Azərbaycanda kənd təsərrüfatı istehsalının artım tempi sürətlə zəifləyir. Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, son 3 ildə aqrar sektorda artım tempi 3 faizdən 0,9 faizə enib. Əgər 2023-cü ilin yekununda Azərbaycanın kənd təsərrüfatı istehsalı 3 faiz böyümüşdüsə, 2024-cü ildə bu göstərici 2 dəfə azalaraq 1,5 faizə, 2025-ci ildə isə 0,9 faizə düşüb.
Azalmanın səbəblərini araşdırsaq, ilk amil kimi ortaya kənd təsərrüfatında dövlət siyasətinin müəyyənləşməsində həlledici paya malik tənzimləyici qurum – Kənd Təsərrüfatı Nazirliyi (KTN) çıxacaq. Ona görə ki, aqrar sektor iştirakçıları ilə iş bu sahənin inkişafına əngəl olan çətinliklərin öyrənilməsi, onların aradan qaldırılmasının effektiv yollarının müəyyənləşdirilməsi və hökumətin üst qurumlarına hazır təkliflər təqdim edilməsi birbaşa bu qurumun fəaliyyətinin əsasını təşkil edir. Son illər kənd təsərrüfatı istehsalının artım dinamikasındakı geriləmə, bir sıra əsas məhsullar üzrə istehsalın azalması göstərir ki, KTN öz işinin öhdəsindən yetərincə gəlmir. Rəqəmlərə nəzər salmaqla aqrar sahədə baş verənlərin real mənzərəsini daha yaxşı təsvir etmək mümkündür.

Ölkənin ərzaq təhlükəsizliyi üçün son dərəcə vacib olan buğda ilə özünütəminat 2023-cü ildəki 60,4 faizdən 2024-cü ildə 56,1 faizə düşüb. 2025-ci ildə Azərbaycanda buğda istehsalının 2024-cü illə müqayisədə 6 faiz (1 milyon 685 min tondan 1 milyon 583 min tona qədər) azalması göstərir ki, ötən il bu strateji ərzaq məhsulu ilə özünütəminat səviyyəsi daha da aşağı düşüb. Halbuki buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin dəfələrlə hökumətə tapşırdığı əsas məsələlərdəndir. Məhz Prezidentin tapşırığı ilə 2022-ci ildən Azərbaycanda yüksək keyfiyyətli ərzaqlıq buğda istehsalçılarına əlavə dəstək mexanizmi tətbiq olunur. Və nə qədər qəribə də olsa da, mexanizmin tətbiq olunmağa başladığı 2023-cü ildən bəri buğda əkinlərinin sahəsi də, istehsal olunan məhsul da ildən-ilə azalır.
Rəsmi məlumata əsasən bu ilin məhsulu üçün ötən ilin payızında Azərbaycanda 457 867.2 hektar sahədə buğda əkilib. Bu, 2024-cü illə müqayisədə 9,5 faiz azalma deməkdir. Həmin il 2025-ci il məhsulu üçün 505 696.7 hektar sahədə payızlıq buğda əkilmişdi. Yazlıq buğda isə cəmi 913.1 hektar sahədə əkilib. 2025-ci ilin eyni dövründə 3 736.4 hektar sahədə yazlıq buğda səpilmişdi. Bu isə yazlıq buğda əkinlərinin 4 dəfədən çox azalması deməkdir.
Ümumilikdə Azərbaycanda yazlıq və payızlıq buğda əkinləri 2023-cü ildəki 542 min 820,2 hektardan hektardan bu mövsüm üçün 458 min 780,3 hektara qədər azalıb. Buğda istehsalı isə 2021-ci ildəki 1 milyon 685 min tondan 2025-ci ildə 1 milyon 583 min tona düşüb. Bu azalma fonunda idxaldan asılılıq artır ki, bu da əvvəla, ərzaq təhlükəsizliyimizə çox ciddi təhdid formalaşdırır, ikincisi isə külli miqdarda vəsaitin xaricə çıxmasına səbəb olur. Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-may aylarında Azərbaycana 118 milyon 986,8 min dollar dəyərində 528 min 59,9 ton buğda idxal olunub. 2025-ci ilin eyni dövrü müqayisədə idxal dəyər baxımından 8 milyon 551,3 min dollar və ya 7,7 faiz, miqdar baxımından isə17 min 629,1 ton və ya 3,5 faiz artıb.
Rəsmi statistika ölkənin ət ilə özünütəminat səviyyəsinin də azaldığını göstərir – 2023-cü ildəki 85,3 faizdən 2024-cü ildə 83,4 faizə qədər. Ölkədəki heyvan sayının sürətlə azalması, bu prosesin 2025-ci ildə də davam etməsi ötən il üçün də göstəricinin aşağı düşdüyü anlamına gəlir. Belə ki, 2023-cü ildə Azərbaycanda camış və inəklərin sayı 1 235 123 baş, qoyun və keçilərin sayı 7 milyon 60 min 613 baş olub. Bu ilin 1 yanvarına ölkədə inək və camışların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 min baş azalmaqla 1 milyon 207,1 min başa, qoyun və keçilərin sayı isə 138,7 min baş azalmaqla 6 milyon 757,8 min başa düşüb. Yəni 3 ildə inək və camış sayında 28 min baş, qoyun və keçi sayında isə 302,8 min baş azalma var.

2023-cü ildən başlayaraq diri mal-qara, qoyun idxalı sürətlə artır. Belə ki, Azərbaycana 2023-cü ildə rekord sayda diri qoyun idxal olunub: 25 milyon 102,97 min dollar dəyərində 320 543 baş. 2022-ci il ərzində bu idxal 15 milyon 901,2 min dollar dəyərlə 194 562 baş olmuşdu. Diri iribuynuzlu mal-qaranın idxalı isə 2022-ci ildəki 41 997 başdan 2023-cü ildə 86 520 başa çatıb.
2024-cü ildə idxalda müəyyən azalma olsa da, ötən il yenidən rekorda çatıb. 2025-ci ildə Azərbaycana 33 milyon 52 min dollar dəyərində 306 min 591 baş diri qoyun idxal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14 milyon 965 min dollar və ya 82,7 faiz, say baxımından isə 124 min 768 baş və ya 68,6 faiz çoxdur. 2024-cü ildə Azərbaycana 18 milyon 87 min dollar dəyərində 181 min 823 baş diri qoyun idxal olunmuşdu. 2025-ci ildə Azərbaycana ətlik və digər məqsədlərlə 115 301 baş diri iribuynuzlu heyvan idxal olunub. Bu idxalın ümumi dəyəri 91,45 milyon ABŞ dolları təşkil edib. İdxal say ifadəsində 2,1 dəfə artıb.
Diri qoyun idxalı ilə yanaşı, ölkəyə qoyun ətinin idxalında da kəskin artım var. 2025-ci ildə Azərbaycan Monqolustan, Rusiya, Böyük Britaniya, Somali və Yeni Zelandiyadan 3,3 milyon dollar dəyərində 638,4 ton qoyun əti idxal edib. Bu, 2024-cü illə müqayisədə dəyər baxımından 81 faiz, həcm baxımından isə 41 faiz çoxdur. Artım bu il də davam edir: 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 233,3 min ABŞ dolları dəyərində 58,03 ton (təzə, soyudulmuş və ya dondurulmuş) quzu və qoyun əti idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 3,4 dəfə, dəyər ifadəsində isə 3 dəfə çoxdur.

Mal əti idxalı da sürətlə artır. Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana 17,4 milyon ABŞ dolları dəyərində 4 412 ton iribuynuzlu heyvan əti (təzə, soyudulmuş və ya dondurulmuş) idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 39 faiz, dəyər ifadəsində isə 40 faiz çoxdur. KTN rəsmiləri həm bitkiçilik, həm heyvandarlıq sahəsində kəmiyyət deyil, keyfiyyətə önəm verdiklərini elan etsələr də, nə buğda əkinlərinin, nə də mal-qara, qoyun-keçi sayının azalması Azərbaycanın ərzaqlıq buğda və ətlə özünütəminat səviyyəsinin artması ilə müşayiət olunmur. Bu isə o deməkdir ki, kənd təsərrüfatına rəhbərlik edənlər ya işlərinin öhdəsindən layiqincə gəlmir, ya da gələ bilmirlər.

Azərbaycan Hesablama Palatasının KTN-in müxtəlif strukturlarında apardığı audit yoxlamaları nazirlikdə ciddi nöqsanların olduğunu üzə çıxarır. Palatanın nazirliyin ən mühüm strukturu olan Aqrar Xidmətlər Agentliyində apardığı və 2025-ci ildə açıqladığı, 2023-2024-cü illəri əhatə edən yoxlamanın nəticələri heyrət doğurur. Belə ki, yoxlama üzə çıxarıb ki, ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi əsasən yerinə yetirilməyib ki, bu da baytarlıq sahəsi üzrə bir sıra xüsusi təhlükəli xəstəliklərin profilaktik peyvəndləmə işlərinin planlaşdırılmasında və icrasında mütərəqqi təcrübələrə və risk əsaslı yanaşmalara deyil ümumi naxırda tam sürü prinsipinə üstünlük verilməsini şərtləndirib.
İdentikləşdirilmənin lazımi səviyyədə həyata keçirilməməsi və elektron informasiya sisteminin formalaşdırılmaması şəraitində, həmçinin heyvanların hərəkətinin izlənilməsi, profilaktik peyvəndləmə işlərinin ünvanlılığının (həqiqiliyinin) müəyyənləşdirilməsi mümkünsüz olub.
Eyni zamanda, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli (11-16 % intervalında) fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyən edilib.
Heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmayıb. Mütərəqqi beynəlxalq və regional təcrübə nəzərə alınmaqla, qanunvericilik təşəbbüsləri irəli sürülməyib.
Qeyd olunan və digər hallar uzun illər davam edən sahəvi inzibatçılıq modelinin dövlət sektoru kontekstində düzgünlük aspektlərinə cavab vermədiyini göstərib, “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranıb.
Agentliyin fəaliyyəti üzrə Strateji İnkişaf Planı, illik Əməliyyat Planları və monitorinq sistemi tətbiq edilməyib, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə fəaliyyət planları və icra məlumatlarında bitkiçilik və heyvandarlıq sahələrində respublikanın regionları üzrə hansı xəstəliklərə qarşı mübarizə aparıldığı, nəticələrinin necə olduğu, xəstəliklərlə bağlı monitorinqlər və nəticələri, aşkar olunmuş xəstəliklər, həmçinin, kənd təsərrüfatı yönümlü texnikalar üzrə dövlət texniki nəzarət sahəsində monitorinq göstəriciləri, digər bu kimi mühüm indikatorlar öz əksini tapmayıb.
Agentliyin səlahiyyətlərinə ümumilikdə 390-dan çox sayda haqqı ödənilməklə həyata keçirilməli olan müxtəlif xidmətlərin aid edilməsi müqabilində yalnız 10-na yaxın sayda xidmətlərin rəsmiləşdirilməsindən gəlirlər əldə olunub. Bu isə sifarişçilər və sifarişin predmetləri üzrə hesablanmış və ödənilmiş məbləğlərin uçotu, sifarişlərin elektron müraciət sisteminin formalaşdırılmaması və sifarişçi bazasının müəyyənləşdirilməməsi şəraitində qeyri-büdcə mənbələri üzrə potensial daxilolmaların itirilməsi kimi riskləri səciyyələndirib. Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin tabeliyindəki 11 dövlət sort-sınaq məntəqələrinin ərazilərinə aid torpaq sahələrindən yalnız 7,8%-i (37,27 hektarı) əsas funksional fəaliyyət çərçivəsində istifadə olunub ki, bu da maddi-texniki bazanın qanunvericiliklə müəyyən edilmiş əsas vəzifələrin yerinə yetirilməsinə hədəflənməsi səviyyəsinin aşağı olması deməkdir.
Bundan əlavə, toxumların sınaq məqsədlərinə deyil, gəlir əldə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalına cəlb edilmiş müvafiq torpaq sahələrində istehsal prosesinin, o cümlədən çəkilən xərclərin, satışlardan daxilolmaların və borcların uçotu bir qayda olaraq aparılmamış, satışdan vəsaitlər nağd qaydada əldə edilib. Əkini sənədləşdirilmiş həmin torpaq sahələrindən əldə olunmuş məhsulların (əsasən buğda, arpa, pambıq və fındıq) miqdarı bəzi hallarda ölkə üzrə orta məhsuldarlıq göstəricilərinin 40 %-lik aşağı hədlərindən (bəzi ərazilərin dəmyə və ya suvarılmayan ərazilər olduğu da nəzərə alınmaqla) belə, az miqdarda rəsmiləşdirilməsi, dincə qoyulması və ya yararsız olması barədə məlumatlar təqdim edilmiş torpaq sahələrinin isə faktiki olaraq istehsal prosesinə cəlb edilməsi və bu kimi digər halların mövcudluğu ümumilikdə 175 min manata yaxın satış potensialının reallaşdırılmadığını biruzə verib.
Heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməyib, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin bağladığı müqavilələrin şərtləri çərçivəsində müvafiq malların (ehtiyatların, o cümlədən baytarlıq preparatları (peyvəndlər), xüsusi geyim dəstləri, dezinfeksiyaedici məhlullar və digər vasitələr qismində 2023-cü il üzrə 17 milyon 768,8 min manatlıq, 2024-cü il üzrə 10 milyon 872,8 min manatlıq) baytarlara təqdim edilməsi prosesi elektron qaimə-fakturalarla rəsmiləşdirilməyib, istifadəsiz qalanların qaytarılması müqavilə şərtləri ilə əhatə olunmayıb.
Uzun müddətli kommersiya tərəfdaş olan qeyri-rezidentlə bağlanmış müqavilələrə əsasən, ümumilikdə ödənilmiş dəyəri 3 milyon 302,5 min manata bərabər rəsmiləşdirilməklə dabaq xəstəliyi əleyhinə peyvəndlərin alınmasına və istifadə olunmasına baxmayaraq, baytarlıq preparatlarına aid edilən həmin peyvəndlərin hal-hazıra qədər dövlət qeydiyyatına alınması təmin edilməyib.
Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi bir qayda olaraq zəruri ilkin sənədlərin rəsmiləşdirilməsini aparmadan, o cümlədən torpaq sahəsinin ünvanı və fermerin rekvizitləri əks etdirilmədən, fermerin sifarişinin şərtlərini tənzimləyən hər hansı təsdiqedici sənəd olmadan, fermerin maliyyə-təsərrüfat əməliyyatına aidiyyəti olmayan yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və s. nümayəndələri qeyd olunan aktlar tərtib edərək, bitki mühafizəsi və fumiqasiya tədbirlərinə sərf olunması qismində ümumilikdə 1 milyon 526,6 min manat dəyərində sink fosfidin və digər pestisidlərin uçotdan silinməsinə yol verilib.

Analoji hallar LESM-i üzrə də baş verib, analizlərin aparılmasına sərf olunması qismində 2023-cü ildə anbardan 362,9 min manat dəyərində reaktivlər məxaric edib, həmin reaktivlərin 2023-cü ildə silgisinə dair ümumiyyətlə uçot aparılmayıb, 2024-cü ildə isə silgisi ümumi şəkildə rəsmiləşdirilməklə 231,1 min manat dəyərində reaktivlər uçotdan silinib.
Müvafiq nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prosesində yetərli resurs bazası formalaşdırılmayıb, inzibatçılığın təkmilləşdirilməməsi və daxili nəzarət sisteminin lazımi səviyyədə təşkil edilməməsi dövlət rüsumları və utilizasiya haqları qismində dövlət büdcəsinin 100 min manatlarla ifadə olunan real daxilolmalarının yayındırılmasına əlverişli şəraitin mövcudluğundan xəbər verib.
Palatanın KTN, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurasının fəaliyyəti ilə bağlı auditi də ciddi maliyyə pozuntuları üzə çıxarıb. Palatanın “Dövlət auditi” rəsmi bülletenində yer alan məlumata görə, yoxlamalar 2022-2025-ci illəri əhatə edib. Hesabata görə, peyk görüntüləri ilə 117 min 454 hektar torpaq sahəsində becərmə (bir sıra hallarda hətta şum) işlərinin aparılması təsdiqini tapmadığı halda, 19 fermerə ümumilikdə 24.2 milyon manat əkin subsidiyası verilib. Bundan əlavə, subsidiya ödənilmiş əkin sahələri ilə faktiki biçilmiş sahələr arasında da kəskin fərqlər qeydə alınıb. 2023-2024-cü illərdə biçilməyən 44 min 502 hektar sahə üzrə 10 milyon 235.4 min manat əkin subsidiyası ödənilib.
Hesablama Palatası bu faktları nəzərə alaraq 2025-ci il üzrə dövlət büdcəsi zərfində cari ildə kənd təsərrüfatının inkişaf dinamikasına dair proqnozların reallaşmasını qeyri-mümkün sayıb. Palatanın büdcəyə dair rəyinə görə, sənədlərin təhlili göstərir ki, 2022–2026-cı illər üçün müəyyən edilən inkişaf hədəfləri kənd təsərrüfatında tam icra olunmur, sektor üzrə real göstəricilər gözləntilərin xeyli gerisində qalır.
P.S. Kənd təsərrüfatında dövlət dəstəyi – subsidiyalaşma sahəsində müşahidə olunan tendensiyalar da ciddi narahatlıqlar doğurur və bu mövzuda ayrıca təhlilimiz olacaq.
İqtisadiyyat şöbəsi,
Musavat.com






