İranda etiraz aksiyalarının zorakılıq mərhələsinə keçməsi fonunda rəsmi Tehran son dərəcə sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Tehran şəhərinin prokuroru Əli Salehi iğtişaşlarda və talanlarda iştirak edən şəxslərin ən ağır cəza ilə üzləşəcəyini açıqlayıb.
Prokurorun sözlərinə görə, dövlət bu şəxslərə qarşı “caydırıcı yanaşma” tətbiq edəcək:
“Biz terrorçulara qarşı çəkindirici mövqe tutacağıq. Onlara çıxarılacaq hökm dövlətə qarşı müharibə hökmü olacaq ki, bu da İran qanunvericiliyinə əsasən ölüm cəzası deməkdir”.
Bəyanat, ölkə üzrə etirazların genişləndiyi və təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmaların artdığı bir vaxtda səsləndirilib. İran dövlət televiziyası Tehranda və digər vilayətlərdə baş vermiş iğtişaşların nəticələrini əks etdirən kadrlar yayımlayıb. Görüntülərdə yandırılmış obyektlər, dağıdılmış infrastrukturlar və küçələrdə gərginlik açıq şəkildə əks olunur.
Rəsmi dairələrin bu açıqlaması İranda etirazlara qarşı daha sərt repressiya mərhələsinin başlaya biləcəyinə dair ciddi siqnal kimi qiymətləndirilir.
Musavat.com






