İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana əsas təhlükələr xəbərdarlığı

1550 15.07.2026 08:53 Gündəm A A

Rəsmi Bakı yaxın illərdə də təhlükəsizlik məsələlərini dövlət siyasətinin əsas prioriteti kimi saxlayacaq; Prezidentin bu mesaj bir daha təsdiqləyir ki...

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanda stabilliyə daxili risklərin olmadığını deyib.

“Bütün risklər sərhədlərimizin kənarında formalaşır. Siyasi xarakterli risklər çox cüzidir. İdeoloji təxribatlarla bağlı riskləri də ciddi hesab etmirik. Çünki indiyədək belə cəhdlər çox olub, amma onların heç biri uğur qazanmayıb. Fiziki təhlükələr isə əlbəttə ki, mövcuddur. Müasir müharibələrin xarakterini nəzərə alsaq, bu gün demək olar ki, heç bir ölkə özünü tam təhlükəsiz hesab edə bilməz. Xüsusilə də iki müharibə aparan dövlət arasında yerləşən bir ölkə üçün əsas təhlükə məhz budur. Üstəlik, həmin müharibələrin həm gedişi, həm də sonrakı nəticələri tamamilə proqnozlaşdırıla bilməz. Ancaq uzun sürən müharibə də az təhlükəli deyil. Müharibədən sonrakı dövrdə ölkələrin hansı vəziyyətdə olacağı, yaranmış problemləri necə həll edəcəyi əvvəlcədən bilinmir. Ona görə də bizim üçün əsas risk Azərbaycanı hansısa avantüralara cəlb olunmaq cəhdləridir. Əvvəllər belə cəhdlər əsasən siyasi xarakter daşıyırdı. Biz onlardan uğurla yayına bildik və nəticədə həmin cəhdlər demək olar ki, dayandı”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, indi bu təhlükələr daha ciddi və daha təhlükəli xarakter alıb: “Amma özümüzü qorumağa öyrəşmişik. Birləşmiş təzyiqlərə qarşı mübarizə aparmağa da öyrəşmişik. Təhlükəsizliyimizi, sərhədlərimizi və müxtəlif təhdidlərə qarşı müdafiə sistemimizi gücləndirmək 2003-cü ildən etibarən mənim əsas fəaliyyət istiqamətlərimdən biridir. Gücüm çatdığı müddətdə də bunu davam etdirəcəyəm. Bu proses heç vaxt başa çatmayacaq. Ötən il artıq rahat nəfəs almağın mümkün olub-olmadığını müzakirə edirdik. Belə bir imkan olmayacaq. 2023-cü ildən sonra isə Azərbaycana qarşı açıq təhdidlər və sanksiya cəhdləri başladı. Biz o vaxtdan bu günə qədər müxtəlif cəbhələrdə həmin təzyiqlərə qarşı mübarizə aparırıq. Mən bizim vəziyyəti başqa münaqişələrlə müqayisə etmək istəmirəm. Adətən hansısa ölkəni bir qrup dövlət dəstəkləyir, digər qrup isə ona qarşı çıxır. Bizim vəziyyət isə tam fərqli idi. Biz fiziki deyil, siyasi və diplomatik müstəvidə eyni vaxtda bir çox istiqamətdə müdafiə olunmalı idik. Bu proses bu gün də davam edir. Ona görə də sakit həyat olmayacaq. Heç kim buna ümid etməsin”.

Kamran Bayramov: Heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu  sarsıda bilməz - AZƏRTAC

Kamran Bayramov

Milli Məclisin deputatı Kamran Bayramov “Yeni Müsavat”a bildirdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal ideyaların, siyasi və media müzakirələrinin mərkəzinə çevrilib: “IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın daxili və xarici təhlükəsizlik arxitekturasının dərin analizini ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkəmizin daxili sabitliyinin sarsılmazlığını nümayiş etdirməklə yanaşı, xarici risklərin xarakterinin necə dəyişdiyinə dair ciddi bir siqnaldır. Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri ölkə daxilində hər hansı bir risk amilinin mövcud olmamasıdır. Belə ki, ölkə daxilində siyasi xarakterli risklər cüzidir, Azərbaycan xalqı ilə iqtidar arasındakı birlik isə daxili siyasi böhranların qarşısını tamamilə kəsib. Bununla yanaşı, illərdir davam edən xarici ideoloji manipulyasiya və təbliğat cəhdlərinin heç biri Azərbaycanda özünə yer tapa bilməyib, çünki cəmiyyətimizin milli-mənəvi dəyərlərə bağlılığı bu təhdidləri neytrallaşdırıb. Bu reallıq onu göstərir ki, Azərbaycanın milli təhlükəsizliyinin daxili sütunları möhkəmdir və dövlətin zəiflədilməsinə yönəlmiş daxili ssenarilər artıq işləmir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan üçün bütün real risklər sərhədlərimizin kənarında formalaşır. Müasir müharibələrin hərbi texnoloji və strateji xarakteri elə bir səviyyədədir ki, bu gün dünyanın heç bir dövləti özünü 100% təhlükəsizlik qarantiyasında hiss edə bilməz. Azərbaycan üçün isə bu risk xüsusilə coğrafi mövqe ilə bağlıdır. Ölkəmiz iki fərqli istiqamətdə müharibə aparan dövlətlərin əhatəsində yerləşir. Bu müharibələrin gedişatının proqnozlaşdırılmasının qeyri-mümkünlüyü, müharibədən sonrakı dövrdə regionda hansı güc balansının və problemlərin yaranacağının qeyri-müəyyənliyi və münaqişələrin uzun müddət davam etməsinin gətirdiyi regional gərginlik fəsadları əsas xarici təhdidləri təşkil edir. Bu şəraitdə Azərbaycan üçün ən böyük risk ölkəni hansısa regional avantüralara və proksi toqquşmalara cəlb etmək cəhdləridir. Lakin rəsmi Bakı bu cür siyasi cəhdləri çevik və balanslaşdırılmış xarici siyasəti sayəsində vaxtında neytrallaşdırmağı bacarıb. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, xüsusilə 2023-cü ildən, yəni ölkəmizin öz suverenliyini tam bərpa etməsindən sonra Azərbaycana qarşı açıq təhdidlər, təzyiqlər və sanksiya cəhdləri başlayıb: "Bizim vəziyyət isə tam fərqli idi. Biz fiziki deyil, siyasi və diplomatik müstəvidə eyni vaxtda bir çox istiqamətdə müdafiə olunmalı idik". Azərbaycanın qarşılaşdığı geosiyasi təzyiqlər unikal xarakter daşıyır. Bir çox münaqişələrdə tərəflərdən birini müəyyən bir koalisiya müdafiə etdiyi halda, Azərbaycan beynəlxalq hüququ təkbaşına müdafiə etməli, fərqli güc mərkəzlərinin eyni vaxtda yönələn təzyiqlərinə qarşı təkbaşına sinə gətirməli olub. Bu diplomatik və siyasi savaş bu gün də fərqli platformalarda davam edir. Dövlət başçısının Şuşadakı bəyanatları ölkə ictimaiyyətinə və beynəlxalq birliyə aydın bir mesajdır: reallıq düzgün qiymətləndirilməlidir və ölkə mümkün təhdidlərə hər an hazır olmalıdır".

Deputatın sözlərinə görə, Azərbaycan 2003-cü ildən bəri öz müdafiə sistemini və sərhəd təhlükəsizliyini davamlı olaraq gücləndirir: “Bu proses dinamikdir və heç vaxt dayanmayacaq. Tarix sübut etdi ki, müstəqilliyin və suverenliyin qorunması daimi diqqət, güclü ordu və sarsılmaz iradə tələb edir. Prezidentin də qeyd etdiyi kimi, "rahat nəfəs almaq" və ya “sakit həyat” ümidlərinə qapılmadan, Azərbaycan dövləti hər an öz maraqlarını və təhlükəsizliyini ən yüksək səviyyədə qorumağa davam edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR