İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixiatriya sahəsində mühüm yenilik: kimlər razılıq olmadan müayinəyə cəlb oluna bilər?

522 13.07.2026 16:36 Dünya A A

Psixiatriya yardımı ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.

Musavat.com xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, qanun layihəsinə əsasən, psixi sağlamlıqla bağlı məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması və həmin məlumatların bu sistem vasitəsilə əldə edilməsi, müalicədən imtina ilə bağlı məlumatların da elektron sağlamlıq kartına daxil edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, psixi pozuntu vəziyyətində olan şəxsin özünün və ya digər şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə şəxsin və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı yeni hüquqi mexanizmlər yaradılır. Həmçinin belə şəxslərin məhkəmə qərarınadək qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi barədə qərar qəbul edildikdə onların yaxın qohumlarının, qanuni nümayəndələrinin, prokurorun və aidiyyəti vəzifəli şəxsin dərhal məlumatlandırılması təklif olunur.

Layihə ilə həmçinin tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya ətrafdakılara təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicə olunması və məcburi hospitalizasiya zamanı təhlükəsizlik tədbirləri ilə bağlı yeni müddəaların qanuna əlavə edilməsi nəzərdə tutulur.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Rövşən Nəcəfov: "Sağalma üçün təhlükəsiz mühit əsas şərtdir" |  tehsil365.news

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a sözügedən dəyişiklikləri şərh edib. Onun fikrincə, psixi sağlamlıq sahəsində elektron sağlamlıq kartı sisteminin tətbiqi diaqnostika və müalicənin keyfiyyətini artırmaq baxımından mühüm üstünlüklər vəd edir:

“Psixi sağlamlıq mütəxəssislərinin pasientin əvvəlki diaqnozu, müalicə tarixi və qəbul etdiyi preparatlar barədə məlumatlara vaxtında çıxış əldə etməsi daha dəqiq klinik qiymətləndirmə və davamlı müalicə planının qurulmasına imkan yaradır. Psixi sağlamlıq məlumatları ən həssas şəxsi məlumatlar sırasına aid olduğundan onların məxfiliyinin qorunması əsas prioritet olmalıdır. Bu məlumatlara yalnız müalicə prosesində iştirak edən səlahiyyətli psixi sağlamlıq mütəxəssislərinin çıxışı təmin edilməli, bütün girişlər elektron qaydada qeydiyyata alınmalı və məlumatların təhlükəsizliyi güclü texniki və hüquqi mexanizmlərlə qorunmalıdır. Qanunvericilikdə nəzərdə tutulan könüllü və icbari psixiatriya yardımı mexanizmləri insan hüquqları ilə ictimai təhlükəsizlik arasında balans yaratmalıdır. Könüllü yardım hər zaman əsas prinsip olaraq qalmalı, icbari müayinə və ya hospitalizasiya isə yalnız şəxsin özünə və ya ətrafdakılara real və əsaslandırılmış təhlükə yaratdığı hallarda son vasitə kimi tətbiq edilməlidir. Belə qərarlar tibbi meyarlara söykənməli, psixi sağlamlıq mütəxəssislərinin peşəkar klinik qiymətləndirməsinə əsaslanmalı və qanunvericiliyin müəyyən etdiyi məhkəmə nəzarəti ilə müşayiət olunmalıdır”.

R.Nəcəfov hesab edir ki, bu sahədə ən vacib məsələlərdən biri psixi sağlamlıq mütəxəssislərinin peşəkar səlahiyyətlərinin aydın şəkildə müəyyənləşdirilməsi və gücləndirilməsidir:

“Klinik qərarların qəbulunda psixiatrlar və digər psixi sağlamlıq mütəxəssislərinin elmi bilik və klinik təcrübəsinə əsaslanan rəylərinə üstünlük verilməli, eyni zamanda pasiyentin hüquqları, ləyaqəti və məxfiliyi hər mərhələdə qorunmalıdır. Bu yanaşma həm müalicənin effektivliyini artıracaq, həm də cəmiyyətin təhlükəsizliyini təmin etməklə yanaşı, psixi sağlamlıq xidmətlərinə olan etimadı gücləndirəcək”.

 

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR