İnsanlara hürriyət, millətlərə istiqlal!

Yay gəldi, ev oğruları fəallaşdı

379 13.07.2026 16:57 Kriminal A A

Azərbaycanda son 3 gün ərzində müxtəlif bölgələrdə qeydə alınan oğurluq faktları üzrə polis əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində bir sıra şübhəli şəxslər saxlanılıb. 

Musavat.com xəbər verir ki, oğurluq hadisələri əsasən Abşeron, Yasamal, Xəzər və Göyçay rayonlarında baş verib.

Sumqayıtda "ev oğruları" tutuldu

Ən son hadisə Abşeron rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən evlərin birindən 3 min 850 manat nağd pul və 670 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 41 yaşlı S.Şıxməmmədov saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.Bundan əvvəl Abşeronda müxtəlif vaxtlarda velosiped, avtomobildən akkumulyator və Xırdalan şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən nağd pul oğurlayan, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı E.Kərimov da saxlanılıb. Araşdırma zamanı onun oğurladığı əşyaları satdığı müəyyən edilib. Göyçay rayonunda isə mağazaya daxil olan şəxs kassadakı pul və tütün məmulatlarını talayıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 34 yaşlı Rahib Babayev saxlanılıb. İstintaq zamanı onun restorandan televizorlar, eləcə də başqa bir fərdi yaşayış evindən müxtəlif məişət əşyaları oğurladığı da üzə çıxıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Paytaxtın Yasamal rayonunda da ardıcıl oğurluq hadisələri qeydə alınıb. Obyektlərin birində zərərçəkənə məxsus içərisində 839 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən 35 yaşlı İ.Süleymanov saxlanılıb. Yasamalda baş vermiş digər hadisədə isə marketdə alış-veriş edən vətəndaşın içərisində 300 manat nağd pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları olan çantası oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində 50 yaşlı S.Absalamova tutulub. Bundan başqa, Xəzər rayonunda evlərdən birindən naqil və müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 44 yaşlı E.Əliyev, Yasamal rayonunda tikinti materialları satılan mağazadan oğurluq etməkdə şübhəli bilinən 54 yaşlı A.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Son günlər qeydə alınan faktlar göstərir ki, oğruların hədəfində həm fərdi yaşayış evləri, həm ticarət obyektləri, həm də marketlər olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün faktlarla bağlı cinayət işləri və araşdırmalar davam etdirilir.

Mahmud Hacıyev: “Tələbələrin zəhərlənməsi məsələsində ...

Mövzu ilə bağlı Musavat.com-a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirir ki, oğurluq təsadüfi yaranan cinayət deyil. Onun sözlərinə görə, bu əməlin arxasında həm psixoloji, həm də sosial-iqtisadi amillər dayanır. 

Mahmud Hacıyev qeyd edir ki, oğurluğun əsas motivi tamahdır. İstər mənzil oğurluğu, istər mağaza və ya dövlət əmlakının talanması olsun, bütün hallarda cinayəti törədən şəxsi hərəkətə gətirən başlıca səbəb qanunsuz qazanc əldə etmək istəyidir.

Ekspert hesab edir ki, bu motivin formalaşmasına müxtəlif sosial problemlər təsir göstərir. İşsizlik, maddi çətinliklər, narkotik asılılığı, alkoqolizm və bəzi hallarda ailədaxili sosial problemlər insanları cinayətə sövq edə bilir. Təbii ki, bu amillər cinayətə haqq qazandırmır, lakin cinayətkarlığın yaranmasına təsir edən səbəblər sırasında mühüm yer tutur. Onun sözlərinə görə, son illər maraqlı tendensiya da müşahidə edilir. Əvvəllər oğurluq cinayətlərində əsasən kriminal aləmlə əlaqəsi olan şəxslər üstünlük təşkil edirdisə, indi ilk dəfə cinayət törədən şəxslərin sayında da artım hiss olunur.

Sabiq polis rəisi vurğulayıb ki, oğurluq cinayətlərinin istintaqı digər cinayətlərlə müqayisədə daha mürəkkəb olur. Çünki bu əməllər adətən şahid olmadan və gizli şəkildə törədilir:

"Xuliqanlıq, soyğunçuluq və ya quldurluq açıq şəkildə baş verir. Oğurluq isə gizli cinayətdir. Hadisə baş verən zaman əksər hallarda şahid olmur. Bu səbəbdən onun açılması daha çox vaxt və peşəkar əməliyyat-axtarış tədbirləri tələb edir. "Əvvəlcə müşahidə edilir. Ev sahibi nə vaxt çıxır, nə vaxt qayıdır, ailədə neçə nəfər var, mənzil hansı saatlarda boş qalır, binaya haradan daxil olmaq daha rahatdır – bütün bunlar öyrənilir. Bəzən oğrular günlərlə, hətta həftələrlə həmin ünvanı izləyirlər. Hazırlıq nə qədər peşəkar olarsa, cinayətin açılması da bir o qədər çətinləşir".

Ekspert  hesab edir ki, müasir təhlükəsizlik vasitələri oğurluq hallarının qarşısının alınmasında mühüm rol oynayır:

"Videomüşahidə kameraları, siqnalizasiya sistemləri, domofonlar, giriş-çıxışa nəzarət və mühafizə xidmətləri olan binalar oğrular üçün daha riskli hesab edilir. Təcrübə göstərir ki, belə obyektlər cinayətkarların əsas hədəfi olmur. Vətəndaşlar uzunmüddətli səfərə çıxarkən qonşularını məlumatlandırmalı, mənzildə qiymətli əşyaları açıq yerdə saxlamamalı, mümkün olduqda təhlükəsizlik sistemlərindən istifadə etməlidirlər. Oğurluqla mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil. Cinayətkarlığın azalması üçün sosial problemlərin həlli, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, məşğulluğun artırılması və vətəndaşların təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi də vacib amillərdir. Hüquq-mühafizə orqanlarının çevik fəaliyyəti oğurluq hadisələrinin açılmasında mühüm rol oynasa da, bu növ cinayətlərin sayının azalması üçün profilaktik tədbirlər daha böyük əhəmiyyət daşıyır".

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR