Ukraynanın Odessa şəhəri və Odessa vilayəti gecə saatlarında genişmiqyaslı hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbələr nəticəsində şəhərin bir hissəsində elektrik enerjisi, su və istilik təchizatı tamamilə dayanıb.
Bildirilir ki, hücumlar zamanı Odessa vilayətində "Nova Poçta" şirkətinə məxsus anbarlardan biri də zədələnib. Hadisə yerində yanğın qeydə alınıb, xilasedicilər və fövqəladə xidmətlər əraziyə cəlb olunub.
İlkin məlumatlara əsasən, hücum nəticəsində 6 nəfər xəsarət alıb, onların 3-ü uşaqdır. Bundan əlavə, zərbələr zamanı çoxmərtəbəli yaşayış binasına ciddi ziyan dəyib. Həmin binada 5 nəfər – iki böyük və üç uşaq müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yerli rəsmilər axtarış-xilasetmə işlərinin davam etdiyini, dağıntılar altında qalan olub-olmadığının dəqiqləşdirildiyini bildiriblər. Şəhərdə infrastrukturun bərpası üçün təcili tədbirlər görülür.
Hadisə Ukraynanın cənubunda təhlükəsizlik vəziyyətinin yenidən kəskinləşdiyini göstərir. Rəsmi Kiyev hücumları mülki əhaliyə qarşı növbəti zərbə kimi qiymətləndirərək beynəlxalq ictimaiyyəti reaksiyaya çağırıb.
Musavat.com






