İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

253 09.06.2026 17:37 Təhsil A A

Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin  G42 “Presight” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib.

Musavat.com xəbər verir ki,  bu barədə ETN məlumat yayıb.

Bildirilib ki, rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir.

Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun öyrənmə tempinə uyğun dəstək təqdim edir. Çətin fizika mövzusunun izahı və ya məktəbdən sonra riyaziyyat məsələlərinin addım-addım həlli kimi hallarda rəqəmsal köməkçi şagirdlərə yalnız dərs zamanı deyil, ehtiyac duyduqları istənilən vaxt fərdi dəstək göstərir.

Rəqəmsal tədris köməkçisindən istifadə etmək üçün şagirdlər “Rəqəmsal məktəb” platformasında öz şagird kabinetlərinə daxil olmalı və “Tətbiqlər” bölməsində yerləşdirilmiş “Rəqəmsal köməkçi” xidmətini seçməlidirlər.

Hazırda xidmət sınaq və öyrənmə mərhələsindədir. Rəqəmsal köməkçi əsasən riyaziyyat və təbiət elmləri üzrə təlimləndirilib. Digər fənlər üzrə təlim və təkmilləşdirmə prosesi davam etdiyindən cavablarda müəyyən qeyri-dəqiqliklər ola bilər. Təqdim olunan cavablar öyrənmə prosesinə dəstək xarakteri daşıyır və zəruri hallarda müəllim izahı ilə tamamlanmalıdır.

Rəqəmsal tədris köməkçisinin istifadəyə verilməsi təhsildə rəqəmsal transformasiyanın dərinləşdirilməsi, təhsil xidmətlərinin əlçatanlığının artırılması və müasir texnologiyaların tədris prosesinə inteqrasiyası istiqamətində mühüm addımdır. Yeni həll şagirdlərin biliklərini möhkəmləndirməsinə, tədris materiallarını daha səmərəli mənimsəməsinə və öyrənməyə marağının artırılmasına xidmət edir.

Qeyd edək ki, rəqəmsal köməkçi yerli generativ süni intellekt həlli kimi hazırlanıb və İqtisadiyyat Nazirliyinin yüksək məhsuldarlıqlı hesablama infrastrukturu üzərində, ölkə daxilində yerləşən texnoloji mühitdə yerləşdirilib. Həllin yerli infrastrukturda yerləşdirilməsi məlumatların ölkə daxilində saxlanılması və təhsil sahəsində süni intellekt imkanlarının milli rəqəmsal ekosistem çərçivəsində inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Həllin yaradılması 2025-ci ilin sentyabrında Elm və Təhsil Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin G42 qrupuna daxil olan “Presight” şirkəti arasında təhsil sahəsində imzalanmış Anlaşma Memorandumu çərçivəsində mümkün olub. Sənəd təhsildə süni intellektin tətbiqini, şagirdlər üçün süni intellekt əsaslı mentorların, müəllimlər üçün rəqəmsal köməkçilərin hazırlanmasını, eləcə də təhsil yönümlü Azərbaycan dili modellərinin inteqrasiyasını nəzərdə tutur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR