Kreml Şərqi Avropa ölkələrinə dolayısı ilə mesaj ötürür ki, “Ukraynaya dəstək verməyin, Rusiyanın qələbəsindən sizə də torpaq payı düşə bilər”... Ancaq prezident Vladimir Putinin bu “şirnikləndirmə taktikası” Kremlin özü üçün daha təhlikəlidir və nə vaxtsa, Rusiyaya qarşı çevrilə biləcəyi də istisna deyil...
Ukrayna savaşının dayandırılması prosesi ətrafında qeyri-müəyyən situasiya aktuallığını qoruyub, saxlamaqdadır. Belə ki, hər iki qarşıduran tərəf vaxtaşırı sülh danışıqları prosesindən qətiyyən imtina etmədiklərini bəyan edirlər. Kreml ABŞ və Rusiya prezidentləri arasında Alyaskada əldə olunmuş anlaşmanın əsas götürüləcəyi təqdirdə, Ağ Evin vasitəşiliyi ilə danışıqlara hazır olduğunu bildirir. Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Ağ Evin “Oval Kabinet”ində Rusiya prezidenti Vladimir Putinlə sülh sazişinə imza atmağa müsbət yanaşır. Və bu, o deməkdir ki, rəsmi Kiyev Rusiyaya qətiyyən güvənmir, ona görə də, sülh sazişində Ağ Ev sahibi Donald Trampın imzası ilə ABŞ-dan Ukrayna üçün toxunulmazlıq təminatı almağa cəhd göstərir.
Ancaq onu da qeyd etmək lazımdır ki, prezident Volodimir Zelenski Ağ Evin “Oval Kabinet”inə qətiyyən əliboş getmək istəmir. Belə ki, Ukrayna ordusunun hazırda Rusiyanın dərinliklərinə endirdiyi sarsıdıcı zərbələr də məhz ehtimal olunan sülh danışıqlarında rəsmi Kiyevin şərtlərinin diqtə olunmasına hesablanıb. Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu məhz bu dağıdıcı zərbələrlə Kremlin başlatdığı ədalətsiz müharibəni Rusiyanın ərazisinə qaytarmağa çalışır. Və onun fikrincə, məhz buna nail olunacağı təqdirdə, iki savaşan dövlət arasında daha ədalətli sülh şansı yarana bilər.

Təbii ki, rəsmi Kiyevin bu yeni hərbi-siyasi strategiyası Rusiya üçün “savaş bataqlığı”nın əhatə dairəsini genişləndirməklə yanaşı, həm də daha da dərinləşdirir. Üstəlik, son vaxtlar Ukrayna hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, kollektiv Qərbin isə rəsmi Kiyevə dəstəyinin daha intensiv və prinsipial xarakter alması, Rusiyanın dərinliklərinə endirilən zərbələrin yüksək effektivliyi Kremlin hərbi-siyasi manevr məkanını daraldır. Üstəlik, kollektiv Qərbin açıq-aşkar Rusiyanın məğlubiyyət ssenarisinə elə indidən hazırlaşdığını biruzə verməsi və Ukrayna ərazisində savaşdan sonra NATO ölkələrinin hərbi kontingentlərinin yerləşdirilməsinə yönəlik planların qurulması Kremldə ciddi təlaşa yol açır.
Məsələ ondadır ki, Kremlin rəsmi təmsilçisi Dmitri Peskov Ukrayna ərazisində xarici ölkə hərbi kontingentinin yerləşdirilməsinin yolverilməz olduğunu və Rusiyanın öz sərhədləri yaxınlığında NATO-nun peyda olmasına imkan verməyəcəyini bildirib. Eyni zamanda, xarici işlər nazıri Sergey Lavrov Alyaska anlaşmalarını xatırlatmaqla yanaşı, həm də ABŞ-ı Ukrayna ordusunun hücumlarını birbaşa Rusiyadakı hədəflərə yönəltməkdə ittiham edib. Və rus diplomat bu iddiasını prezident Donald Trampın Ukrayna savaşını öz hakimiyyətinin sonuna qədər yekunlaşdırmağa çalışacağı ilə bağlı vədinə reaksiya kimi gündəmə gıtirib.
Maraqlıdır ki, Kremldə Ağ Ev sahibi Donald Trampın prezident Vladimir Putin ilə anlaşmaları pozduğunu düşünürlər. Ona görə də, Kreml prezident Donald Trampın “Rusiya lideri Vladimir Putin anlaşaya hazırdır və yaxın vaxtlarda saziş baş tuta bilər” məzmunlu iddiasının reallıqdan uzaq olduğuna eyham vurur. Və bütün bunlara paralel olaraq, Kreml Ukrayna ilə savaşın məhz Rusiyanın hərbi-siyasi hədəflərinin reallaşmasına qədər davam edəcəyini vurğulayır.

Bütün bunlar onu göstərir ki, Rusiya Ukrayna savaşında qarşıya qoyduğu hədəflərdən çox-çox uzaq qalıb. Üstəlik, son baş verənlər Kremlin həmin hədəflərə çatma şanslarını daha da zəiflədir. Belə ki, çoxsaylı canlı qüvvə itkiləri Rusiya ordusunu tükəndirir və hərbi potensialını ciddi şəkildə zəiflədir. Eyni zamanda, Ukrayna ordusunun sarsıdıcı zərbələri Rusiyanın enerji və logistika infrastrukturunu dağıdır, ölkədə sosial-iqtisadi böhranı dərinləşdirir. Dövlət büdcəsi Ukrayna savaşının davam etdirilməsi prosesini maliyyələşdirmək imkanlarını artıq itirməkdə olan Rusiyada ölkədaxili siyasi böhranın və Kremlə qarşı etiraz dalğasının yetişməsinə də münbit şərait yaradır.
Digər tərəfdən, Rusiyanın Ukrayna savaşında hərbi qələbəsinə inananların sayı hazırda böyük sürətlə azalmaqdadır. Belə ki, kollektiv Qərb Rusiyanın yaxınlaşan hərbi məğlubiyyətinə hazırlaşdığını qətiyyən gizlətmir. Üstəlik, Rusiyanın patronajlığı altında olan KTMT və Avrasiya İqtisadi İttifaqındakı strateji tərəfdaşları da Rusiyanın ümid bəslədiyi hərbi qələbəyə nail ola biləcəyinə artıq ciddi şübhə ilə yanaşırlar. Hər halda, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiya lideri Vladimir Putinlə görüşdə “Ukrayna savaşını artıq dayandırmaq lazımdır” məzmunlu mövqeyi də həmin şübhələrin ümumiləşmiş təzahürü kimi görünür.
Ancaq prezident Vladimir Putin hələ də ümid edir ki, Ukrayna savaşında “düşmən darmadağın ediləcək və Rusiya isə qalib gələcək”. Onun fikrincə, bu, gec və ya tez baş verəcək, “xüsusi hərbi əməliyyat” da məhz onda sona çatacaq. Nə qədər qəribə də olsa, Kreml sahibi Rusiya tərəfindən heç bir aqressiyaya yol verilmədiyinə də əmindir. O, hətta iddia edir ki, bu savaşı Rusiya başlatmayıb və bu müharibə Qərbin dəstəyi ilə Ukrayna tərəfindən törədilib. Və buna nəinki Rusiya əhalisinin, hətta prezident Vladimir Putinin özü də daxil olmaqla, Kremldə kiminsə inandığını düşünmək sadəlövhlük olardı.
Bütün bunlara baxmayaraq, prezident Vladimir Putinin açıqlamaları ümumi məzmun etibarilə Kremldə hökm sürən və gizlədilməsinə çalışılan ümidsizliyi də biruzə verir. Çünki onun Rusiya aqressiyasını, savaşı başlatmasını inkar etməyə çalışması yaxın gələcəkdə Kremlin qlobal məkanda üzləşə biləcəyi hüquqi prosedurlara qarşı indidən “siyasi müdafiə zolağı” yaratmaq cəhdlərinə bənzəyir. Üstəlik, prezident Vladimir Putinin Ukraynanın əvvəl-axır öz qərb ərazilərini itirəcəyini iddia etməsi isə ümumiyyətlə, heç bir məntiqə sığmır.

Məsələ ondadır ki, Ukraynanın beynəlxalq hüquq normaları ilə təsbit olunmuş suveren ərazilər məhz Rusiya tərəfindən işğal olunub. Yəni, Ukraynanın şərq ərazilərinin böyük bir hissəsi, savaş üçün “rusdilli əhali” bəhanəsinə sığınan Rusiyanın işğalı altındadır. İndisə, prezident Vladimir Putin iddia edir ki, rəsmi Kiyev Ukraynanın “Stalin tərəfindən hədiyyə olunmuş” qərb ərazilərini də məhz Macarıstan, Rumıniya və Polşaya qaytarmalı olacaq.
Belə anlaşılır ki, Kreml Ukraynanın bir dövlət kimi mövcudluğunu istəmir. Ona görə də, Şərqi Avropa ölkələrinə dolayısı ilə mesaj ötürür ki, “Ukraynaya dəstək verməyin, Rusiyanın qələbəsindən sizə də torpaq payı düşə bilər”. Bu, həm də Rusiyanın Ukrayna savaşında necə aciz və çarəsiz duruma düşdüyünü də dolayısı ilə biruzə verir. Hər halda, Kreml sahibinin “tarixi proseslərə istinadla” Şərqi Avropa ölkələrini Ukrayna ərziləri hesabına “torpaq rüşvəti” ilə şirnikləndirib, zərərsizləşdirməyə çalışması belə düşünməyə tamamilə əsas yaradır.
Ancaq prezident Vladimir Putinin bu “şirnikləndirmə taktikası” Kremlin özü üçün daha təhlikəlidir və nə vaxtsa, Rusiyaya qarşı da çevrilə bilər. Çünki Kremldə qətiyyən unutmamalıdırlar ki, Rusiyanın indiki əraziləri, yəni, mövcud sərhədləri birmənalı şəkildə qonşu ölkələrin və müdafiəsiz xalqların torpaqları hesabına formalaşıb. Ona görə də, əgər, keçmiş “tarixi proseslərə istinadla” sərhədlərin dəyişdirilməsi prosesi başladılarsa, onda Rusiyanın real əraziləri Moskva və Novqorod intervalındakı ərazilərdən kənara çıxmaz.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu







