Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi, Haluk Levent təsisçisi olduğu "Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində Bursada saxlanılıb. O, "Dərnəklər haqqında" qanunun tələblərini pozmaq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq və cinayət təşkilatına üzv olmaq maddələri ilə ittiham olunur.
Musavat.com bildirir ki, saxlanıldıqdan sonra Haluk Levent ilk dəfə sosial media hesabında açıqlama yayıb.
Müğənni bildirib ki, həbsindən əvvəlki axşam Türkiyənin daxili işlər nazirinin müavini Bülent Turannə mesaj göndərib və son 15 gündə hər gün ona yazmağa davam edib:
"Hörmətli nazir müavini, mənim şəxsi həyatımı "Ahbap" ilə əlaqələndirməyə çalışırlar. Xahiş edirəm, təcili şəkildə gəlin. Zəlzələ dövründən bu günə qədər baş verən hər şeyi yoxlayın, araşdırın və nəticələri ictimaiyyətlə paylaşın. Mənim şəxsi borc-alacaq münasibətlərimi "Ahbap" ilə əlaqələndirməyin. Bilirəm ki, bu qədər hücum və informasiya bombardmanı şəraitində həqiqətin üzə çıxarılması çətin olacaq və zaman aparacaq. Lakin sonda haqlı olduğumuz rəsmi şəkildə təsdiqlənəcək.
Əziz dostlarım, əsas bombanı gözləyin. Yaxın vaxtlarda edəcəyim açıqlamalarda hər şeyi görəcəksiniz. Bu prosesin lap əvvəlindən necə başladığını öyrənəcək və eşitdikləriniz qarşısında böyük təəccüb yaşayacaqsınız. Bir daha vurğulamaq istəyirəm: mənim şəxsi borc-alacaq münasibətlərimin "Ahbap" ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, israrla bunları bir-biri ilə əlaqələndirməyə çalışırlar. Zaman hər şeyi ortaya çıxaracaq".
Xatırladaq ki, istintaqın iddiasına görə, Haluk Levent 2020–2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 21 milyon ABŞ dolları) məbləğində mərc oyunlarında iştirak edib və bunun nəticəsində 390 milyon türk lirəsi (təxminən 8,3 milyon ABŞ dolları) itirib. Bundan başqa, iddiaya əsasən, "Ahbap" dərnəyinin hesabından müğənninin köməkçisi Yeliz Kayanın hesabına 120 milyon türk lirəsi (təxminən 2 milyon 554 min ABŞ dolları) köçürülüb.
Xalidə,
Musavat.com






