İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşadan dünyaya ünvanlanan bu mesajlar göstərdi ki...” - VACİB DETALLAR

315 14.07.2026 16:21 Siyasət A A

İyulun 13-14-də dünyanın gözü qədim Azərbaycan şəhəri Şuşada idi. IV Şuşa Qlobal Media Forumu ən yüksək səviyyədə təşkil olundu. Xüsusilə, diqqətlər daha çox qalib dövlətin rəhbərinin, yəni Prezident İlham Əliyevin üzərində idi. Ölkə başçısının etdiyi 2 saata yaxın çıxışda verdiyi hər bir mesaj daxildə və xaricdə gündəmin əsas mövzularından birinə çevrildi. Prezident bu çıxışı ilə nəinki təkcə tədbirdə iştirak edən qonaqlara, bütövlükdə bütün dünyaya ölkəsinin beynəlxalq gündəmin formalaşmasında əsas söz sahiblərindən birinə çevrildiyini qətiyyətlə nümayiş etdirdi.

WxkDvsK73hrclxx9BamhasbE4ILX5TR2Pz45cVKo_1200.jpg (59 KB)

Azərbaycan parlamentinin üzvü Elnarə Akimova Musavat.com-a bildirib ki, Forumda Prezidentin çıxışı mahiyyət etibarilə Azərbaycanı yeni geosiyasi reallıqlar fonunda necə gördüyünü, hansı prinsiplərlə hərəkət etdiyini və gələcəyini hansı strateji hədəflər üzərində qurduğunu ortaya qoyan mühüm siyasi manifest idi:

“Şuşadan dünyaya ünvanlanan bu mesajlar bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq prosesləri kənardan izləyən deyil, regional və qlobal gündəliyin formalaşmasında söz sahibi olan dövlət kimi çıxış edir. Dövlət başçımızın çıxışının əsas məğzi Azərbaycanın milli maraqlara söykənən müstəqil siyasətinin dönməz xarakter daşıdığını nümayiş etdirməsi idi. Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünü yaşayır. Yeni güc mərkəzləri yaranır, ənənəvi ittifaqlar sınaq qarşısındadır, münaqişələr və iqtisadi rəqabət dünya nizamını yenidən formalaşdırır. Belə mürəkkəb şəraitdə Azərbaycanın seçdiyi yol nə hansısa blokun tərkib hissəsi olmaq, nə də geosiyasi qarşıdurmaların alətinə çevrilməkdir. Azərbaycanın əsas üstünlüyü məhz öz qərarlarını özü verən, milli maraqlarını xarici təsirlərdən üstün tutan müstəqil dövlət kimi formalaşmasıdır.

AKİMOVA.jpg (36 KB)

Bu gün ölkəmizin beynəlxalq nüfuzu artıq yalnız enerji resursları ilə ölçülmür. Azərbaycan etibarlı tərəfdaş, mühüm tranzit mərkəzi, enerji təhlükəsizliyinin təminatçısı və regional sabitliyin əsas dayaqlarından biri kimi qəbul olunur. Prezidentin çıxışında "orta güc" anlayışına verdiyi siyasi məna da məhz bunun ifadəsi idi. Bu status hərbi qüvvənin və ya iqtisadi potensialın statistik göstəricisi deyil. Bu, dövlətin beynəlxalq qərarlara təsir etmək, etimad yaratmaq, təşəbbüs irəli sürmək və müxtəlif geosiyasi qütblər arasında etibarlı tərəfdaş kimi qəbul olunmaq qabiliyyətidir. Azərbaycan son illərdə qazandığı uğurlarla bu mövqeyi praktik fəaliyyətində təsdiqləyib”.

Deputat deyib ki, Şuşadan verilən mesajların mühüm istiqamətlərindən biri də xarici siyasətdə praqmatizmin üstün tutulması idi:

“Prezident İlham Əliyev açıq şəkildə nümayiş etdirdi ki, Azərbaycan heç bir dövlətlə qarşıdurma axtarmır, lakin heç bir təzyiq qarşısında da geri çəkilməyəcək. Avropa təsisatlarına, Fransa rəhbərliyinə və ikili standartlara yönəlmiş tənqidlər emosional ritorikadan deyil, konkret faktlardan qaynaqlanırdı. Eyni zamanda dövlət başçısının Fransa ilə münasibətlərdə yeni mərhələnin başlaya biləcəyini bildirməsi onu göstərir ki, Azərbaycan üçün əsas meyar qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqdır. Bu yanaşma ölkəmizin diplomatiyasının çevikliyini və siyasi yetkinliyini nümayiş etdirir. Çıxışın diqqətçəkən cəhətlərindən biri də Azərbaycanın beynəlxalq münasibətlərdə körpü rolunun daha geniş miqyasda təqdim olunması idi. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri, enerji marşrutları və logistika imkanları artıq yalnız iqtisadi layihələr deyil, qlobal təhlükəsizlik və əməkdaşlıq arxitekturasının mühüm elementinə çevrilib. Dünya böyük geosiyasi sarsıntılar yaşadığı bir vaxtda Azərbaycanın sabitlik adasına çevrilməsi təsadüfi deyil. Bu, uzun illər ardıcıl həyata keçirilən dövlət siyasətinin nəticəsidir.

İlham Əliyevin çıxışında Türk dünyasına verilən önəm də xüsusi diqqət çəkirdi. Azərbaycan-Türkiyə müttəfiqliyi artıq iki dövlət arasındakı münasibətlər çərçivəsini çoxdan aşıb. Bu model bütövlükdə regionda təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və siyasi həmrəyliyin əsas sütunlarından birinə çevrilib. Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi Orta Dəhlizin strateji əhəmiyyətini artırmaqla yanaşı, türk coğrafiyasının vahid iqtisadi və nəqliyyat məkanına çevrilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir.

Prezidentin ABŞ, Çin və Avropa ilə münasibətlərə dair səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu yeni məzmunla davam etdirir. Müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş statusunu qorumaq, eyni zamanda milli maraqları güzəştə getmədən əməkdaşlıq imkanlarını genişləndirmək müasir Azərbaycan diplomatiyasının əsas fəlsəfəsidir. Bu siyasət ölkəyə beynəlxalq etimad qazandırmaqla yanaşı, onun geosiyasi çəkisini də əhəmiyyətli dərəcədə artırır. Çıxışın mühüm ideoloji istiqamətlərindən biri də informasiya mübarizəsi və milli həmrəylik məsələsi idi. Müasir dövrdə müharibələr təkcə səngərlərdə aparılmır. İnformasiya məkanı, ictimai rəy, rəqəmsal platformalar və ideoloji təsir vasitələri də dövlətlərin təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin gənclərə ünvanladığı çağırışlar da məhz milli kimliyin qorunmasına, vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə və Azərbaycançılıq ideologiyasının gələcək nəsillərə ötürülməsinə hesablanmış strateji mesaj idi.

Şuşanın bu forum üçün seçilməsi də dərin siyasi və mənəvi məna daşıyır. Bir vaxtlar işğalın rəmzinə çevrilən şəhər bu gün beynəlxalq dialoqun, media əməkdaşlığının və qlobal siyasi müzakirələrin aparıldığı nüfuzlu məkana çevrilib. Bu faktın özü Azərbaycanın son illərdə keçdiyi yolun ən parlaq göstəricilərindən biridir. Şuşa artıq yalnız mədəniyyət paytaxtı deyil, həm də Azərbaycanın siyasi iradəsinin, Zəfərinin və beynəlxalq nüfuzunun simvoludur. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan öz gələcəyini təsadüflərin deyil, dəqiq hesablanmış dövlət strategiyasının üzərində qurur. Bu strategiyanın əsasında güclü dövlətçilik, milli birlik, iqtisadi dayanıqlılıq, müasir ordu, fəal diplomatiya və müstəqil qərarvermə prinsipi dayanır. Məhz buna görə Şuşadan səslənən mesajlar təkcə bugünkü siyasi gündəliyin şərhi kimi deyil, həm də Azərbaycanın qarşıdakı onilliklər üçün inkişaf kursunu müəyyənləşdirən siyasi baxışın konseptual ifadəsi kimi tarixə düşəcək”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR