam edib.
İ.S öldürülən Sıxavət İsmayılovun atası olduğunu deyib:
"Oğlumun meyiti Elşənin qapısından çıxdı. Ayın 1-də öldürüblər, ayın 2-də bundan xəbər tutmuşuq. Qonşu kimi bu insanlarla aramız çox yaxşı olub. Oğlum evli idi, uşaqları vardı. Heç bir barışıq yoxdur, ola da bilməz. Şikayətçiyəm, cəzalarını çəksinlər. Görün necə insanlardır ki, oğlum öldürülən gün qurban kəsiblər. Kəsdikləri qurbanı da qonşuluqda yaşayan qohumlarıma paylayıblar. Bu hansı insanlığa, vicdana sığışar?"
Şahid İ.M bildirib ki, həmin gün qardaşı Səxavət İsmayılova zəng edib. Onun sözlərinə görə telefon açılsa da, ardınca dərhal da söndürülüb.
Daha sonra təqsirləndirilən Gülnar Müzəffərova məhkəmənin və vəkillərin suallarını cavablandırıb.
Növbəti proses 28 iyul saat 15:30-a təyin olunub.
Xatırladaq ki,hadisə Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib./Lent.az






