İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkədə baş verən hökumət əleyhinə etiraz aksiyaları zamanı həlak olanların sayı ilə bağlı sensasion rəqəmlər açıqlayıb.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, iğtişaşlar zamanı ümumilikdə 3 117 nəfər həyatını itirib.
Əraqçi qeyd edib ki, həlak olanlar arasında təxminən 200 hüquq-mühafizə orqanı əməkdaşı da var. O, ölənlərin adlarının tam şəffaf şəkildə siyahıya alındığını və ictimaiyyətə təqdim edildiyini bildirib.
İran diplomatiyasının rəhbəri özünün "X" sosial şəbəkəsindəki hesabında beynəlxalq qurumlara və tənqidçilərə müraciət edərək iddialı bir çıxış edib: "Əgər kiminsə bu məlumatların dəqiqliyinə şübhəsi varsa, buyurub hər hansı bir sübut təqdim etsin".
Ekspertlər hesab edir ki, rəsmi Tehranın bu qədər böyük itki sayını etiraf etməsi həm daxili, həm də xarici təzyiqləri azaltmaq, eyni zamanda prosesin nəzarət altında olduğu mesajını vermək məqsədi daşıyır. Buna baxmayaraq, insan hüquqları müdafiəçiləri real rəqəmlərin daha yüksək ola biləcəyindən narahatdırlar.
Musavat.com






