Azərbaycanda bank kartları ilə fırıldaqçılıq halları sürətlə artır. Musavat.com Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin 1-ci rübündə bank kartları ilə ölkə daxilində baş verən fırıldaqçılıq hallarının sayı 4 min 995-ə çatıb. Nəticədə, fırıldaqçılıq hallarının sayı ötən ilin sonuncu rübü ilə müqayisədə 47,51 faiz artıb.
Birinci rübdə bank kartları ilə ölkə xaricində fırıldaqçılıq hallarının sayı 10,68 faiz artaraq 6 min 20-yə çatıb.
Məlumata görə, ölkə daxilində fırıldaqçılıq hallarının məbləği ötən ilin sonuncu rübü ilə müqayisədə 24,25 faiz azalaraq 1 milyon 783 min manatdan 1 milyon 350 min manata düşüb. Ölkə xaricində fırıldaqçılıq hallarının məbləği isə bu dövrdə 12,17 faiz azalaraq 370,4 min manatdan 325,3 min manata düşüb.
Mərkəzi Bankın statistikasından o da aydın olur ki, bank kartları ilə fırıldaqçılıq üsulları da dəyişikliyə uğrayıb. Belə ki, 2025-ci ilin birinci rübündə fırıldaqçılıq hallarının 68,8 faizi kart hesabının ələ keçirilməsi yolu ilə baş veribsə, cari ilin birinci rübündə bu göstərici 21,4 faizə qədər azalıb. Ötən ilin birinci rübündə fırıldaqçılıq hallarının 80 faizindən çoxu kartın fiziki iştirakı olmadan qeydə alınmışdısa, 2026-cı ilin birinci rübündə belə hadisələrin payı 60,2 faizə düşüb.
Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarovun sözlərinə görə, aldadılma yolu ilə ələ keçirilən vəsaitlərin izlənməsi aldadılan şəxsin dərhal banka müraciət etməsi halında daha asan olur:

“Müxtəlif mövzularda kart sahibinə müraciət edib onu aldatmağa nail olan fırıldaqçılar adətən müəyyən məbləğin hansısa karta köçürülməsini istəyirlər. Belə hallarda ilk növbədə kart hesabındakı vəsaitlə maraqlanırlar. Əgər yetərincə vəsait varsa, təmaslar davam etdirilir, vəsaitin köçürülməsinə nail olmaq üçün müxtəlif versiyalı yalan hekayələr uydurulur. Buna görə də vətəndaşlar haradan zəng vurulsa belə, kartdakı vəsaitin məbləğini açıqlamamalıdılar. Digər tərəfdən, əgər aldadılıb hansısa karta, hesaba vəsait köçürmüsünüzsə, ilk növbədə kart bankına müraciət edin, pulu köçürdüyünüz bank kartının nömrəsini deyin. Belə halda bank vəsait köçürülən bankla təmasa keçib, vəsaitin sonrakı hərəkətini dayandıra bilir. Əks halda, vəsait son nöqtəyə çatana qədər çoxsaylı hesablara köçürülür və iz itirilir. Bu prosesdə öz adına bank kartı alıb onu 20-30 manata kimlərəsə satan vətəndaşların da məsuliyyəti var”.
E.Cuvarovun sözlərinə görə, Mərkəzi Bank bu problemi aradan qaldırmaq üçün öz bank kartlarını və digər ödəniş alətlərinin üçüncü şəxslərə verilməsinə görə hüquqi məsuliyyət müəyyən edən qanunvericiliyin qəbul edilməsini təklif edir. O qeyd edib ki, bu problemin qarşısının alınmasının ən effektiv yollarından biri qanunvericilik mexanizminin yaradılmasıdır. O xatırladıb ki, Rusiyada ödəniş vasitələrinin üçüncü şəxslərə verilməsinə görə hətta azadlıqdan məhrumetməyədək cəza nəzərdə tutan qanunvericilik artıq qüvvədədir.
AMB rəsmisinin fikrincə, Azərbaycanda da maliyyə alətlərinin üçüncü şəxslərə verilməsi ilə bağlı məsuliyyət müəyyən edən müvafiq qanunvericilik aktlarının qəbuluna ehtiyac var.
Bundan əlavə, E.Cuvarovun dediyinə görə Azərbaycanda banklar üçün mərkəzləşdirilmiş antifrod habının yaradılması nəzərdə tutulur və Mərkəzi Bankın bu istiqamətdəki ilkin funksiyası tənzimləyici rolunda çıxış etməkdir: "Hazırda fırıldaqçılıq, məsuliyyət və əlaqəli məsələlər qüvvədə olan qanunvericilikdə müxtəlif normativ aktlar çərçivəsində tənzimlənir. Bunların sırasına "Ödəniş sistemləri haqqında" qanun, Maliyyə Monitorinqi Xidmətinin müvafiq tələbləri və başqa normativ sənədlər daxildir.
Son illərdə maliyyə sektorunda informasiya təhlükəsizliyi ilə bağlı tələblərin tətbiq olunduğu kimi, biz də rəqəmsal fırıldaqçılıq risklərinin minimuma endirilməsi məqsədilə ayrıca antifrod tələblərinin işlənib hazırlanmasını planlaşdırırıq. Burada hədəf yeni bir ixtira deyil. Beynəlxalq praktikanı, xüsusən Türkiyə, Rusiya və Avropa dövlətlərinin qanunvericiliyini araşdırırıq və onu yerli bazara adaptasiya edərək həyata keçirməyə səy göstəririk. Bu yöndə işlər davam etdirilir".
E.Cuvarov bildirib ki, bu sahədə Mərkəzi Bankın əsas missiyası tənzimləmə ilə yanaşı, koordinasiya funksiyasını da icra etməkdir: "Artıq bir sıra şirkətlərlə müzakirələr aparılır və yol xəritəmizdə mərkəzləşdirilmiş antifrod sisteminin qurulması yer alır. Bu model Türkiyə, Rusiya, Qazaxıstan və digər dövlətlərdə artıq fəaliyyət göstərir.
Bu sistem Mərkəzi Bankın nəzdində işləyəcək. Digər ölkələrdə isə bu funksiyanı müxtəlif mərkəzi qurumlar icra edə bilir. Yəni söhbət bir növ "hab" sistemindən gedir. Məsələn, real bir ssenariyə nəzər salaq. Fərz edək ki, bir müştərinin pul vəsaiti oğurlanıb və həmin məbləğ başqa bankdakı hesaba transfer edilib. Köçürmə prosesində göndərən bank öz sistemində bunu adi "card-to-card" tranzaksiyası kimi qeydə alır. Qarşı tərəfdəki müştərini tanımadığından onun dələduzluq şəbəkəsinin bir hissəsi olub-olmadığını təyin edə bilmir. Lakin mərkəzləşdirilmiş hab sayəsində biz müşahidə edə bilərik ki, həmin hesaba gün ərzində fərqli banklardan böyük həcmdə "card-to-card" köçürmələri daxil olur".
O hesab edir ki, ayrı-ayrılıqda banklar bu ümumi mənzərəni tam şəkildə görə bilməsələr də, əməliyyatlar mərkəzi platforma ilə inteqrasiya edildikdə bu məlumatlar vahid məkanda əks olunur. Belə vəziyyətlərdə söhbət "mule account" adlanan, yəni pul daşıyıcısı hesablarından gedə bilər.
"Biz həmin hesabları risk dərəcəsinə əsasən qiymətləndirə və yüksək riskli hesab olaraq işarələyə (flag) bilərik. Digər banklar da real vaxt rejimində həmin platformaya qoşulacaq. Sistemdə riskli hesabların daxil olduğu "grey list" (boz siyahı) yaradılacaq. Bu siyahıda olan hesablara yönəldilən vəsaitlər üzrə banklar əlavə yoxlama həyata keçirə biləcəklər. Yoxlamanın aparılıb-aparılmaması isə yenə bankın öz məsuliyyəti çərçivəsində qalacaq. Mərkəzi Bank isə mərkəzləşdirilmiş koordinasiya və dəstək funksiyasını yerinə yetirərək həmin hesabın riskli şəbəkənin tərkib elementi ola biləcəyi barədə bankları xəbərdar edəcək".
Dünya,
Musavat.com






