İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın "orta güc modeli" bir neçə strateji sütuna əsaslanır

388 13.07.2026 16:50 Siyasət A A

Bu gün beynəlxalq münasibətlər nəzəriyyəsində “orta güc” anlayışı xüsusi aktuallıq kəsb edir. Orta güc dövlətləri diplomatiya, çoxtərəfli əməkdaşlıq, vasitəçilik, humanitar təşəbbüslər və beynəlxalq institutlarda fəallıq vasitəsilə qlobal proseslərə ciddi təsir göstərirlər.

Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Rizvan Nəbiyevə məxsusdur.

Milli Məclis üzvü qeyd edib ki, barəsində bəhs olunan modelin uğurlu nümunələri hesab olunan Avstraliya, Sinqapur, Norveç, Cənubi Koreya və Qətərin sıralarına Azərbaycan da daxil olub:

“Prezident İlham Əliyevin dövlət başçısı diplomatiyasının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Dövlət başçısı İV Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında da bildirdi ki, “Azərbaycan artıq orta səviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni ortasəviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür. Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir.” Belə ki, Tarixi Qarabağ Zəfərindən sonra formalaşan Azərbaycanın "orta güc modeli" bir neçə strateji sütuna əsaslanır: Milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət; Şərqlə Qərbi birləşdirən geostrateji mövqedən çıxış etməklə enerji və nəqliyyat diplomatiyası; humanitar və mədəniyyət diplomatiya; parlament diplomatiyası; rəqəmsal transformasiya və innovasiya fəaliyyətləri;
beynəlxalq tədbirlərə ev sahibliyi və qlobal dialoq platformalarının təşkili”.

R.Nəbiyevin fikrincə, Şuşadan dünyaya verilən əsas mesaj da budur:

“Müasir dövrdə davamlı sülh siyasi razılaşmalarla yanaşı, etimad, informasiya açıqlığı, humanitar əməkdaşlıq ilə mümkündür. Azərbaycan məhz bu dəyərləri təşviq edən məsuliyyətli və etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini ildən-ilə daha da gücləndirir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR