İnsanlara hürriyət, millətlərə istiqlal!

20 milyardlıq razılaşma risk altında - SON DƏQİQƏ

956 27.07.2026 13:49 Dünya A A

Qlobal geosiyasi gərginlik ABŞ və Çin arasında iqtisadi əməkdaşlığa da təsir göstərməyə başlayıb. ABŞ prezidenti Donald Trampın bu ilin may ayında Çinə səfəri zamanı Si Cinpinlə əldə etdiyi 20 milyard dollarlıq "Boeing" sərnişin təyyarələrinin satışı barədə razılaşma hazırda ciddi risk altındadır.

Məsələ ilə bağlı Musavat.com-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Pekin müqavilənin icrasına əlavə şərtlər irəli sürərək Vaşinqtondan uzunmüddətli hüquqi təminat tələb edir:

"ABŞ prezidenti Donald Tramp may ayında Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə 200 ədəd "Boeing" sərnişin təyyarəsinin satışı ilə bağlı razılaşma əldə etmişdi. Ağ Ev sahibi bu razılaşmanı böyük uğur kimi qiymətləndirmişdi. Söhbət 20 milyard dollarlıq razılaşmadan gedir. Ancaq hazırda razılaşmanın yerinə yetirilməsi təhlükə altındadır. Pekin razılaşmaya yeni şərtlər əlavə edib. Çin alacağı təyyarələrin mühərrikləri, ehtiyat hissələri və texniki xidmətinin uzunmüddətli təminatı ilə bağlı hüquqi zəmanət istəyir. Pekinin tələbi Vaşinqtonun dəyişən siyasəti ilə bağlıdır. Çində hesab edirlər ki, təyyarələr alındıqdan sonra lazımi ləvazimatların ABŞ-dən alınması çətinləşə bilər. Çünki ABŞ zaman-zaman Çinə qarşı müxtəlif sanksiyalar tətbiq edir. Bu sanksiyalar isə təyyarələr üçün lazımi avadanlıqların alınmasını çətinləşdirə bilər. Çin Tayvanı ələ keçirmək istəyərsə, bölgədə vəziyyət gərginləşəcək. Bu halda Çin ABŞ-dən heç nə ala bilməyəcək".

elxan.jpg (68 KB)

Politoloq vurğulayıb ki, Ağ Ev və "Boeing" şirkəti Pekinin yeni tələbini şərh etməyə tələsmir. Bununla belə, Pekinin tələbi yerinə yetirilməsə, razılaşma baş tutmayacaq.

Elxan Şahinoğlu qeyd edib ki, Donald Tramp da Çin əleyhinə addım atıb:

"Ağ Ev sahibi Çinin ABŞ seçkilərinə müdaxiləsini iddia edərək, diqqəti bir daha Pekinin ABŞ-dəki təsirini artırmaq üçün daha geniş səylərinə yönəldib. İddia bundan ibarətdir ki, ABŞ-də Çin üçün lobbiçilik edən şirkətlər qanun pozuntularına yol veriblər. Bu şirkətlər ABŞ-nin Çinlə bağlı qərarlarına təsir etmək üçün on milyonlarla dollar xərcləyiblər. Bu xərclərin bir hissəsi isə qeydiyyata alınmayıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Çin adından fəaliyyət göstərən qurumlar qeydiyyatdan keçməyə maraq göstərmir və maliyyənin hara və necə xərcləndiyini gizli saxlamağa üstünlük verirlər. ABŞ konqresmenləri hesab edirlər ki, ölkədə Çinin xeyrinə fəaliyyət göstərən qeyri-hökumət və lobbi təşkilatları Çin Kommunist Partiyasıyla sıx əlaqələrə malikdir. Buna baxmayaraq, ABŞ-dəki lobbi təşkilatları Çinlə əməkdaşlıqdan imtina etmirlər. Çünki Çin bu fəaliyyətə istənilən qədər maliyyə xərcləməyə hazırdır. Çin ABŞ-də lobbi fəaliyyətinə on milyonlarla dollar xərcləsə də, Pekinin Vaşinqtonun qərarlarına təsir gücü barədə qəti fikir söyləmək çətindir. Çünki ABŞ administrasiyası Çinə qarşı sərt siyasətindən imtina etmir. Buna baxmayaraq, Pekin ABŞ-dəki fəaliyyətini azaltmaq fikirində deyil, tələbələr və akademik dairələr vasitəsilə yumşaq gücün imkanlarından faydalanmağa çalışır".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR