Türkiyənin həm NATO və Qərb strukturlarında, həm də müstəqil regional siyasət yürüdən ölkə olaraq, ümumiyyətlə, qlobal məkanda əhəmiyyəti böyük sürətlə artır... Ona görə də, qarşıdakı dövrlərdə NATO-nun gələcək taleyi yalnız bu alyansın hərbi imkanlarından deyil, həm də Türkiyənin qurum daxilində siyasi tarazlıq yaratmaq bacarığından asılı olacaq...
Tramp administrasiyası və ABŞ-ın Avropa Birliyini təmsil edən müttəfiqləri arasında siyasi böhran dərinləşir, bu isə hətta NATO-nun gələcək taleyini belə, şübhə altına salır. Belə ki, Ağ Ev və ABŞ-ın Avropa üzrə ənənəvi müttəfiqləri arasındakı siyasi-ideoloji qarşıdurma artıq siyasi-diplomatik çərçivədən kənara çıxmağa başlayıb. İndi bu qarşıdurma tədricən NATO-nun gələcək strateji kursu ilə bağlı ziddiyyətli suallar doğuran qəliz mərhələyə keçməkdədir. Yəni, Ağ Ev və Avropa paytaxtları arasında dərunləşən ziddiyyətlər bu hərbi-siyasi alyansın daxilində vahid mövqenin qorunmasını getdikcə, daha da çətinləşdirir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın bəzi Avropa ölkələrinin liderləri ilə bağlı sərt açıqlamaları transatlantik münasibətlərdə də yeni qarşıdurma dalğası yaradıb. Xüsusilə də, İtaliyanın baş naziri Ciorcia Meloni ilə bağlı yaşanan son qalmaqal ABŞ-Avropa Birliyi münasibətlərində mövcud olan dərin siyasi fikir ayrılıqlarını növbəti dəfə qabarıq şəkildə üzə çıxartdı. Belə ki, Ağ Ev sahibi Donald Tramp G7 sammitində İtaliyanın baş naziri Ciorcia Meloninin onunla görüşmək və birgə foto çəkdirmək üçün yalvardığını iddia edib.

Ancaq Ağ Ev sahibinin bu qalmaqallı açıqlamaları İtaliyanın siyasi dairələri tərəfindən sərt reaksiya ilə qarşılanıb. Xüsusilə də, baş nazir Ciorcia Meloni prezident Donald Trampın bu iddialarını uydurma adlandırıb. İtaliya baş naziri bildirib ki, nə özü, nə də ölkəsi heç vaxt ABŞ qarşısında xüsusi münasibət və ya dəstək tələb edən tərəf olmayıb. Və italyan baş nazirin bu narazı açıqlaması Ağ Ev sahibinin davranışları ilə bağlı Avropa liderləri arasında artan narahatlığın da önəmli göstəricisi kimi qəbul olunur.
Məsələ ondadır ki, əslində, bu qalmaqalın arxasında yalnız iki dövlət lideri arasındakı şəxsi ziddiyyətlər dayanmır. Bu məsələ daha geniş mənada, ABŞ-ın NATO daxilində liderlik modeli, Avropa məkanının təhlükəsizlik sistemində Ağ Evin hərbi gücünə bağlılıq və müttəfiqlərin qlobal siyasətdə rol bölgüsü ilə də birbaşa bağlıdır. Prezident Donald Tramp uzun müddətdir ki, Avropa ölkələrinin ABŞ-ın hərbi imkanlarından faydalandığını, ancaq Ağ Evin strateji maraqları üçün kifayət qədər məsuliyyət daşımadığını qabardır. Onun fikrincə, NATO üzvləri artıq təhlükəsizlik təminatçısı kimi yalnız ABŞ-a güvənməməli, həm də bu hərbi-siyasi alyansın yükünü bölüşməlidirlər.
Təbii ki, Ağ Ev sahibinin bu sərt mövqeyi Avropa məkanında qətiyyən birmənalı qarşılanmır. Belə ki, bəzi Avropa dövlətləri ABŞ-ın qlobal liderliyinin vacibliyini qəbul etsələr də, Ağ evin xarici siyasətdə daha sərt və birtərəfli qərarlar qəbul etməsindən ciddi şəkildə narahatdırlar. Xüsusilə də, Yaxın Şərq regionundakı hərbi-siyasi proseslər, Ukrayna müharibəsi və qlobal təhlükəsizlik strategiyası ətrafında ABŞ və Avropa Birliyi ölkələri arasında olduqca ciddi fikir ayrılıqları mövcuddur.

Maraqlıdır ki, İtaliya ilə yanaşı, Almaniya, Fransa, İspaniya, Danimarka və bəzi digər Avropa ölkələrinin də ABŞ ilə qarşılıqlı münasibətləri əvvəlki illərlə müqayisədə daha mürəkkəb xarakter alıb. Belə ki, Avropa ölkələri bir tərəfdən, ABŞ-ın hərbi və siyasi dəstəyinə ehtiyac duyurlar, digər tərəfdən isə strateji baxımdan, daha müstəqil strateji xətt formalaşdırmağa çalışırlar. Bu vəziyyət isə NATO-nun daxili balansına birbaşa neqativ təsir göstərir. Halbuki, “soyuq müharibə” dövründən sonra NATO-nun əsas dayağı məhz ABŞ-ın siyasi və hərbi liderliyi olub. Ancaq indiki mərhələdə Ağ Evin öz müttəfiqlərdən daha çox hərbi-siyasi öhdəlik tələb etməsi, Avropa ölkələrinin isə təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə etməyə başlaması alyans daxilində yeni qəliz situasiya yaradır.
Bütün bunlara paralel olaraq, Türkiyənin həm NATO daxilində, həm də qlobal məkanda hərbi-siyasi rolunun ciddi şəkildə artması da xüsusi diqqət çəkir. Belə ki, rəsmi Ankara son illərdə NATO daxilində fərqli mövqeyə malik əsas qlobal aktorlardan birinə çevrilib. Türkiyə hazırda həm ABŞ ilə strateji əlaqələrini qoruyur, həm də Avropa ölkələri ilə də siyasi dialoqu davam etdirir. Eyni zamanda, rəsmi Ankara Rusiya və digər regional güclərlə münasibətlərdə də Türkiyənin maraqlarına uyğun müstəqil xarici siyasət kursu yürüdür.
Məhz elə bu səbəblərdən də NATO-nun Türkiyədə keçiriləcək növbəti yüksəksəviyyəli sammiti hazırda bu hərbi-siyasi alyans üçün olduqca böyük siyasi əhəmiyyət daşıyır. Çünki Ağ Ev sahibi Donald Trampın həmin toplantıda iştirakı artıq yalnız ABŞ-ın alyans çərçivəsindəki formal öhdəlikləri ilə izah olunmur. Belə ki, ABŞ prezidenti NATO-nun Ankara sammitinə məhz prezident Rəcəb Tayyib Ərdoğanı məmnun etmək üçün qatılacağını açıq mətnlə bəyan edib. Yəni, bu məsələdə rəsmi Ankaranın qlobal məkanda artan siyasi-diplomatik nüfuzu və Türkiyənin NATO daxilində tənzimləyici orbitr rolunu ciddi şəkildə gücləndirməsi də önəmli faktor kimi diqqəti çəkir.

Məsələ ondadır ki, Türkiyə son dövrlərdə qlobal məkanda yalnız hərbi tərəfdaş deyil, həm də siyasi böhranların həllində nizamlayıcı aktor kimi də davranır. Bu baxımdan, Ukrayna müharibəsi, Qara dəniz hövzəsində təhlükəsizlik, Yaxın Şərqdəki hərbi-siyasi böhran və NATO daxilində ziddiyyətlər rəsmi Ankaranın siyasi-diplomatik manevr imkanlarını daha da artırır. Ancaq NATO-nun qarşısında duran əsas problem yalnız xarici hərbi rəqiblərlə bağlı deyil. Belə ki, bu hərbi-siyasi alyansın daxilində yaranan siyasi mövqe fərqləri yaxın gələcək üçün daha ciddi neqativ proseslər üçün münbit şərait yara bilər.
Belə anlaşılır ki, əgər, ABŞ-ın "daha çox məsuliyyət və daha çox dəstək" tələbi ilə Avropa Birliyi ölkələrinin "strateji muxtariyyət" axtarışı arasında tarazlıq nöqtələri tapılmazsa, onda, transatlantik əməkdaşlıq məkanı yeni hərbi-siyasi böhranlarla da üzləşə bilər. Bu baxımdan, hesab etmək olar ki, hazırda NATO öz mövcudluq tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır. Çünki Rusiya ilə qarşıdurma, Yaxın Şərqdə qeyri-sabitlik, Çin faktorunun daha da güclənməsi və qlobal güc balansının ciddi şəkildə dəyişməsinə paralel olaraq, bu hərbi-siyasi alyansın daxilində vahid mövqe məsələsi indi əsas strateji problemə çevrilir.
Göründüyü kimi, belə bir şəraitdə Türkiyənin həm NATO və Qərb strukturlarında, həm də müstəqil regional siyasət yürüdən ölkə olaraq, ümumiyyətlə, qlobal məkanda əhəmiyyəti böyük sürətlə artır. Ona görə də, qarşıdakı dövrlərdə NATO-nun gələcək taleyi yalnız bu alyansın hərbi imkanlarından deyil, həm də rəsmi Ankaranın qurum daxilində siyasi kompromis yaratmaq bacarığından asılı olacaq. Və bu baxımdan, məhz Türkiyə hazırda NATO-nun gələcək taleyini təyin edə biləcək əsas qlobal güc mərkəzinə çevrilməyə başlayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu







