Xəbər verdiyimiz kimi, Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov artıq bir neçə gündür ki, xəstəxanadan evə buraxılıb. Xalq artistinin səhhətinin necə olması ilə bağlı Musavat.com-un əməkdaşı onunla söhbətləşib.
Müsahibəni təqdim edirik:
- Hazırda vəziyyətiniz necədir? Xəstəxanadan artıq neçə gündür ki, evə buraxılmısınız?
-Şükür Allaha, özümü yaxşı hiss edirəm. Bilirsiniz ki, paralel olaraq 3-4 xəstəlikdən müalicə alıram. Həkimlərin razılığını aldıqdan sonra mənə xüsusi tibb bacısı ayrılıb və evdə müalicə alıram. Xəstəxanada darıxırdım, boğulurdum. Ona görə də ev şəraitində müalicəmi davam etdirirəm. Bu gün 5-ci gündür ki, evə buraxılmışam. Ağrılar xeyli azalıb, yuxum rahatlanıb.
- Yəqin məlumatınız var, keçmiş dostunuz və həmkarınız, Xalq artisti Rasim Balayev də Türkiyədə müalicəsini davam etdirir. Əlaqə saxlamısınızmı, yoxsa küsülülük davam edir?
- Bəli, eşitmişəm. Sözün doğrusu, xəstəliyimə görə bir az başım qarışıq oldu. Həkimlər telefondan istifadəni qadağan etmişdilər və telefon adətən bağlı idi. Bilirəm ki, onun da telefondan istifadə etməsini həkimlər qadağan edib. Fürsət olan kimi əlaqə saxlamağa çalışacağam. Mən Şeyx Əbdül, Allahdan Rasim Balayevə sağlamlıq arzu edirəm. Rasim Balayev mənim həyatımda xüsusi yeri olan adamdır, o, əsl kino adamıdır. Kino ittifaqında ondan və bir-iki nəfərdən başqa kino adamı yoxdur. Hamısı kinonun içinə gəlib dolanan adamlardır. Rasim Balayev xalqın böyük sənətkarıdır, kinomuzun ulduzudur. Ümid edirəm ki, onun üçün etdiyim dualar qəbul olar.
- Evdə televiziyalara, verilişlərə baxmaq imkanınız olurmu?
- Əslində, həkimlər televiziya da izləməyi qadağan ediblər. Amma mən futbol azarkeşi olduğum üçün futbola baxıram. Əsasən iki komandaya azarkeşlik edirəm - “Barselona” və “Neftçi” komandasına. Bir də heyvanlar aləmi ilə bağlı verilişlərə, bəzən də xəbər proqramlarına baxıram, vəssalam.
- Bəs şou və digər əyləncə verilişlərinə heç nəzər salırsınızmı?
- Vallah, baxmıram. Çünki bu rüsvayçılıqdır. Həmin verilişlər bağlanmalıdır. Aparıcıları haqqında isə cinayət işi açılmalı, həbs edilməlidirlər. Niyə bu məsələ ilə bağlı ölçü götürülmür, anlamıram. Onların verilişini təşkil edənlər də, efirə çıxmağa icazə verənlər də, arxalarında dayananlar da məhkəməyə verilməlidir! İndi baxıram ki, camaat çağırış edir həmin verilişlər bağlansın. Halbuki, mən illərdir deyirəm ki, o verilişlər bağlansın. Amma diqqət edən yoxdur.
Televiziya bizim hər birimizin ailə üzvüdür. Hətta yataq otağımızda, mətbəxdə, küçədə, maşında baxırıq. Bu məsələyə həssas yanaşmaq lazımdır. İnformasiya təbliğatı bütün silahlardan daha təhlükəlidir. Bir dəstə avara, özünə şou-biznes deyən adamlar ağızlarına gələni danışırlar. Küçədə tum satan arvadlar kimi qeybət edirlər, saatlarla onu-bunu müzakirə edirlər. Belə veriliş olar?! Belə əxlaq dəyəri olar?! Həmin verilişlər bağlanmalı, yerinə filmlər, konsert proqramları, maarifləndirici və maraqlı layihələr göstərilməlidir. Mən ölkə rəhbərliyinə səslənirəm – bu məsələ kompleks şəkildə həll olunmalıdır. Bir-iki nəfəri cəzalandırmaqla problem bitməz. Televiziyalara ciddi nəzarət götürülməlidir. Əvvəlcə o aparıcıları araşdırmaq lazımdır: kimdirlər, səviyyələri nədir, düşüncə tərzləri necədir? Hamısı bir bezin qırağıdır. Eyni standart adamlar. Hamısı müğənnidir, televiziyada özlərini satmaqla məşğuldurlar. Camaat da onları toyuna çağırır, amma o toyda ruzi-bərəkət olmur.
- Bu gün Xalq artisti İlhamə Quliyevanın vəfatının 10-cu ildönümüdür. Qəribəsi budur ki, sənətkarı bu gün xatırlayan azdır. Bir məşhur necə bu cür unudulur?
- Allah İlhamə Quliyevaya qəni-qəni rəhmət eləsin. Bizdə bir el sözü var: “bağda ərik var idi, salam-əleyküm var idi, bağda ərik qurtardı, salam-əleyküm də qurtardı”. İlhamə Quliyeva böyük sənətkar idi, öz dəsti-xətti, mövqeyi olan müğənni idi. Çoxları onun ətrafına öz məqsədləri naminə yığılırdı, bir çoxları ondan nəsə umurdu, onun kölgəsində karyera qururdu.
Mən Baba Vəziroğlunun son müsahibəsində mənimlə bağlı dediklərinə münasibət bildirmək istəyirəm. Baba Vəziroğlu mənim 40 ildir salam-çörək kəsdiyim adam olub. Amma müsahibəsində ikiüzlü danışıb. Deyib ki, guya mən onlara qarşı haqsızlıq etmişəm. Əvvəla, Baba Vəziroğlunun Azərbaycan Kinematoqrafçılar İttifaqına heç bir aidiyyəti yoxdur, olmayıb da. Vaxtilə həmin hörmətli şəxs ittifaqdan uzaqlaşdırılıb. Əgər düşünürsə ki, mən haqsızlıq etmişəm, əksinə, onlar Azərbaycan kinosuna pislik ediblər, camiəni bölüblər. Mənim bütün fəaliyyətim parçalanmış kino cameəsinin birləşməsinə həsr olunub. Şəxsi ambisiyalarımdan çıxış etməmişəm. Nazir də bilir, hər kəs də bilir. Yalnız ittifaqın bir araya gəlməsinə çalışmışam və buna nail olmuşam. Mən pislik etməmişəm ki. Böyük bir ittifaqı birləşdirmişəm.
Amma biri mənim yubileyimdə zəng edib təbrik etmədi. 14 gün xəstəxanada qaldım, dünyanın hər yerindən mənə baş çəkməyə gəldilər, amma bir nəfər də olsun zəng edib “necəsən” demədi. Sonra deyir ki, guya başı qarışıb Qəbələ Beynəlxalq Musiqi Festivalına. Yaxşı, o festival iki gündür, sonra Şuşada tədbir olub, o da iki gün. Mən 14 gün xəstəxanada yatmışam, necə olur ki, bir zəng edə bilməyib? Bunlar gülməli bəhanələrdir. Niyə danışıb məni əsəbləşdirir? Min yerə getməyə vaxt tapırsan, amma getməli yerə getmirsən?
Baba Vəziroğlu, mən səni heç gözləmirdim də. Sən Azərbaycan kinosuna təsadüfən gəlmiş adamsan. Sən şairsən, yazıçısan get Yazıçılar Birliyinə. Mahnıların var, get Bəstəkarlar İttifaqına. Sənin kinoya nə aidiyyətin var?! Kino mənim üçün ata-anamdan sonra ikinci yerdədir. Sən niyə kinonun daxili işlərinə qarışırsan?! Hələ məni də günahlandırırsan. Belə müsahibələr verib məni əsəbləşdirmə! Yoxsa açaram sandığı, tökərəm pambığı! Qurban olsunlar Rasim Balayevə, qurban olsun kinoya. Getsin o müsahibəsinə düzəliş etsin!
Xalidə Gəray,
Musavat.com






