İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda boşanma mədəniyyəti niyə formalaşmır? - Qətllərin arxasındakı acı reallıq

358 13.07.2026 16:06 Sosial A A

Son vaxtlar Azərbaycanda baş verən amansız qətl hadisələrinin sayı cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cinayətlərin qurbanlarının əksəriyyətini isə qadınlar təşkil edir. Həyat yoldaşları tərəfindən illərlə fiziki, mənəvi və psixoloji zorakılığa məruz qalan bir çox qadın çıxış yolunu rəsmi boşanmaqda görür. Lakin acı reallıq göstərir ki, boşanma da hər zaman onları təhlükədən xilas etmir. Əksinə, bəzi hallarda münasibətin rəsmən bitməsi faciənin başlanğıcına çevrilir.

Təəssüf ki, Azərbaycanda boşanmış və ya boşanma prosesində olan cütlüklər arasında təqib, hədə-qorxu, zorakılıq, hətta qətl hadisələri getdikcə daha çox qeydə alınır. Keçmiş həyat yoldaşlarının bir qismi ayrılığı qəbul etmir, qadının şəxsi həyatına müdaxilə etməkdən, onu izləməkdən, təhdid etməkdən və nəzarətdə saxlamağa çalışmaqdan əl çəkmir. Son ayların kriminal xronikası da bu təhlükəli tendensiyanın getdikcə dərinləşdiyini göstərir.

Cəmi bir neçə gün əvvəl Bakıda kişi keçmiş həyat yoldaşını azyaşlı övladının gözü qarşısında, küçənin ortasında ov tüfəngi ilə güllələyərək qətlə yetirdi. Bundan əvvəl isə paytaxtın Sabunçu rayonunda başqa bir kişi keçmiş həyat yoldaşını və onun anasını öldürdükdən sonra intihar etdi.

Bəs niyə Azərbaycanda sağlam boşanma mədəniyyəti formalaşmır? Niyə münasibət bitdikdən sonra belə, bəzi insanlar qarşı tərəfin həyatına müdaxilə etməyi, onu cəzalandırmağı və hətta öldürməyi özlərinə haqq hesab edirlər? Bu faciələrin qarşısını almaq üçün cəmiyyət, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar hansı addımları atmalıdır?

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Musavat.com-a danışıb:

mail_yaqub.jpg (37 KB)

“Təəssüf ki, belə hallar həqiqətən də mövcuddur və mən bunun şahidi olmuşam. Üstəlik, problem təkcə bir tərəfdən qaynaqlanmır. Həm qadınlar, həm də kişilər tərəfindən yanlış davranışlarla rastlaşırıq. Məsələn, boşanmış ailələrdə iki övladı olmasına baxmayaraq, ananın atanın uşaqlarla görüşməsinə mane olduğu hallar var. Bu, doğru yanaşma deyil.

Əlbəttə, boşanma müxtəlif səbəblərdən baş verə bilər. Kaş ki, belə hallar ümumiyyətlə yaşanmasın. Amma münasibət artıq bitibsə, tərəflər bunu qəbul etməyi bacarmalıdırlar. Xüsusilə də ortada uşaqlar varsa, onların mənafeyi hər şeydən üstün tutulmalıdır. Uşaq yoxdursa belə, heç kimin şəxsi incikliyinə, qısqanclığına və ya qəzəbinə görə cinayət törətməyə haqqı yoxdur. Heç bir səbəb qətli və ya zorakılığı haqq qazandıra bilməz. Hamı qanuna tabe olmalıdır.

Çünki hər kəs özünü hakim hesab edib kimisə cəzalandırmağa qərar versə, cəmiyyətdə xaos və hərc-mərclik yaranar. Hüququn aliliyi aradan qalxar. Biz hüquqi və müasir dövlət qurmaq istəyiriksə, qanunlar hamı üçün işləməli və hər bir vətəndaş onlara əməl etməlidir. Boşanma münasibətlərində də əsas prinsip məhz bu olmalıdır. Bəs bu cür faciələrin qarşısını almaq üçün nə etmək lazımdır?”

Sosioloq hesab edir ki, bu istiqamətdə maarifləndirmə işi gücləndirilməlidir:

“Hüquqşünaslar, psixoloqlar və digər mütəxəssislər cəmiyyət arasında geniş təbliğat apara bilərlər. Təəssüf ki, Azərbaycanda bu sahədə çalışan və sistemli maarifləndirmə aparan hüquqşünasların sayı çox azdır. Elə bil ki, insanları hüquqi cəhətdən məlumatlandırmaq, onlara çıxış yollarını göstərmək işi arxa plana keçirilib.
Əslində problem təkcə Azərbaycana məxsus deyil. Dünyanın hər yerində insanlar arasında münaqişələr yaşanır. İnsan olan yerdə fikir ayrılığı, emosional gərginlik və konflikt də olacaq. Məsələ münaqişənin mövcudluğunda deyil, onun hansı üsullarla həll edilməsindədir. Həddi aşan davranışların, zorakılığın və cinayətlərin qarşısını necə almaq olar? Əsas cavab axtarmalı olduğumuz sual da budur”.

Mail Yaqub vurğulayıb ki, bu məsələdə hüquqi mexanizmlər və cəzalar vacibdir, ancaq təkcə cəzalandırmaq problemi həll etmir:

“Çünki cinayət baş verdikdən sonra artıq geri dönüş olmur, insan həyatı itirilir və faciə yaşanır. Buna görə də ən təsirli yol profilaktikadır. Mənim fikrimcə, mütəmadi maarifləndirmə kampaniyaları, təlimlər, psixoloji dəstək proqramları və hüquqi maarifləndirmə işləri genişləndirilməlidir. İnsanlara ayrılığı sağlam şəkildə qəbul etməyi, hüquqlarını qanun çərçivəsində müdafiə etməyi və münaqişələri zorakılığa əl atmadan həll etməyi öyrətmək bu cür faciələrin qarşısını almağın ən doğru yoludur”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR