İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada yeni qanun: Pornoqrafiyaya yaşıl işıq

1076 15.07.2026 02:47 Dünya A A

Ukrayna Ali Radası pornoqrafiya ilə bağlı qanunvericiliyin dəyişdirilməsi istiqamətində yeni addım atıb.

Musavat.com xəbər verir ki, iyulun 14-də keçirilən səsvermədə 231 deputat №15294 saylı qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinin lehinə səs verib. Qərarın qəbul edilməsi üçün minimum 226 səs tələb olunurdu. Səsvermədə 8 deputat əleyhinə çıxıb, 3 nəfər bitərəf qalıb, 55 deputat isə səsvermədə iştirak etməyib.

Rəsmi adı “Uşaq pornoqrafiyasının hazırlanması və yayılmasına görə məsuliyyətin gücləndirilməsi haqqında Ukrayna Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə” olan qanun layihəsi 3 iyun 2026-cı ildə qeydiyyata alınıb.

Sənədin mahiyyəti pornoqrafiyanı tam sərbəst buraxmaq deyil. Layihə yetkin şəxslərin qarşılıqlı razılığı ilə hazırlanmış məzmunla uşaqların seksual istismarı, zorakılıq, məcburetmə və şantajla bağlı cinayətləri bir-birindən ayırmağı nəzərdə tutur.

Qanun layihəsi qəbul edilərsə, yetkin şəxslər tərəfindən qarşılıqlı razılıq əsasında hazırlanmış pornoqrafik materialların saxlanılması, daşınması, göndərilməsi, hazırlanması, satılması və digər yetkin şəxslər arasında yayılması artıq cinayət hesab edilməyəcək.

Bu, məsələn, iki yetkin şəxsin bir-birinə şəxsi yazışmada intim foto göndərməsinə və ya yetkin şəxsin öz razılığı ilə hazırladığı məzmunu internet platformasında paylaşmasına görə həbs təhlükəsinin aradan qalxması deməkdir.

Lakin sənəd pornoqrafik sənayenin bütün formalarının qeyd-şərtsiz leqallaşdırılması anlamına gəlmir. Şəxsin razılığı olmadan intim görüntülərin yayılması, kiminsə belə material hazırlamağa məcbur edilməsi, seksual istismar, şantaj və zorakılıq cinayət olaraq qalacaq.

Layihəyə əsasən, yetkin şəxsi pornoqrafik məzmun hazırlamağa məcbur edən şəxslər 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Ən sərt dəyişikliklər isə uşaqlarla bağlı cinayətlərə aiddir. Uşaq pornoqrafiyasının hazırlanması, saxlanılması, əldə edilməsi, ölkəyə gətirilməsi, yayılması və satılmasına görə cəzaların ciddi şəkildə artırılması təklif olunur.

Uşaqların iştirakı ilə seksual xarakterli nümayişlərin təşkili, azyaşlıların fahişəliyə cəlb edilməsi, onların seksual istismarı və uşaq pornoqrafiyasının mütəşəkkil qrup tərəfindən yayılması kimi hallarda cəza 15 ilədək həbsə çata bilər.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, mövcud qanunvericilik yetkin şəxslərin şəxsi intim həyatına həddindən artıq müdaxilə edir, hüquq-mühafizə orqanlarına təzyiq və korrupsiya imkanları yaradır.

Ukraynada hazırda Cinayət Məcəlləsinin 301-ci maddəsi pornoqrafik materialların hazırlanması və yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu səbəbdən şəxsi intim görüntülərin saxlanılması və ya paylaşılması da müəyyən hallarda cinayət işi üçün əsas ola bilir.

Təşəbbüsün tərəfdarları bildirirlər ki, dövlət yetkin insanların qarşılıqlı razılıq əsasında yaratdığı məzmunu deyil, zorakılıq, məcburetmə, insan alveri və uşaqların istismarı ilə bağlı cinayətləri təqib etməlidir.

Qərarın iqtisadi tərəfi də var. Ukraynalı deputatlar hesab edirlər ki, yetkinlər üçün məzmun istehsal edən şəxslərin fəaliyyətinin hüquqi çərçivəyə salınması onların gəlirlərinin vergiyə cəlb edilməsinə və dövlət büdcəsinə yüz milyonlarla qrivna əlavə vəsait daxil olmasına şərait yarada bilər.

Bu, Ukrayna parlamentinin pornoqrafiyanın dekriminallaşdırılması ilə bağlı üçüncü cəhdidir. Mayın 28-də əvvəlki №12191 saylı qanun layihəsi cəmi 207 səs toplamış və qəbul edilməmişdi. Bundan sonra müxtəlif siyasi qüvvələrin iradları nəzərə alınaraq yeni, kompromis variant hazırlanıb.

Bununla belə, Ali Radanın iyulun 14-də verdiyi qərar pornoqrafiyanın artıq Ukraynada leqal olması demək deyil. №15294 saylı layihə hələlik yalnız birinci oxunuşdan keçib. Sənəd ikinci oxunuşda müzakirə edilməli, bütövlükdə qəbul olunmalı və daha sonra Ukrayna prezidenti tərəfindən imzalanmalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR