ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı yenidən hərbi əməliyyatlara başladığını və çərşənbə axşamına keçən gecə bu ölkəyə çox güclü zərbələr endirəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə radio aparıcısı Hyu Hyuittə müsahibəsində bildirib.
"Biz onlara çox güclü zərbələr endirməyə hazırlaşırıq. Və bu zərbələri sabah (bu gecə - red.) vuracağıq", — deyə Tramp qeyd edib. O, həmçinin ABŞ-nin hazırkı İran hakimiyyətinin nümayəndələrini likvidasiya edə biləcəyini də iddia edib.
Ağ Ev rəhbəri İranla iyun ayında imzalanmış anlaşma memorandumunun Tehran üçün sadəcə bir sınaq olduğunu, lakin onların etibarsız tərəfdaş çıxaraq bu sınaqdan keçə bilmədiklərini vurğulayıb.
"The New York Times" qəzetinin yaydığı məlumata görə, prezident administrasiyası İrana qarşı hərbi əməliyyatların bərpa olunduğu barədə Konqresi rəsmən məlumatlandırıb. Konqres daha əvvəl əməliyyatların dayandırılmasını və ya davam etdirilməsi üçün rəsmi icazə alınmasını tələb etsə də, Ağ Ev Trampın baş komandan kimi əlavə təsdiq olmadan hərəkət etmək səlahiyyətinə malik olduğunu israr edir.
Xatırladaq ki, son günlər Hörmüz boğazında İranın kommersiya gəmilərinə atəş açması regionda gərginliyi yenidən pik həddə çatdırıb.
Musavat.com






