İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvanə və şam münasibətlərində yenilik

1190 08.02.2024 11:24 Yazarlar A A

Allah Google şirkətinin qurucusu Sergey Brinin ömrünü uzun eləsin, arvad-uşaqdan yarıyan olsun, Masazırda 6 sot yer qisməti olsun, ilahi, amin. Məhz onun sayəsində internet hərdən önümüzə çox maraqlı xəbərlər çıxardır. Dünən də birini oxudum. Başlıq belə idi: “Yeniləşən akademiyada islahatlar uğurla davam etdirilir”. Açıb oxudum, islahat bundan ibarət imiş: “Akademiyanın rəhbəri İsa Həbibbəyli AMEA-nın nizamnaməsinə uyğun olaraq institut və təşkilatların icraçı direktorlarının elmi işlər üzrə direktor müavinləri vəzifəsi ilə əvəzlənməsi, eləcə də şöbə müdirlərinin yenidən seçilməsi zərurətinin yarandığını vurğulayıb”.

Bəli. Doğrudan da artıq çoxdan elmi institutların icraçı direktorlarını elmi işlər üzrə direktor müavinləri ilə əvəz etməliyik. Əslində ilk baxışdan elə görünə bilər ki, elmi institutda elmi işlər üzrə direktor müavini ştatının olması tavtalogiyadır, lüzumsuzdur. Bir növ, futbol komandasında futbol üzrə məşqçi müavini ştatı açmağa bənzəyir. Yaxud qəzetdə jurnalistika şöbəsi açmaq kimi şey olur. Ancaq icraçı direktor ştatı Ramiz müəllimin vaxtından qalma arxaizmdir. İslahat tələb edir ki, biz bunu dəyişək. Prinsipcə, icra eləməyə bir zad da yoxdur, icraçı direktor kor bağırsaqın uzantısı kimi artıq orqana, hətta elmi dildə yazsam, rudiment və atavizmə çevrilmişdi. 

Burada bir haşiyə çıxım, əks halda, oxucuları elmi baxımdan yanlış istiqamətə yönəldərik. Bayaq kor bağırsağın çıxıntısının mənasız orqan olduğunu yazdım. Uzun illər bəşəriyyət məhz belə düşünürdü. Lakin sonradan alimlər tapdılar ki, apendiks adlanan bu “artıq” heç də tam lazımsız deyildir, hansısa hormonal və qoruyucu funksiyalar daşıyır. O cümlədən insanın onurğa sütunu büzdüm sümüyü ilə qurtarır, bunu hamınız bilirsiniz. Həmin büzdümün də rudiment, mənasız sümük olmağı fikrindəydik, lakin sonradan alimlər kəşf etdilər ki, əgər bu sümük olmasa, oturmaq çətinləşər. Məsələn, büzdüm sümüyü çıxarılmış insanların uzun müddət vəzifədə qalması çətindir. Bəlkə oturmağına oturarsan, ancaq çox narahatlıq yaranar. 

Elmi yanaşma vacibdir. Hər sahədə. Bax, bu il rəhbərliyimizin haqlı qərarı ilə şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilir. Hörmətli şairimizin əsas poetik obrazlarından biri pərvanə və şam münasibətləridir. Misal üçün, görək şair nə yazır: “Nola canım qamətin istərsə, könlüm arizin, Rəsmdir aləmdə bülbül gül sevər, pərvanə şəm”. Demək istəyir ki, mən səni istəyirəm, pərvanə şəmi istəyən kimi.  Yaxud: “Cizginirkən başına şəmi rüxündən canımı, Mən qılma, anı həm, ol şəmə bir pərvanə tut!”. Bunu izah eləməyə ehtiyac yoxdur, hamınız başa düşdünüz. Canım sənə desin: “Nə pərvanə dözər bir şöləyə, nə şəm bir ahə, Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq”. Yəni hörmətli şairimizin pərvanə-şam münasibətləri haqda saysız şeirləri var, bəxti gətirsə, indi AYB üzvü olub ev-zad alardı, ancaq mövzumuz bu deyil. Mövzu budur ki, pərvanənin şama aşiq olmağı ağ yalan imiş!

Bu haqda yanvarın axırında Britaniyada çıxan nüfuzlu “Nature” jurnalı yazıb. Elmi məqalə dünyada həşəratların azalması kimi həyəcanlı mövzu ətrafındadır. Doğrudan da, son onilliklərdə insanın fəaliyyəti sayəsində planetimizdə həşəratlar sürətlə qırılır. Bu isə Yerdə həyat üçün ciddi təhlükələr yaradır. Təbiətin qida zənciri pozulur, bitkilər, canlılar təhlükə altındadır. Uzun mövzudur, bizə pərvanə hissəsi maraqlıdır. Yazır ki, əslində pərvanə və sairə böcəklər şam, lampışka kimi işıqlara qəsdən cummurlar. Bu süni, insanın yaratdığı işıq mənbələri həşəratların hərəkət trayektoriyasına əngəl törədir, onları çaşdırır. Pərvanə şama can atmaq nədir, ondan canını qurtarmaq istəyirmiş! Çünki Günəş işığında həşəratlar horizont və vertikalı özləri üçün müəyyən edirlər, bununla uçurlar. Süni işıq mənbələri isə onları azdırır. Pərvanə şama nifrət edir, lakin onun süni “naviqatorundan” qurtula bilmir, gicəllənib alova düşür, həlak olur. Biz işığa “cuman” ağcaqanadları, lampalara kəllə vuran cürbəcür böcəkləri görmüşük, lakin bunun elmi izahını bilmirdik. 

Alimlər təklif edir ki, planeti süni işıqlarla çirkləndirməyi dayandıraq, qaranlıq olsun. Ara yerdə o boyda poeziya da getdi işinin dalıyca... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR