ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanı böyük diplomatik uğur kimi təqdim etsə də, ölkəsinin ən yaxın müttəfiqi İsrail mediasında bununla bağlı tamamilə fərqli fikirlər səsləndirilir. İsrailin bəzi media orqanları və hökumət dairələri hesab edir ki, Tramp bu prosesdən qalib deyil, əksinə, müəyyən mənada uduzan tərəf kimi çıxıb.
Tramp bildirib ki, İranın nüvə silahına sahib olması halında İsrailin iki saat belə tab gətirməsi mümkün olmayacaq. ABŞ prezidenti bununla yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahu barədə də diqqətçəkən açıqlamalar verib. Tramp Netanyahunu "çox çətin insan" adlandıraraq, ABŞ-ın İsrail üçün gördüyü işlərə görə onun Vaşinqtona minnətdar olmalı olduğunu vurğulayıb.
Lakin İsrail mediası Trampın mövqeyini fərqli qiymətləndirir. Yerli mətbuatda yayılan şərhlərdə qeyd olunur ki, ABŞ administrasiyasının nümayəndələri Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Qətərin təzyiqləri, eləcə də ABŞ vitse-prezidenti Cey Di Vensin dəstəyi ilə İsrailin maraqlarını lazımi səviyyədə müdafiə etməyiblər. Hətta bəzi nəşrlər bu addımı “İsraildəki qardaşlarını satmaq” kimi sərt ifadələrlə xarakterizə edib.
Məlumatlarda o da bildirilir ki, Körfəz ölkələri bölgədə sakitliyin bərpa olunması məqsədilə İran tərəfinə milyardlarla dollar həcmində maliyyə dəstəyi göstərilməsini təşviq edib, bu istiqamətdə təşəbbüslərlə çıxış edib və belə bir prosesdə iştirak etməyə hazır olduqlarını nümayiş etdiriblər.
İsrailin "I24 News" telekanalının məlumatına görə, hökumətdə təmsil olunan bəzi nazirlər Trampın İran və Livan cəbhələrini bir-birindən ayırmaq cəhdinin uğursuzluğa düçar olduğunu düşünürlər. Onların fikrincə, Livan və İran istiqamətləri arasında mövcud olan birbaşa əlaqə artıq siyasi reallıq kimi qəbul edilməlidir və bu iki məsələni bir-birindən ayrı qiymətləndirmək mümkün deyil.
Trampın elan etdiyi razılaşma həqiqətən də Vaşinqtonun diplomatik qələbəsidir, yoxsa bu prosesdən ən böyük qazancı Tehran əldə edib? ABŞ administrasiyası İsrailin təhlükəsizlik narahatlıqlarını kifayət qədər nəzərə almayıb?
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında əldə olunacaq sənədin hər iki tərəfin maraqlarına cavab verəcəyini qeyd etdi: “28 fevralda İrana qarşı ABŞ və İsrail birlikdə müharibəyə başlamışdı. Lakin indi İsrailin iştirakı olmadan, ABŞ və İran arasında anlaşma memorandumunun mətni razılaşdırılıb. Memorandum 19 iyunda Cenevrədə imzalanacaq. Təbii olaraq əsas tərəflər-ABŞ və İran arasında razılaşdırılan bu sənəd iki tərəfin maraqlarını özündə əks etdirir. Elə buna görə də hər iki tərəf özünü qalib sayır və İsraildə müəyyən narahatlıqlar doğurur. Xüsusilə İsrailin Livanda tutduğu ərazilərdə qalıb-qalmaması ABŞ və İran arasında əsas fikir ayrılığı yaradan məqamlardan, xüsusilə, İsraillin narahatlığını artıran məqamlardan biridir. Bu, həm də memorandumun birinci maddəsini təşkil edəcək məsələdir, bütün cəbhələrdə atəşkəs”.

Ekspertin sözlərinə görə, İsrail bu müharibədə mühüm ərazi irəliləyişləri əldə edib və hazırda bunu qorumağa çalışır. İran rəsmiləri isə İsrailin işğal etdiyi Livan ərazilərindən çıxmasını tələb edir. Əgər ABŞ İranın bu və digər tələblərini qəbul edərsə, o zaman sual yaranır: Həqiqətən tərəflərdən hamısı qalibdirsə, müharibədə kim məğlub olub?
İlkin olaraq qeyd etmək lazımdır ki, müharibədə həm ABŞ, həm də İran ciddi güzəştlərə getməyə vadar olub və qarşı tərəfin güzəştlərini özünün qalibiyyəti olaraq görür. Məsələn, müharibənin əvvəlində ABŞ İranda rejim dəyişikliyini, İranın uran zənginləşdirməsindən tamamilə imtina etməsini hədəfləmişdi. Lakin bu hədəflərdən artıq imtina edildiyi aydındır. İranda dini rejim hakimiyyətini qorudu. Uran zənginləşdirməsinə dair danışıqlar memorandumun imzalanmasından sonrakı 60 gündə aparılacaq. İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qalacağını bəyan edir. Onsuzda İran rəsmiləri daim vurğulayırdı ki, İranın nüvə silahı əldə etmək kimi bir niyyəti yoxdur. İranın güzəştinə gəlincə, müharibədən öncə İran 60% səviyyəsinə çatdırdığı uran zənginləşdirməsi proqramından imtina etməyi qətiyyən düşünmürdüsə, artıq bu həcmin ən azı 10 dəfə azaldılmasına dair razılaşmanı belə nailiyyət olaraq görür. Həmçinin müharibədən əvvəl İran 440 kq-dan çox, yüksək zənginləşdirilmiş uranın təhvil verilməyəcəyini bəyan edirdisə, bu məsələdə ortaq məxrəcə demək olar ki, gəlinmək üzrədir. Danışıqlar İrandamı, yoxsa başqa bir ölkədəmi bu qədər zənginləşdirilmiş uranın məhv edilməsi yaxud təhvil verilməsi? istiqamətində aparılacaq? Bu fonda öhdəliklərini yerinə yetirərsə, ABŞ tərəfindən İrana ediləcək ciddi güzəştlər olaraq sanksiyalardan azad olunma, dondurulmuş aktivlərinin bərpası, qarşıdakı 60 gün ərzində dağıdılmış infrastrukturunun bərpası üzrə ABŞ və müttəfiqləri tərəfindən bərpa planının (başqa sözlə kompensasiya planı) təqdim olunması qeyd oluna bilər.
Ən mühüm məqamlardan biri - blokadanın qarşılıqlı şəkildə sonlandırılmasıdır. Lakin müharibədən öncə Hörmüzdən keçid havayı idisə, indi burada ABŞ-nin razılığı ilə İran-Oman birgə nəzarət sistemi təsdiq oluna bilər. Bu, o deməkdir ki, keçidlər üzrə “xidmət haqqı” İrana əlavə vəsaitlər gətirə bilər. Həmçinin sanksiyaların aradan qaldırılması nəticəsində çoxsaylı yatırım imkanları əldə edərsə, yenə sual yaranır: belə bir razılaşmaya müharibə olmadan gedə bilməzdilərmi?! Yəqin ki, yox.
Çünki İran və ABŞ müvafiq olaraq regional güc və qlobal güc faktorlarını əməkdaşlığa deyil, sabitsizləşdirməyə, destabilizə etməyə yönəltmişdilər və bunu sadəcə müharibə durdura bilərdi… Müharibənin həqiqi itkiləri isə məhv olunan minlərlə insanın həyatı, Körfəz ölkələrində məhv olunan infrastruktur və Körfəz üzrə ticarətin 83%-dən çoxunun Çinə yönəldiyini nəzərə alsaq, Çinin ucuz enerji istehlak bazarını itirməsidir”.
Cavanşir Abbaslı
Musavat.com






