İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin şirkətləri Azərbaycana gəlir - HARA?

2046 14.07.2026 16:53 İqtisadiyyat A A

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Çin Xalq Respublikası ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf dinamikasına toxunaraq onu müsbət qiymətləndirib. O bildirib ki, ötən il Çinə həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə Azərbaycan-Çin münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu sənədin imzalanmasından sonra iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat, logistika və digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.


Picture background

Dövlət başçısı bildirib ki, Azərbaycan Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir və ötən il əldə olunmuş razılaşmalar artıq konkret nəticələr verməyə başlayıb: “Ötən il mənim Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələrdə addımlar atılmağa başlandı. Biz bundan çox məmnunuq, buna böyük əhəmiyyət veririk”. Prezident qeyd edib ki, əməkdaşlığın ən mühüm göstəricilərindən biri Çin şirkətlərinin Azərbaycana marağının artmasıdır. Onun sözlərinə görə, hazırda əvvəlki illərlə müqayisədə daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu isə investisiya imkanlarının genişlənməsinə, yeni layihələrin həyata keçirilməsinə və iqtisadi əlaqələrin daha da dərinləşməsinə töhfə verir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Çinlə münasibətləri yalnız iqtisadi sahə ilə məhdudlaşdırmır. İki ölkə arasında siyasi dialoq, nəqliyyat-logistika marşrutlarının inkişafı, ticarət dövriyyəsinin artırılması və müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi strateji tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir.

Ekspertlər hesab edirlər ki, Bakı ilə Pekin arasında əməkdaşlığın genişlənməsi Azərbaycanın Orta Dəhliz layihəsində rolunu daha da gücləndirir. Çin şirkətlərinin ölkədə fəaliyyətinin artması isə nəqliyyat infrastrukturu, sənaye, yüksək texnologiyalar, enerji və istehsal sahələrində yeni investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.

Çinlə iqtisadi əlaqələrin dərinləşməsi Azərbaycan itisadiyyatı üçün mühüm texnoloji yeniliklər, müasir texnologiyaların tətbiqi üçün geniş imkanlar açır. Çin hazırda istehsal texnologiyalarının inkişafı baxımından sürətlə irəliləyən ölkələrdən biridir. Müasir İT texnologiyalarının tətbiqi, alternativ enrji, süni intelllekt və rəqəmsal iqtisadiyyat sahəsində Çinin lider mövqeyə yüksəlməsi müşahidə olunur. Bu baxımdan, müxtəlif sahələrdə Çin şirkətləri ilə birgə həyata keçirilən layihələr Çinin müasir texnologiyalarının Azərbaycan iqtisadiyyatına cəlb olunması üçün geniş imkanlar açır.

Rəsmi məlumata əsasən hazırda Azərabaycanda hazırda 370-dən çox Çin şirkəti fəaliyyət göstərir. Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon ABŞ dollarını ötüb. Ölkələr arasında əməkdaşlıq sahələri arasında ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi ənənəvi istiqamətlərlə yanaşı, tərəflər rəqəmsal iqtisadiyyat, yaşıl enerji və süni intellekt kimi sahələr üstünlük təşkil edir. İki ölkə arasında rəqəmsal iqtisadiyyat sahəsində investisiya, ağıllı logistika, “əşyaların interneti”, sənaye rəqəmsallaşması, texnoloji innovasiya və kadr mübadiləsi üzrə bir sıra Anlaşma Memorandumları imzalanıb.

İşğaldan azad olunmuş ərazilərdə ağıllı iqtisadiyyatın qurulması sahəsində Çin şirkətləri, xüsusilə də Huawey şirkəti ilə əməkdaşlıq həyata keçirilir. Ötən ilin payızında Çinin alternativ enerji sahəsində ən böyük şirkətlərindən biri olan “China Datang Corporation Ltd.”nin böyük nümayəndə heyəti Azərbaycana gəlib. Şirkətin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini Prezident İlham Əliyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov qəbul edib. Nazirin verdiyi məlumata görə, əsas müzakirə mövzusu Çin şirkəti ilə birlikdə yaşıl enerji parkının yaradılması olub.

Eyni vaxtda China Export & Credit Insurance Corporation” (Sinosure) və “Sinosteel Equipment & Engineering Co., Ltd” (Sinosteel) şirkətləri ilə Daşkəsən dəmir filizi yatağı əsasında böyük metallurgiya klasterinin yaradılması sahəsində əməkşdaşlıq edilir.

Qeyd edək ki, “Sinosure” Çin Xalq Respublikasının ixrac-sığorta agentliyi, “Sinosteel” isə mədənçilik, emal və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Şirkət Şəmkir rayonunda illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşasında tərəfdaş qismində çıxış edir. Layihənin ümumi dəyəri 800 milyon dollardır. Bu vəsaitlərin xarici kreditorlar tərəfindən təmin olunmasında “Sinosure” şirkətinin təminatından da istifadə ediləcək.

Azərbaycanda Çin sərmayəsi ilə icra olunan layihələrdən biri də elektrikli avtobus istehsalıdır. Çinin “BYD Company Limited” (BYD) şirkəti ötən ildən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı zavodunu işə salıb. İnvestisiya həcmi 34 milyon dollar olan layihə çərçivəsində ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Layihədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edir. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətinə məxsus “Electrify Azerbaijan”dır.

Zavodda daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 300 ədəd olması nəzərdə tutulur.

Açıqlanan məlumata görə, BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Şirkət gələcəkdə elektriklə işləyən yüngül yük maşınlarının, kommunal xidmətlər üçün elektrik maşınlarının və elektrikli minik avtomobillərinin istehsalı üzrə əməkdaşlıq etməyi hədəfləyir. Ümumilikdə, Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.

Bu ilin əvvəlində Çin şirkəti tərəfindən inşa edilmiş "Xızı-Abşeron" külək elektrik stansiyası istismara verilib. Bu, Cənubi Qafqazda ən böyük külək enerjisi layihəsidir.

Bundan əlavə, Azərbaycan Xəzər dənizində yaşıl enerji istehsalı sahəsində nəzərdə tutulan çoxmilyardlıq layihələrdə Çin şirkətləri ilə işləməyə hazırlaşır. Bu istiqamətdə artıq bir sıra addımlar atılıb.


Picture background

Nəhayət, Azərbaycan Çinin həyata keçirdiyi qlobal “Bir Kəmər-Bir Yol” layihəsinin iştirakçısıdır. Pekin Avropaya ticarət daşımalarında riskləri azaltmaq üçün bir neçə istiqamətdə nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləyir. Bu istiqamətlər arasında Orta dəhliz – Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstün-Türkiyə marşrutu da var. Son iki ildə Çin bu dəhlizlə yükdaşımaları kəskin artırıb. Ölkənin dəmiryolları Azərbaycandakı analoji qurumla – ADY ilə əlaqələri sürətlə genişləndirir. Ölkələr arasında ticarət əlaqələri böyük sürətlə artmaqdadır. Ötən il ilk dəfə Çin Azərbaycanın idxalında birinciliyə yüksəlib. Rəsmi statistikaya əsasən 2025-ci ildə Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 4,874 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 1,1 milyard dollar və ya 30,2 faiz artım deməkdir. Ötən il Azərbaycandan Çinə 84,362 milyon dollar dəyərində məhsul ixrac olunub, bu da 2024-cü illə müqayisədə 4,3 dəfə çoxdur. Eyni zamanda Çindən Azərbaycana 4,790 milyard dollar dəyərində idxal həyata keçirilib ki, bu da 28,6 faiz artım deməkdir.

Qarşılıqlı ticarətdə artım dinamikası bu il də davam edir. Belə ki, bu ilin yanvar-may aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 1,8 milyard dollara çatıb. Bu göstərici illik müqayisədə 4 faiz çoxdur. Hesabat dövründə ölkədən Çinə ixrac 48,7 milyon dollar təşkil edib. Azərbaycanın Çindən idxalının dəyəri isə 1,8 milyard dollar olub. İllik ifadədə Çinə ixracımız(2025-ci ilin yanvar-mayında 35 milyon dollar) 39,1 faiz, idxalımız isə (1 milyard 726,2 milyon dollar) 3,2 faiz artıb.

Onu da bildirək ki, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR