Rumıniya Senatının üzvü, tanınmış hüquqşünas, Rumıniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, həmçinin Rumıniya Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Kristian-Avqustin Nikulesku-Țıqırlaş (Cristian-Augustin Niculescu-Țâgârlaș) Qarabağa səfəri çərçivəsində Azərbaycanın azad edilmiş ərazilərində bir sıra mühüm görüşlər keçirib.
Musavat.com xəbər verir ki, rumıniyalı senator əvvəlcə IV Şuşa Qlobal Media Forumunda iştirak edib. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələri, ekspertlər və siyasətçilərin qatıldığı forum zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayan iştirakçılar sırasında yer alıb.

Forumdan sonra səfərini Qarabağ bölgəsində davam etdirən Kristian-Avqustin Nikulesku-Țıqırlaş Azərbaycan rəsmiləri ilə görüşlər keçirib.
Səfər proqramı çərçivəsində senator Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin həmin ərazilər üzrə xüsusi nümayəndəsi Elçin Yusubovla görüşüb.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı, dövlət idarəçiliyinin təşkili və bölgənin sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat təqdim olunub.

Rumıniyalı senator həyata keçirilən quruculuq prosesini yaxından izləmək imkanı əldə edib, bölgədə aparılan yenidənqurma işləri ilə tanış olub və Qarabağın inkişafı istiqamətində görülən işlərə maraq göstərib.
Qeyd edək ki, Rumıniya Senatının üzvü Kristian-Avqustin Nikulesku-Țıqırlaş uzun illərdir Rumıniya–Azərbaycan parlamentlərarası əlaqələrinin inkişafında fəal iştirak edən siyasətçilərdən biridir. Onun həm IV Şuşa Qlobal Media Forumunda iştirakı, həm də Qarabağın müxtəlif yaşayış məntəqələrinə səfəri beynəlxalq ictimaiyyətin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma prosesinə marağının növbəti göstəricisi kimi qiymətləndirilir.
Musavat.com






