Rusiyaya qarşı yeni Amerika sanksiyaları haqqında qanun layihəsinə Ukraynaya əlavə ABŞ hərbi yardımına dair müddəalar daxil edilməyib.
Musavat.com xəbər verir ki, bunu sənədin həmmüəllifi ABŞ senatoru Riçard Blumental mətbuat konfransında deyib:
"Düzünü desəm, bu qanun layihəsi çoxumuzun ABŞ-ın təmin etməli olduğuna inandığımız hərbi yardımı nəzərdə tutmur. Ukraynanın hava hücumundan müdafiə sistemlərinə və uzaqmənzilli silahlara çox ehtiyacı var. Sənəd bizim nail ola biləcəyimiz şeylərin həddidir. Lakin bu qanun layihəsi qəbul ediləcək".
Senator sənədin Tramp administrasiyası tərəfindən dəstəkləndiyini bildirib: "Ağ Ev qanun layihəsini dəstəkləyir. Və inanıram ki, avqust ayından əvvəl qəbul edilə bilər".
Qeyd edək ki, sənəd 2025-ci ilin aprel ayının əvvəlində ABŞ Senatının ikipartiyalı üzvlər qrupu tərəfindən təqdim edilib. Qanun layihəsinin əsas müəllifləri 11 iyulda 71 yaşında vəfat edən Lindsi Qrem və Blumental idi. Təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları əhatə edir.
14 iyulda ikipartiyalı qanunvericilər qrupu qanun layihəsinin yenilənmiş versiyasını təqdim edib. Yeni versiyada ABŞ-ın Rusiya nefti və qazının alınması üçün üçüncü ölkələrə tətbiq edə biləcəyi tariflər, əvvəlki versiyada təklif olunan 500 faizlə müqayisədə, ən böyük beş alıcı üçün 100 faizə endirilib.
Qanunvericilər Hindistan, Çin, Azərbaycan, Macarıstan və Slovakiyanı Rusiya neftinin ən böyük alıcıları hesab etdiklərini bildirdilər. Onlar Belçika, Macarıstan, Çin, Fransa və Yaponiyanı Rusiya qazının əsas idxalçıları adlandırıblar.
14 iyulda ABŞ prezidenti Donald Tramp qanun layihəsinin qəbul edilmə şansının yüksək olduğunu bildirib. Lakin o, həmçinin bəzi əsas müddəaların onunla müzakirə olunmadığını və onları yenidən nəzərdən keçirməli olduğunu vurğulayıb.
Musavat.com






