Güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşı Dövlətgəldi Başımov Azərbaycandan ekstradisiya olunub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Türkmənistan Baş Prokurorluğu 1979-cu il təvəllüdlü Dövlətgəldi Nursaxedoviç Başımovun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiyası ilə bağlı vəsatət təqdim edib. Vəsatət Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin olunub.
Bildirilir ki, Dövlətgəldi Başımov Türkmənistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanılması və daşınması cinayətlərini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilib.
O, 2026-cı ilin mart ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Baş Prokurorluq tərəfindən Dövlətgəldi Başımovun ekstradisiyası barədə qərar qəbul edilib.
Daha sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.
Baş Prokurorluq vurğulayıb ki, Azərbaycan ilə Türkmənistan arasında cinayətkarlığa qarşı mübarizə sahəsində hüquqi əməkdaşlıq uğurla davam etdirilir.
E.Məmmədəliyev,
Musavat.com






