Azərbaycanın ən savadlı, perspektivli tibb məzunlarının böyük bir hissəsi diplom alan kimi uzmanlıq (rezidentura) təhsili üçün Türkiyəyə üz tutur. İllərdir davam edən bu axın gənclərimiz üçün həm keyfiyyətli təcrübə, həm də parlaq gələcək vədi idi. Lakin son günlər qardaş ölkədə xarici rezident həkimlərin (yabancı uyruklu asistan hekimler) maaş tənzimləmələri ilə bağlı qəbul edilən yeni qərarlar və gözlənilən qanun layihələri böyük bir təşviş dalğası yaradıb.
Türkiyə mediasında gedən müzakirələrə görə, yeni qaydalar xarici uzmanlıq tələbələrinin onsuz da məhdud olan maddi təminatlarını daha da çətinləşdirir. Bir çox xəstəxanalarda xarici asistanların əlavə ödənişlərinin kəsilməsi və ya maaşlarının simvolik bir minimum həddə endirilməsi gündəmdədir. Bu isə o deməkdir ki, gecə-gündüz növbədə duran, ağır iş qrafiki ilə çalışan gənclərimiz öz dolanışıqlarını təmin edə bilməyəcək və tamamilə ailələrindən asılı vəziyyətə düşəcəklər.

Sosial şəbəkədə həyəcan təbili çalan pediatr Vaqif Qarayevin bu qeydləri isə problemin ailələr üçün necə ağır yükə çevriləcəyini açıq şəkildə gözlər önünə gətirir:
"Bizim nisbətən yaxşı oxuyan tibb tələbələrimiz diplomu alan kimi daha yaxşı həkim olmaq üçün Türkiyəyə gedirlər. Uzmanlıq oxumaq üçün. Niyə bu qədər axın var, o başqa söhbətin mövzusudur. İndi sosial şəbəkələrdəki paylaşımlardan məlum olur ki, Türkiyə hökuməti yeni qanun qəbul edəcək və uzmanların əmək haqqı kəsiləcək, ya da minimal bir məbləğ verəcəklər. Bütün valideynlər uzmanlıq təhsilinin sonuna kimi övladlarını orada oxuda biləcəklərmi? İnanmıram. Məncə, hökumətlərarası razılaşma olmalıdır ki, gənclərimiz peşman olmasın..."
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:" Azərbaycanlı tələbələrin böyük əksəriyyəti tibb təhsili almaq üçün xarici ölkələrə, xüsusilə də qardaş Türkiyəyə üz tutur. Bunun arxasında dil baryerinin olmaması, yaşayış və təhsil imkanlarının daha rahatlığı, həmçinin qardaş ölkədə tibb təhsilinin səviyyəsinin kifayət qədər yüksək olması kimi mühüm amillər dayanır.

Gənc həkimlərin rezidentura pilləsi üçün xaricə meyil etməsinin əsas səbəblərindən biri də orada aldıqları məvacibdir. Bu ödənişlər təhsil alanların gündəlik ehtiyaclarını qarşılamağa tam yetir və onlara ailədən maddi asılılığı olmadan, müstəqil şəkildə karyera qurmaq imkanı verir. Türkiyədə verilən bu təqaüdlər Avropa səviyyəsində olmasa da, indiyə qədər kifayət qədər qənaətbəxş idi.
Lakin son məlumatlara görə, Türkiyə hökuməti rezidentlərin ödənişlərini azaltmağı planlaşdırır. Şübhəsiz ki, bu qərar tələbələrin və gənc həkimlərin həyat keyfiyyətinə, eləcə də təhsil prosesinə mənfi təsir göstərəcək. Hətta maddi imkanı zəif olan ailələrin övladları təhsillərini yarımçıq qoymaq məcburiyyətində qala bilərlər:.
Həkim hesab edir ki, bu vəziyyətdən ən uğurlu çıxış yolu məsələnin dövlətlərarası münasibətlər çərçivəsində müzakirə edilməsidir:"Türkiyə hökuməti bu qərarı ümumi şəkildə bütün xarici tələbələrə şamil etsə də, Azərbaycan üçün xüsusi bir istisnanın tətbiq olunması danışıqlar mövzusu ola bilər. Ölkələrimiz arasındakı tarixi yaxınlıq və sıx əməkdaşlıq bu problemin müsbət həll olunacağına ümid yaradır".
Afaq Mirayiq,
Musavat.com






