İranın üç mühüm bölgəsində güclü partlayışlar: Bəndər-Abbas, Buşir və Kiş adası vurulur
ABŞ ordusunun İrana qarşı başlatdığı genişmiqyaslı hava hücumlarının üçüncü dalğasında strateji hədəflər vurulur. İran mediasının yaydığı son məlumatlara görə, ölkənin Bəndər-Abbas və Buşir şəhərlərində, həmçinin Fars körfəzində yerləşən strateji Kiş adasında güclü partlayışlar qeydə alınıb.
Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, İrana məxsus hərbi obyektlərə zərbələr Bəhreyn ərazisindən endirilib. Bildirilir ki, ABŞ Silahlı Qüvvələri Bəhreyndə yerləşdirilən "M142 HIMARS" yaylım atəşli raket sistemlərindən istifadə edərək İran ərazisinə "ATACMS" operativ-taktiki ballistik raketləri atıb.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etmək və İranın hücum potensialını zəiflətmək məqsədilə ardıcıl üçüncü gecədir İrana sarsıdıcı zərbələr endirdiyini bəyan edib. Hazırda bölgədə gərginlik ən yüksək həddə çatıb.
***
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə ardıcıl üçüncü gecədir İrana qarşı hava zərbələri həyata keçirib.
Musavat.com xəbər verir ki, CENTCOM-dan verilən bəyanatda bu zərbələrin İran hərbi qüvvələrinə sarsıdıcı ziyan vurmağa davam edəcəyi bildirilir. Məqsəd Tehranın Hörmüz boğazında mülki vətəndaşlara və kommersiya gəmilərinə qarşı hücum imkanlarını minimuma endirməkdir.
Xatırladaq ki, ABŞ-nin bu hərbi addımları İran hərbi dəniz qüvvələrinin Hörmüz boğazından keçən gəmilərə atəş açmasından və bölgədə dəniz təhlükəsizliyini təhlükəyə atmasından sonra gəlib. ABŞ rəhbərliyi bu hücumların qarşısını qətiyyətlə alacağını bəyan edib.
Musavat.com






