NATO-nun tarixində ilk dəfə keçirilən Müdafiə Sənayesi Forumunda Türkiyə müdafiə və kosmik texnologiyalar sahəsində yüz milyonlarla dollar dəyərində yeni müqavilələr imzalayıb.
Musavat.com xəbər verir ki, NATO Baş katibinin müavini Radmila Şekerinskanın sözlərinə görə, Türkiyə iki yeni yüksək ayırdetməli müşahidə peykinin hazırlanması üçün təxminən 300 milyon dollar dəyərində müqavilə bağlayıb. Layihə Türkiyənin TÜBİTAK UZAY qurumu tərəfindən həyata keçiriləcək və ölkənin İMECE Yer müşahidə peyki platforması əsasında hazırlanacaq.
Şekerinska bildirib ki, Türkiyə bununla yanaşı, ASELSAN şirkəti ilə aşağı Yer orbitində peyk rabitəsi sistemləri, eləcə də "Çelik Kubbe" layihəsi çərçivəsində erkən xəbərdarlıq radarlarının hazırlanması üçün ümumi dəyəri 350 milyon dollar olan müqavilələr də imzalayıb. Onun sözlərinə görə, bu investisiyalar Türkiyənin döyüş meydanında rabitə imkanlarını və erkən xəbərdarlıq qabiliyyətlərini daha da gücləndirəcək.
NATO Müdafiə Sənayesi Forumunda imzalanan sazişlər zərbə imkanları, inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemləri, kosmos və müşahidə texnologiyaları, müdafiə sənayesi üçün kritik xammallar, eləcə də pilotsuz uçuş aparatları sahəsində üstünlüyün artırılması istiqamətlərini əhatə edir.
Müqavilələrin imzalanmasından sonra Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün qısa açıqlamasında "Həyəcanlıyıq" ifadəsini işlədib.
Haluk Görgün daha sonra sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, NATO üzvü ölkələrin birgə həyata keçirəcəyi layihələr beş əsas istiqamətdə cəmləşəcək. Bunlar zərbə imkanlarının artırılması, inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemləri, kosmos və müşahidə qabiliyyətləri, müdafiə sənayesi üçün kritik xammalların təmin edilməsi və NATO-nun pilotsuz uçuş aparatları sahəsində üstünlüyünün gücləndirilməsidir.
Onun sözlərinə görə, layihələrin əsas podratçıları sırasında ASELSAN, ROKETSAN, STM və TÜBİTAK yer alacaq. Görgün qeyd edib ki, qarşıdakı illərdə bu layihələr NATO-nun çəkindiricilik strategiyasının mühüm elementlərindən birini təşkil edəcək.
Musavat.com






