İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai ölkəsinin ABŞ ilə baş tutan müharibədən qalib ayrıldığını və rəsmi Tehranın artıq özünü fövqəldövlət hesab etmək hüququna sahib olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, müharibənin yekunlarını şərh edən XİN rəsmisi İranın iki nüvə silahına malik dövlətlə qarşıdurmadan uğurla çıxdığını vurğulayıb. İran mediasının yaydığı məlumata görə, Baqai bildirib: "İran arxasında bir çox digər ölkələrin də dəstəyi dayanan iki nüvə dövləti üzərində qələbə qazandı. Biz sadəcə şüarlar səsləndirmirik – biz artıq real olaraq bir fövqəldövlətik".
XİN rəsmisi İrandan böyük can və mal itkiləri aparan bu ağır müharibədə bütün çətinliklərə rəğmən qələbəyə nail olduqlarını xüsusi qeyd edib. Düşmənlərin ölkəyə ciddi ziyan vurduğunu gizlətməyən Baqai, "Düşmənlərimiz bizə zərər vurdular, dəyərli canlarımızı əlimizdən aldılar və İrana zərbə endirdilər. Lakin unudulmamalıdır ki, yaralı aslan da elə aslandır", – deyə bəyanatına əlavə edib.
Musavat.com






