Beynəlxalq hüquq sisteminin ən tanınmış simalarından biri hesab olunan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan ətrafında yaranan qalmaqal dünya diplomatiyasında və hüquq dairələrində ciddi rezonans doğurub.
Musavat.com xəbər verir ki, BCM-nin prokuroru vəzifəsini icra edən Kərim Xan müvəqqəti olaraq səlahiyyətlərindən kənarlaşdırılıb.
Qərarın əsasını isə ona qarşı irəli sürülən seksual xarakterli davranış və təqib iddiaları ilə bağlı aparılan araşdırmanın nəticələri təşkil edir. Bu hadisə Kərim Xanın reputasiyası ilə bağlı məsələ deyil. Söhbət son illərdə dünyanın ən mühüm geosiyasi qərarlarından birinə imza atmış, Rusiya prezidenti Vladimir Putin barəsində həbs orderinin verilməsinə rəhbərlik etmiş prokurordan gedir. Buna görə də baş verənlər beynəlxalq hüququn nüfuzu, BCM-nin gələcəyi və qlobal ədalət sisteminin legitimliyi baxımından xüsusi diqqətlə izlənilir. Kərim Xan uzun illər beynəlxalq hüquq sahəsində fəaliyyət göstərib. Lakin onun adı xüsusilə 2023-cü ildə BCM tərəfindən Vladimir Putin barəsində çıxarılan həbs orderindən sonra qlobal medianın gündəminə çevrildi. Həmin qərar Moskva ilə Haaqa arasındakı münasibətləri görünməmiş səviyyədə gərginləşdirdi. Kreml BCM-ni qərəzli qurum adlandırdı, Rusiya hüquq-mühafizə orqanları isə əks addım olaraq Kərim Xan və məhkəmənin bəzi hakimləri barədə axtarış qərarları çıxardı. Qərb ölkələrinin əksəriyyəti isə BCM-nin addımını beynəlxalq hüququn təntənəsi kimi təqdim etdi. Belə bir məqamda həmin qərarın arxasında duran əsas hüquqşünasın indi özü haqqında irəli sürülən ittihamlarla üzləşməsi beynəlxalq ictimaiyyət üçün olduqca həssas vəziyyət yaradıb.
Yayılan məlumatlara görə, BCM sistemində fəaliyyət göstərən daxili nəzarət mexanizmləri tərəfindən araşdırılan şikayətlər Kərim Xanın iş mühitində etik davranış qaydalarını pozması və seksual xarakterli təzyiq göstərməsi ilə bağlı olub. Hələlik ictimaiyyətə təqdim olunan məlumatlar məhduddur və ittihamların məhkəmə qaydasında sübuta yetirilməsi barədə rəsmi qərar yoxdur. Bununla belə, BCM-yə üzv dövlətlərin nümayəndələrindən ibarət olan qurumun onun fəaliyyətini müvəqqəti dayandırması iddiaların kifayət qədər ciddi qiymətləndirildiyini göstərir.
Kərim Xan isə daha əvvəl yayılan məlumatlarda ona qarşı irəli sürülən ittihamları rədd etmiş, hər hansı qanunsuz davranışa yol vermədiyini bildirmişdi.
Beynəlxalq Cinayət Məhkəməsi son illərdə həm siyasi, həm də institusional təzyiqlərlə üzləşib. Bir tərəfdən Rusiya, digər tərəfdən bəzi Afrika və Asiya dövlətləri BCM-ni selektiv ədalət tətbiq etməkdə ittiham edirlər. Digər tərəfdən, məhkəmə Ukrayna, Sudan, Liviya və Fələstinlə bağlı araşdırmaları səbəbindən qlobal siyasi qarşıdurmaların mərkəzinə düşüb. Belə bir dövrdə məhkəmənin baş prokuroru barədə yaranan qalmaqal qurumun etibarlılığına əlavə zərbə kimi qiymətləndirilir.
Beynəlxalq hüquq üzrə müşahidəçilər qeyd edirlər ki, məhkəmənin legitimliyi yalnız verdiyi qərarlarla deyil, həm də həmin qərarları verən şəxslərin davranışı ilə ölçülür. Əgər qurum dünyanın müxtəlif ölkələrində insan hüquqları pozuntularını araşdırırsa, onun rəhbər şəxsləri də ən yüksək etik standartlara cavab verməlidirlər.
Kərim Xan ətrafında yaranan vəziyyətin geosiyasi nəticələri də diqqət çəkir. Moskva uzun müddətdir ki, BCM-ni siyasi alət kimi təqdim etməyə çalışır. Putinə qarşı həbs orderindən sonra Rusiya rəsmiləri məhkəmənin qərəzli fəaliyyət göstərdiyini bəyan etmişdilər. İndi isə BCM prokurorunun özü haqqında aparılan araşdırma Kremlin informasiya siyasətində əlavə arqument kimi istifadə oluna bilər. Rusiyaya yaxın media qurumları artıq bu hadisəni beynəlxalq hüquq institutlarının ikili standartları ilə əlaqələndirməyə başlayıblar. Lakin beynəlxalq hüquq müdafiəçiləri fərqli mövqe sərgiləyirlər. Onların fikrincə, əgər BCM rəhbərliyində çalışan şəxs haqqında şikayət araşdırılır və nəticədə müvəqqəti kənarlaşdırılırsa, bu, əslində sistemin işlədiyini göstərir. Başqa sözlə, heç kimin toxunulmaz olmadığı nümayiş etdirilir.
Bu hadisə beynəlxalq hüquq tarixində mühüm presedentlərdən biri kimi yadda qala bilər. Bir tərəfdə dövlət başçıları barədə həbs orderləri çıxaran və özünü qlobal ədalətin simvolu kimi təqdim edən bir qurum, digər tərəfdə isə həmin qurumun rəhbər prokuroru barədə ciddi etik ittihamlar dayanır. Araşdırmanın yekun nəticələri hələ açıqlanmayıb. Lakin artıq indidən aydındır ki, Kərim Xan ətrafında yaranan qalmaqal təkcə bir hüquqşünasın karyerasının deyil, həm də Beynəlxalq Cinayət Məhkəməsinin nüfuzunun sınağına çevrilib. Haaqa məhkəməsi uzun illərdir dünya liderlərini, hərbi komandirləri və müharibə cinayətlərində ittiham olunan şəxsləri mühakimə etməyə çalışır. İndi isə diqqət ilk dəfə olaraq məhkəmənin öz daxilinə yönəlib.
E.Məmmədəliyev,
Musavat.com






