Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi və Əmək Məcəlləsi, Mülki Məcəllə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.
Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, bu dəyişikliklər ilk baxışdan mürəkkəb hüquqi və maliyyə terminləri ilə dolu görünsə də, əslində həm işçilər, həm sahibkarlar, həm də startap qurmaq istəyən gənclər üçün mühüm yeniliklər gətirir: “İndiyədək Azərbaycanda işçiyə əsasən əməkhaqqı və mükafat verilirdi. Yeni qanun isə şirkətlərə işçilərinə müəssisənin payını və ya səhmlərini hədiyyə etmək və ya güzəştlə satmaq imkanı yaradır. Başqa sözlə, işçi təkcə maaş alan şəxs deyil, işlədiyi şirkətin ortağına çevrilə bilər”.
Cavad Cavadov deyib ki, məsələn, bir informasiya texnologiyaları şirkəti proqramçıya deyə bilər ki, “2 və ya 3 il bizimlə işləsən və layihə uğur qazansa, şirkətin 1 faiz payı sənin olacaq. Bu üsul dünyanın ən böyük texnologiya şirkətlərində uzun illərdir tətbiq olunur və peşəkar işçiləri şirkətdə saxlamağın ən effektiv yollarından biri hesab edilir. Qanun payın əldə edilməsini müəyyən şərtlərə bağlayır. Birinci variantda işçi müəyyən müddət şirkətdə işləməlidir. İkinci variantda şirkət və ya işçi qarşıya qoyulan biznes məqsədlərinə çatmalıdır. Yəni pay avtomatik verilmir. Əvvəl öhdəlik yerinə yetirilir, sonra hüquq qazanılır”.
Bəs işçi işdən çıxarılsa nə olacaq?
Cavad Cavadov deyib ki, burada da fərqli vəziyyətlər nəzərdə tutulur: “Əgər işçi ştat ixtisarı, səhhəti və ya öz ərizəsi ilə işdən ayrılarsa, qazanmamış payların müəyyən hissəsi yenə də ona verilə bilər. Qanunda xüsusi qeyd olunur ki, işçiyə verilən səhm və ya pay əməkhaqqı deyil. Deməli, işəgötürən maaş vermək əvəzinə “sənə səhm verdim” deyə bilməyəcək. Maaş əvvəlki qaydada ödənilməli, səhm isə əlavə stimul kimi təqdim olunmalıdır”.
Cavad Cavadov deyib ki, qanunun ən mühüm hissələrindən biri startaplar və innovativ bizneslər üçündür: “İndiyədək Azərbaycanda investorla startap arasında bir çox münasibətlər qanunvericilikdə açıq tənzimlənmirdi. İndi isə Silikon Vadisi və Avropada istifadə olunan bir sıra mexanizmlər hüquqi qüvvə qazanır. Artıq şirkət sahibləri öz aralarında ayrıca korporativ müqavilə bağlaya biləcəklər. Bu müqavilədə payını hansı şərtlərlə sata biləcəyi, mübahisələrin harada həll olunacağı, hansı ölkənin hüququnun tətbiq ediləcəyi göstərilə bilər. Üstəlik, bunun üçün notariusa getmək tələb olunmur”.
Cavad Cavadov deyib ki, yeni qanun beynəlxalq investisiya praktikasında geniş istifadə olunan mexanizmləri də tətbiq edir: “Məsələn, böyük səhmdar öz payını bahalı qiymətə satırsa, kiçik səhmdarlar da eyni şərtlərlə paylarını satmaq hüququ əldə edəcəklər. Əksinə, şirkətin tam satılması üçün böyük investor qərar verərsə, müəyyən hallarda kiçik ortaqlar da satış prosesinə qoşulmalı olacaqlar. Bu qaydalar sonradan yaranan mübahisələrin qarşısını almağa hesablanıb. Qanun investorlara əlavə təminatlar verir. Əgər şirkət uğursuzluğa düçar olsa və bağlanarsa, investor qoyduğu vəsaiti təsisçilərdən əvvəl geri almaq imkanı əldə edəcək. Əgər növbəti investisiya mərhələsində şirkətin dəyəri ucuzlaşarsa, əvvəlki investorun payının dəyəri də xüsusi mexanizmlərlə qorunacaq”.
Cavad Cavadov deyib ki, yeni qanun şirkətlərə dünya praktikasında geniş yayılmış iki yeni maliyyələşmə alətindən istifadə etməyə imkan verir: “Birinci halda investor şirkətə borc verir. Şirkət böyüdükdə və ya yeni investisiya aldıqda həmin borc avtomatik olaraq şirkətin payına çevrilir. İkinci halda isə investor pul qoyur, lakin bu pul adi kredit hesab edilmir. Şirkət inkişaf etdikcə və ya satıldıqda həmin vəsait avtomatik olaraq paya çevrilə bilir. Bu mexanizmlər xüsusilə yeni yaradılan startapların bank krediti almadan inkişaf etməsinə kömək edə bilər. Qanun Azərbaycandakı vençur fondlarına və akkreditə olunmuş investorlara xaricdə fəaliyyət göstərən innovativ şirkətlərə də investisiya yatırmaq imkanı yaradır. Belə köçürmələr Mərkəzi Bankın müəyyən edəcəyi qaydalar çərçivəsində həyata keçiriləcək”.
Cavad Cavadov bu dəyişikliklərin niyə vacib olduğuna da aydınlıq gətirib: “Yeni qanunvericilik Azərbaycanda investisiya mühitinin beynəlxalq standartlara yaxınlaşdırılması baxımından mühüm addımdır. Bu mexanizmlər praktikada da səmərəli tətbiq olunarsa şirkətlər peşəkar əməkdaşları daha uzun müddət saxlaya biləcəklər. Startapların investisiya cəlb etməsi asanlaşacaq. İnvestorların hüquqları daha yaxşı qorunacaq və innovativ bizneslərin sayı arta bilər. Yeni qaydalar işçiyə təkcə maaş yox, işlədiyi şirkətin gələcəyində pay sahibi olmaq imkanı yaradır. Digər tərəfdən, sahibkarlar və startaplar üçün dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan maliyyə və investisiya alətlərinin Azərbaycanda da tətbiqinə hüquqi zəmin formalaşdırılır”.
E.Məmmədəliyev,
Musavat.com






