İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərəvəz ucuzlaşdı, meyvə isə... – Bazarlarda SON DURUM, REPORTAJ

465 13.07.2026 16:17 Reportaj A A

Yayın qızmar çağı olsa da, bazarlarda mövsümü meyvələrin qiymətləri hələ də aşağı düşmür. Tərəvəzlərdə isə əksinə, son həftələrdə nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur.

Bəs səbəb nədir?

Məsələni yerində araşdırmaq üçün Musavat.com-un əməkdaşı olaraq "8-ci kilometr" bazarında olduq.

Bazarda apardığımız müşahidələr göstərdi ki, tərəvəzlərin qiymətində həqiqətən də xeyli enmə var. Belə ki, hazırda pomidorun kilosu 60 qəpikdən 1 manata qədər, xiyar 70-80 qəpiyə, badımcan 70 qəpikdən başlayan qiymətə satılır. Lobyanın kilosu isə 2 manatdan təklif olunur.

WhatsApp Image 2026-07-13 at 15.23.23.jpeg (158 KB)

Qarğıdalının qiymətində də ucuzlaşma hiss olunur. Qiyməti 10-20 qəpik enib və hazırda bir ədədi 50 qəpikdən satılır.

Meyvə piştaxtalarında isə vəziyyət fərqlidir. Mövsümün ən çox tələb olunan məhsullarından olan əriyin kilosu ən ucuz halda 6 manatdan başlayır. Bazarda apardığımız müşahidələr zamanı da diqqətimizi çəkdi ki, ərik əvvəlki illərlə müqayisədə o qədər də bol deyil. Satıcılar bunu əsasən bu il yağan güclü yağışlarla əlaqələndirirlər.

QARGİ.jpeg (232 KB)

“Yağış çox yağdı. Bu il meyvə əvvəlki illərdə olduğu kimi bol olmadı. Ona görə də bazara məhsul az çıxır. Üstəlik, daşınma xərcləri də artıb. Bütün bunlar qiymətlərə təsir edir və hələ ki, meyvənin qiyməti aşağı düşmür", - deyə satıcılardan biri bizimlə söhbətdə bildirdi.

Digər mövsümü meyvələrin qiyməti də alıcıların cibinə uyğun deyil. Çiyələyin kilosu 2 manatdan başlayır. Gilas isə həftələrdir ki, ucuzlaşmır. Hazırda onun kilosu əsasən 5 manata satılır və qiymət 4 manatdan aşağı düşmür.

WhatsApp Image 2026-07-13 at 15.23.24.jpeg (240 KB)

Giləmeyvələr arasında qarpızın kilosu 80 qəpikdən, yemişin kilosu isə 1 manat 50 qəpikdən satışa çıxarılıb.

Bazarda söhbətləşdiyimiz alıcılar da meyvələrin qiymətindən ciddi narazılıq etdilər. Onların sözlərinə görə, qiymətlər ötən illə müqayisədə xeyli yüksəkdir və bu səbəbdən əvvəlki kimi qış tədarükü görə bilmirlər.

“Ötən illərin bu vaxtı ərik mürəbbəsi hazırlayırdıq. Bu il isə deyəsən əriyə yaxın dura bilməyəcəyik. Yaxşı ərik 10 manatadır. Digərləri isə mürəbbə hazırlamaq üçün yararlı deyil. Başqa meyvələr də bahadır. Hər gün gözləyirik ki, qiymətlər ensin, amma əksinə, elə bil yerində sayır", - alıcılardan biri bildirdi.

Alıcılar qarpız və yemişin qiymətinin də ötən illərlə müqayisədə yuxarı olduğunu deyirlər. “Ötən il indiki vaxtda qiymətlər daha ucuz idi. İndi isə bahadır. Səbəbini soruşanda deyirlər ki, bunlar Kürdəmir qarpızı və yemişidir", - deyə digər alıcı gileyini ifadə edir.

Bəs yaxın həftələrdə meyvələrin ucuzlaşması gözlənilirmi? Alıcılar nə vaxt daha sərfəli qiymətlərlə alış-veriş edə biləcəklər?

Natiq Cəfərli atasından yazdı: "Komadadır, indi..." - YENİLƏNİB -  Globalinfo.az

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb.

İqtisadçının sözlərinə görə, meyvələrin bu il bahalaşmasının obyektiv səbəbləri var:

“Əsas amillərdən biri hava şəraitidir. İqlim şəraitinin əlverişsiz keçməsi məhsuldarlığın xeyli azalmasına səbəb olub və bu da qiymət artımında mühüm rol oynayıb. Digər səbəb ixracyönümlü siyasətdir. Kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvələrin xarici bazarlara daha çox çıxarılması istiqamətində işlər görülür. İxracın həcmi artdıqca daxili bazarda məhsulun təklifi azalır ki, bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Üçüncü amil isə xərclərin artmasıdır. Fermerlər, satıcılar və ümumilikdə meyvə ticarəti ilə məşğul olanlar özləri də digər məhsul və xidmətlərin istehlakçılarıdır. Digər sahələrdə qiymətlər yüksəldikcə, onların xərcləri də artır və bunu məhsulun satış qiymətinə əlavə etməklə kompensasiya etməyə çalışırlar”.

İqtisadçıya görə, qarşıda ciddi ucuzlaşma gözlənilmir: “Artıq yayın ortasına çatmışıq və bu mərhələdən sonra meyvələrin qiymətində ciddi ucuzlaşma gözlənilmir. Yalnız payız mövsümündə alma, heyva, nar kimi məhsullar bazara bol çıxacağı təqdirdə müəyyən qiymət enişi müşahidə oluna bilər”.

Əlavə edək ki, tərəvəz bazarında vəziyyət fərqlidir. Məsələn, pomidor və xiyarın qiymətləri ötən illə müqayisədə demək olar, eyni səviyyədə qalıb və bu məhsullarda ciddi bahalaşma qeydə alınmayıb. Meyvələrdə isə qiymət artımı kifayət qədər nəzərəçarpandır.

Xalidə Gəray,
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR