İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz boğazı artıq “barıt çəlləyi”nə çevrilir: Qlobal “enerji qapısı" bağlanır, ABŞ-ın yeni planı dünyanı sarsıdacaq

1460 14.07.2026 17:07 Analitika A A

ABŞ-ın Hörmüz boğazı ilə bağlı yeni uzaqgedən planları, İrana qarşı hərbi əməliyyatların bərpa olunması və s. onu göstərir ki, bu regionda daha ağır hərbi eskalasiya qaçılmazdır... Eyni zamanda, ABŞ-ın da Hörmüz boğazından maliyyə gəlirləri ummuş olması bu sərt geopolitik qarşıdurmanın əsas təsirlərinin yalnız Yaxın Şərqlə məhdudlaşmayacağı anlamına gəlir...

Yaxın Şərqdə davam edən hərbi-siyasi böhran tədricən yeni və daha təhlükəli geopolitik qarşıdurma mərhələsinə yaxınlaşır. ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son açıqlaması onu göstərir ki, Ağ Ev artıq yalnız İranın nüvə proqramını və ya hərbi potensialını məhdudlaşdırmağa çalışmır. Belə ki, ABŞ indi həm də dünya enerji təhlükəsizliyinin əsas “qapılar”ından biri olan Hörmüz boğazı üzərində daha effektiv nəzarət mexanizmi qurmağa cəhd göstərir. Və bununla yanaşı, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa etməyə başlaması isə Yaxın Çərqdə genişmiqyaslı savaş riskini daha da artırır.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp bildirib ki, ABŞ artıq bundan sonra, onilliklər ərzində olduğu kimi, Körfəz regionunda təhlükəsizliyi ödənişsiz şərtlərlə təmin etmək niyyətində deyil. Onun sözlərinə görə, ABŞ indiyə qədər Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini qoruyub, ancaq bundan sonra belə önəmli xidmətin maliyyə yükünü təkbaşına daşımaq istəmir. Ağ Ev sahibinin fikrincə, ABŞ Hörmüz boğazının təhlükəsizliyini təmin edə, hətta onun idarə olunmasında da birbaşa rol oynaya bilər. Ancaq ABŞ bu strateji dəniz yolunun "qoruyucusu" olmasının müqabilində onun istifadəçilərindən kompensasiya almaq niyyətindədir. Yəni, xüsusilə də, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi dövlətlər ABŞ-ın təhlükəsizlik xərclərinin maliyyələşdirilməsində fəal iştirak etməlidirlər.

24acd781-b002-4e38-aaa7-76acbcebbb62.jpg (237 KB)

Məsələ ondadır ki, Ağ Ev sahibi beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üzrə xidmətin əvəzinin alınmasını tamamilə ədalətli hesab edir. Bu yanaşma, Tramp administrasiyasının qlobal təhlükəsizlik siyasətində son illərdə formalaşdırdığı yeni prinsiplə – təhlükəsizlik xidmətinin maliyyə baxımından, müttəfiqlərlə bölüşdürülməsi iddiası ilə üst-üstə düşür. Ancaq Hörmüz boğazı beynəlxalq dəniz yollarından biridir və onun istifadəsi BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində tənzimlənən mürəkkəb hüquqi prosedurlara söykənir. Ona görə də, hər hansı dövlətin bu boğaz üzərində birtərəfli nəzarət və ya ödəniş mexanizmi tətbiq etməsi yalnız geopolitik deyil, həm də qlobal hüquqi ziddiyyətlərə də səbəb ola bilər.

Bütün bunlara paralel olaraq, ABŞ mediasında yayılan məlumatlara görə, prezident Donald Tramp Konqresi İrana qarşı hərbi əməliyyatların yenidən başlanması barədə rəsmi şəkildə məlumatlandırıb. O da vurğulanır ki, Konqresə göndərilən bildirişdə ABŞ Silahlı Qüvvələrinin artıq İran ərazisinə "müdafiə xarakterli zərbələr" endirdiyi qeyd olunub. Bununla yanaşı, Ağ Ev yeni hərbi əməliyyatların miqyası, məqsədləri və davametmə müddəti barədə hələlik geniş məlumat açıqlamağa həvəs göstərmir.

2173fcf0-a748-45f8-9c46-d3c238d85b3a.jpg (146 KB)

Belə anlaşılır ki, Tramp administrasiyası İranın son aylarda yürütdüyü güzəştsiz siyasəti, uğursuz siyasi-diplomatik proseslərin nəticəsi kimi qəbul edir. Ağ Evdə artıq hesab edirlər ki, İranla aparılan danışıqlar rəsmi Tehranın gözlənilən addımları atmaması səbəbindən nəticəsiz qalıb və mövcud vəziyyət indi yeni yanaşma tələb edir. Eyni zamanda, prezident Donald Tramp özündən əvvəlki ABŞ liderlərini İranın güclənməsinə şərait yaratmaqda ittiham edir. Ağ Ev sahibinin fikrincə, hazırkı siyasətin əsas məqsədi rəsmi Tehranın hərbi və siyasi potensialını ciddi şəkildə zəiflətməkdir. Və bütün bunlar ABŞ-ın Yaxın Şərq regionunda siyasi-diplomatik təzyiqdən, daha sərt güc siyasətinə keçmək niyyətini də biruzə verir.

Digər tərəfdən, Hörmüz boğazının geopolitik əhəmiyyəti isə bu hərbi-siyasi qarşıdurmanı daha da təhlükəli istiqamətlərə yönəldir. Çünki dünya üzrə ixrac olunan xam neftin təxminən beşdə biri, mayeləşdirilmiş təbii qazın isə böyük hissəsi məhz bu boğaz vasitəsilə qlobal bazarlara çatdırılır. Ona görə də, bu su hövzəsində yaranacaq istənilən hərbi gərginlik dərhal enerji bazarlarında qiymətlərin sürətlə artmasına, beynəlxalq logistika marşrutlarının pozulmasına və qlobal iqtisadiyyatda yeni böhran dalğasına səbəb ola bilər.

13bb04c2-5539-4575-b3ec-33e1f30110b8.jpg (241 KB)

Bu baxımdan, Qərb siyasi dairələrində də belə qənaətlər yaranıb ki, ABŞ-ın əsas məqsədi yalnız İranı hərbi baxımdan, zəiflətmək deyil. Yəni, Ağ Ev eyni zamanda, dünya enerji axınlarının təhlükəsizliyində əsas söz sahibinə çevrilmək, Körfəz ölkələrinin təhlükəsizlik sistemini tam şəkildə öz nəzarətində saxlamaq və İranın Yaxın Şərqdə təsir imkanlarını minimuma endirmək niyyəti güdür. Bütün bunlar həm də onu göstərir ki, artıq tədricən Yaxın Şərqdə yeni geopolitik reallıqlar formalaşmağa başlayıb. Və ABŞ artıq bu regionda yalnız hərbi güc mərkəzi kimi deyil, həm də enerji marşrutlarının təhlükəsizlik operatoru rolunda da çıxış etməyə cəhd göstərir.

Göründüyü kimi, hazırda Yaxın Şərqdə baş verən proseslər son illərin ən təhlükəli geopolitik qarşıdurmasına çevrilmək üzrədir. ABŞ-ın Hörmüz boğazı ilə bağlı yeni uzaqgedən planları, İrana qarşı hərbi əməliyyatların bərpa olunması və s. onu göstərir ki, bu regionda hərbi eskalasiya qaçılmazdır. Eyni zamanda, ABŞ-ın da Hörmüz boğazından maliyyə gəliri ummuş olması bu sərt geopolitik qarşıdurmanın əsas təsirlərinin yalnız Yaxın Şərqlə məhdudlaşmayacağı anlamına gəlir. Çünki bu, həm beynəlxalq enerji bazarında, həm də qlobal təhlükəsizlik sistemində ciddi təlatümlər yarada bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR