İnsanlara hürriyət, millətlərə istiqlal!

İran üçün kritik saatlar başladı

561 27.07.2026 15:12 Dünya A A

Xəbər verildiyi kimi, İsrailin baş naziri Benyamin Netanyahu iyulun 27-də ABŞ-yə səfər edəcək. Bu səfər beynəlxalq aləmin xüsusi diqqət mərkəzindədir. Birləşmiş Ştatların rəhbəri Donald Trampın dəvəti ilə Vaşinqtona yollanacaq Netanyahu Ağ Evdə ABŞ prezidenti ilə təkbətək görüş keçirəcək. Bu görüş təkcə ABŞ-İsrail münasibətlərinin gələcəyi baxımından deyil, həm də İranla bağlı hərbi və diplomatik strategiyanın müəyyənləşdirilməsi nöqteyi-nəzərindən həlledici hesab olunur. Səfər təsadüfi vaxta düşmür. Son günlər ABŞ-nin İrana qarşı hava əməliyyatlarını müvəqqəti dayandırması, Vaşinqtonun diplomatik kanalları yenidən fəallaşdırmağa çalışması və Tramp administrasiyası ilə Netanyahu hökuməti arasında İran məsələsinə yanaşmada fərqli baxışların üzə çıxması iki liderin görüşünə xüsusi əhəmiyyət qazandırıb.

Məlumatlara görə, Netanyahu Tehrana qarşı daha sərt xəttin davam etdirilməsinin tərəfdarı olduğu halda, Ağ Ev regional müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün diplomatik variantları da gündəmdə saxlayır. Son aylarda iki müttəfiq arasında yaranan fikir ayrılıqları fonunda bu səfər münasibətlərin gələcək istiqamətini müəyyənləşdirə biləcək mühüm siyasi test kimi qələmə verilir.

İsrailin baş naziri Vaşinqtondan hansı razılaşmalarla qayıdacaq? Tramp və Netanyahu İran məsələsində ortaq mövqeyə gələ biləcəkmi? ABŞ ilə İsrail arasında son aylarda hiss olunan siyasi soyuqluq aradan qalxacaqmı? Vaşinqton görüşü regionun taleyini dəyişəcək qərarların verildiyi məkan olacaqmı?

“Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin yenidən gərginləşdiyi bir dövrdə İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri təsadüfi sayıla bilməz. Ağ Evdə keçiriləcək görüşdə İranın nüvə proqramı, regional təhlükəsizlik, Qəzza zolağındakı vəziyyət və ABŞ-İsrail münasibətlərinin gələcək istiqamətinin müzakirə olunacağı gözlənilir. Bu görüşün nəticələri Yaxın Şərqdə növbəti mərhələdə baş verəcək proseslərə birbaşa təsir göstərə bilər”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

İSKENDER.jpeg (149 KB)

Deputat bildirib ki, Netanyahunun Vaşinqton səfəri ilk baxışdan növbəti yüksək səviyyəli diplomatik görüş kimi görünsə də, əslində söhbət ABŞ-nin Yaxın Şərq strategiyasının yenidən nəzərdən keçirilməsindən gedir:

“Son aylarda İran ətrafında baş verən hadisələr, İsrailin təhlükəsizlik narahatlıqları və regionda artan risklər Vaşinqtonu daha çevik qərarlar qəbul etməyə vadar edir”.

Onun sözlərinə görə, son dövrlərdə ABŞ və İsrail arasında müəyyən taktiki fikir ayrılıqlarının olduğu barədə müxtəlif iddialar səsləndirilir:

“Lakin bu, iki ölkə arasında strateji tərəfdaşlığın zəifləməsi kimi qiymətləndirilməməlidir. ABŞ üçün İsrail Yaxın Şərqdə əsas təhlükəsizlik müttəfiqidir, İsrail üçün isə ABŞ hərbi, siyasi və diplomatik baxımdan ən böyük dayaqlardan biri olaraq qalır. Məhz buna görə də tərəflər arasında yaranan fikir ayrılıqları daha çox istifadə olunacaq metodlarla bağlıdır, strateji məqsədlərlə deyil”.

Vüqar İskəndərov qeyd edib ki, Netanyahu bu səfərdə ilk növbədə İran məsələsində Vaşinqtonun mövqeyini daha da dəqiqləşdirməyə çalışacaq:

“İsrail hesab edir ki, Tehran üzərində təzyiq azaldılarsa, bu, regionda yeni təhlükəsizlik riskləri yarada bilər. ABŞ isə hərbi variantı gündəmdə saxlamaqla yanaşı, diplomatik imkanların da tam tükənmədiyini nümayiş etdirməyə çalışır. Bu baxımdan Tramp və Netanyahu arasında əsas müzakirələrin də məhz bu balansın necə qorunacağı ətrafında aparılacağı gözlənilir”.

Deputat vurğulayıb ki, Vaşinqton görüşünün yalnız İran məsələsi ilə məhdudlaşacağını düşünmək doğru olmaz:

“Qəzza zolağında müharibədən sonrakı idarəetmə modeli, humanitar vəziyyət, ərəb ölkələri ilə münasibətlər və regionda yeni təhlükəsizlik mexanizmlərinin yaradılması da müzakirə olunacaq əsas mövzular sırasındadır. ABŞ artıq hərbi əməliyyatlardan sonrakı siyasi mərhələni planlaşdırmağa çalışır və İsrailin bu prosesdə hansı mövqe tutacağı xüsusi əhəmiyyət daşıyır. “Netanyahu Vaşinqtondan hansısa sensasion qərarla qayıdacaq” demək hələ tezdir. Lakin hesab edirəm ki, bu görüşdən sonra ABŞ-İsrail münasibətlərində koordinasiya daha da güclənəcək, tərəflər İranla bağlı vahid fəaliyyət mexanizmlərini razılaşdırmağa çalışacaqlar. Bu isə həm regiondakı qüvvələr balansına, həm də beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər”.

Vüqar İskəndərovun fikrincə, Vaşinqtonda keçiriləcək görüşün nəticələri yalnız ABŞ və İsrail üçün deyil, bütün Yaxın Şərq üçün ciddi siyasi mesajlar verəcək:

“Bu gün regionda qəbul olunan hər bir strateji qərar enerji təhlükəsizliyindən tutmuş beynəlxalq ticarət marşrutlarına, İranın davranış modelindən ərəb dövlətlərinin mövqeyinə qədər geniş coğrafiyaya təsir göstərir. Məhz buna görə də Ağ Evdə keçiriləcək bu görüşü yaxın dövrün ən mühüm geosiyasi hadisələrindən biri hesab etmək olar”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR