“Qarabağ” FK-nın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək. Azərbaycan millisinin üzvü ilə maraqlanan qardaş ölkənin “Bursaspor” klubu transfer üçün Ağdam komandası ilə razılıq əldə edib.
Bu barədə Musavat.com xəbər verir.
Məlumata görə, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və futbolçunun legioner həyatı yaşamaq istəyi nəzərə alınaraq keçidə razılıq verilib. Türkiyənin köklü klublarından sayılan “Bursaspor”un Toral Bayramovu heyətinə qatmaqda israrlı olması transferin gerçəkləşməsində əsas amillərdən biri olub.
Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Bayramov bu müddətdə 254 oyunda forma geyinib və 37 qola imza atıb. O, Ağdam təmsilçisi ilə birlikdə 5 dəfə Azərbaycan çempionluğu, 2 dəfə isə ölkə kuboku sevinci yaşayıb.
Milli komandada da uğurlu çıxışı ilə seçilən futbolçu Azərbaycan yığmasının heyətində keçirdiyi 40 oyunda 5 qol vurub.
“Qarabağ” FK Toral Bayramova klubun uğurlarında göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni legioner karyerasında uğurlar arzulayıb.
Cavanşir ABBASLI
Musavat.com






