İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tarix yüz ildən sonra Bakıya qayıtdı"

2883 29.06.2026 21:53 Analitika A A

Xəbər verildiyi kimi, bu gündən etibarən Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nə start verilib. Tədbirlər silsiləsi Azərbaycan Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub və iyulun 3-dək davam edəcək.

Tədbirin ikinci günündə moderatorlardan biri də Milli Məclisin deputatı Elnarə Akimova olacaq. Parlamentari təəssüratlarını Musavat.com-la bölüşdü: "Bir əsr əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay parçalanmış türk dünyasının ortaq yaddaşını, dilini, mədəniyyətini və gələcəyini elmi əsaslarla müzakirə etdiyi ilk böyük platforma idi. O zaman müxtəlif imperiyaların sərhədləri arasında yaşayan türk xalqlarının ziyalıları Bakıda bir araya gələrək ortaq mədəni irsin qorunmasını, əlifba islahatını, dil birliyini və elmi əməkdaşlığı müzakirə edirdilər. Əslində, onlar gələcəyin türk dünyasının intellektual xəritəsini cızırdılar. Aradan yüz il keçir. Tarix dəyişib, dövlətlər müstəqillik qazanıb, siyasi reallıq tamamilə yenilənib. Lakin Bakının yenidən türk dünyasının elm, mədəniyyət və fikir mərkəzinə çevrilməsi təsadüfi deyil. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" bunun ən parlaq sübutudur. Bu yubiley təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə verilən siyasi, mədəni və mənəvi mesajdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə bu tarixi hadisənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması göstərir ki, Azərbaycan türk dünyasının inteqrasiyasını yalnız siyasi və iqtisadi platformalarda deyil, elm, təhsil və mədəniyyət sahələrində də strateji prioritet hesab edir. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığın möhkəm təməlində məhz bir əsr əvvəl Bakıda qoyulmuş ideyalar dayanır. Çünki siyasi birlik yalnız ortaq tarix, ortaq dil və ortaq mədəni yaddaş üzərində dayanıqlı ola bilər.

Qurultayın iştirakçıları arasında Fuad Köprülü, Vasili Bartold, Dyula Mesaroş, Teodor Menzel və Əli bəy Hüseynzadə kimi dünya miqyaslı alimlərin olması həmin dövr üçün Bakının beynəlxalq elmi nüfuzunu nümayiş etdirirdi. Xüsusilə Əli bəy Hüseynzadənin sonradan üzə çıxan gündəlikləri həmin tarixi hadisənin canlı salnaməsi kimi bu gün də böyük elmi əhəmiyyət daşıyır. Bu qeydlər bizə göstərir ki, türk dünyasının birliyi ideyası romantik arzu deyil, yüz illik elmi və intellektual müzakirələrin nəticəsidir.
Bu gün keçirilən "Türk Dünyası Həftəsi" isə həmin ideyaların yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir".

Deputat onu da diqqətə çatdırdı ki, açılış mərasimində türk dövlətləri rəhbərlərinin müraciətlərinin səsləndirilməsi, elm və mədəniyyət xadimlərinin bir araya gəlməsi, müxtəlif tədbirlərin təşkil olunması onu göstərir ki, türk dünyasının inteqrasiyası artıq təkcə siyasi şüar deyil, real əməkdaşlıq modelinə çevrilməkdədir: "Azərbaycanın bu prosesdə üzərinə götürdüyü missiya xüsusi diqqət çəkir. Tarixən Şərqlə Qərbin qovuşduğu məkan olan Bakı bu gün də türk dövlətlərini bir araya gətirən mühüm intellektual platformaya çevrilir. Bir əsr əvvəl olduğu kimi, yenə də türk dünyasının gələcəyi ilə bağlı ən mühüm müzakirələr məhz Azərbaycanda aparılır.

Birinci Türkoloji Qurultayın 100 illiyi yalnız yubiley tarixi deyil. Bu, milli kimliyin, ortaq mədəni yaddaşın və türk xalqlarının elmi həmrəyliyinin təntənəsidir. Bu yubiley göstərir ki, yüz il əvvəl səsləndirilən ideyalar zamanın sınağından çıxaraq bu gün dövlət siyasətinin, beynəlxalq əməkdaşlığın və ortaq gələcək strategiyasının mühüm hissəsinə çevrilib.

Tarix bəzən yüz ildən sonra özünə qayıdır. Bu dəfə isə Bakıya qayıdan yalnız xatirələr deyil. Qayıdan, türk dünyasının ortaq düşüncəsi, ortaq iradəsi və ortaq gələcəyə inamıdır. Məhz buna görə Birinci Türkoloji Qurultayın 100 illiyi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının elm, mədəniyyət və həmrəylik bayramı kimi tarixə düşür".

Cavanşir Abbaslı. Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR