İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynanı bu cür böləcəyini açıqladı - Kremlin ŞOK PLANI

916 27.07.2026 14:29 Dünya A A

Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı son bəyanatları beynəlxalq gündəmdə yeni müzakirə dalğası yaradıb. Kremlin rəhbəri bu dəfə diqqəti cəbhədəki hərbi əməliyyatlardan daha çox Ukraynanın gələcək sərhədlərinə yönəldərək ölkənin qərb bölgələrinin taleyi barədə qalmaqallı proqnoz səsləndirib. Putin iddia edib ki, vaxtilə Polşa, Macarıstan və Rumıniyaya məxsus olmuş torpaqlar gec-tez yenidən həmin dövlətlərə qayıdacaq və bunun tarixi proses olduğunu bildirib. Rusiya lideri eyni zamanda Ukraynanın ərazi bütövlüyünün vaxtilə Moskvanın təminatı altında olduğunu, Kiyevin Rusiyanı düşmən elan etməklə bu zəmanəti itirdiyini irəli sürüb. Bununla yanaşı, Putin Qara dənizdə Rusiya gəmilərinə qarşı istənilən addıma sərt cavab veriləcəyini bəyan edib, Kalininqradın təhlükəsizliyinin isə Rusiyanın əlində olan bütün vasitələrlə təmin ediləcəyini vurğulayıb.

Kreml rəhbərinin bu açıqlamaları həm Ukraynanın gələcəyi, həm də Avropanın təhlükəsizlik mühiti ilə bağlı yeni suallar doğurur. Putin Ukraynanın qərb torpaqları ilə bağlı səsləndirdiyi iddialarla hansı mesajları verir? Polşa, Macarıstan və Rumıniya ilə bağlı səsləndirilən fikirlər gələcək geosiyasi planın anonsudur? Kreml bununla Ukraynanın sərhədlərinin dəyişə biləcəyinə işarə edir? Qərb bu açıqlamalara necə reaksiya verəcək?

SONA SON.jpg (56 KB)

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Putinin son bəyanatları göstərir ki, Rusiya Ukrayna ilə müharibəni artıq təkcə hərbi müstəvidə deyil, siyasi, tarixi və informasiya müstəvisində də davam etdirir:

“Kremlin Ukraynanın qərb bölgələri ilə bağlı səsləndirdiyi fikirlərin əsas məqsədi gələcək geosiyasi gündəliyin konturlarını formalaşdırmaqdır. Putinin Polşa, Macarıstan və Rumıniyanın adını çəkməsi təsadüfi deyil. Bu, bir tərəfdən Ukraynaya psixoloji təzyiq elementidir, digər tərəfdən isə Qərb daxilində mümkün fikir ayrılıqlarını dərinləşdirməyə hesablanmış siyasi mesajdır. Rusiya bununla Ukraynanın mövcud sərhədlərinin dəyişməz olmadığı barədə öz narrativini gücləndirməyə çalışır. Bu gün nə Polşa, nə Rumıniya, nə də Macarıstan Ukraynanın ərazi bütövlüyünə qarşı rəsmi iddia irəli sürür. Əksinə, beynəlxalq hüquq çərçivəsində Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri dəstəklənir. Ona görə də Putinin səsləndirdiyi fikirləri bu dövlətlərin gələcək siyasətinin göstəricisi kimi deyil, Rusiyanın geosiyasi yanaşmasının ifadəsi kimi qiymətləndirmək daha doğru olar”.

Siyasi təhlilçi hesab edir ki, Putinin “Rusiya Ukraynanın ərazi bütövlüyünün təminatçısı idi” tezisi isə Moskvanın son illərdə formalaşdırdığı siyasi xəttin davamıdır:

“Kreml bununla Ukraynanın dövlətçiliyinin və sərhədlərinin tarixi əsaslarını mübahisələndirməyə çalışır. Bu isə ilk növbədə danışıqlar masasında əlini gücləndirmək və gələcək siyasi proseslər üçün əlavə arqument formalaşdırmaq məqsədi daşıyır. Qara dəniz və Kalininqradla bağlı səsləndirilən sərt mesajlar da eyni strategiyanın tərkib hissəsidir. Burada məqsəd təkcə Ukraynaya deyil, NATO ölkələrinə də Rusiyanın təhlükəsizlik məsələlərində geri çəkilməyəcəyini nümayiş etdirməkdir. Son dövrlər Kremlin çıxışlarında bu cür “qırmızı xətlər”in daha tez-tez vurğulanması onu göstərir ki, Moskva mümkün danışıqlara maksimum siyasi üstünlüklə daxil olmağa çalışır. Hesab edirəm ki, Putinin bu çıxışını müharibənin yeni mərhələsinin rəsmi başlanğıcı kimi qiymətləndirmək hələ tezdir. Daha çox görünən odur ki, Rusiya hərbi əməliyyatlarla paralel şəkildə informasiya və siyasi təzyiq strategiyasını genişləndirir. Tarixə istinadlar, sərhəd məsələlərinin gündəmə gətirilməsi və təhlükəsizlik ritorikasının sərtləşdirilməsi bu strategiyanın əsas elementləridir. Bununla yanaşı, bu bəyanatları tamamilə daxili auditoriyaya hesablanmış ritorika kimi də qiymətləndirmək düzgün olmazdı. Dövlət başçısı səviyyəsində səsləndirilən bu cür fikirlər beynəlxalq ictimaiyyətə də ünvanlanır və Kremlin gələcək danışıqlarda hansı mövqedən çıxış etmək niyyətində olduğunu göstərən siyasi siqnallar kimi qəbul edilir.

Hər bir halda, Putinin son açıqlamaları Ukraynanın sərhədlərinin yaxın vaxtlarda dəyişəcəyini təsdiqləyən hüquqi və ya siyasi qərar deyil. Lakin bu bəyanatlar Rusiyanın münaqişəyə baxışının dəyişmədiyini, əksinə, tarixi arqumentlərdən istifadə etməklə öz geosiyasi mövqeyini əsaslandırmağa çalışdığını göstərir. Hazırkı mərhələdə əsas mübarizə yalnız cəbhədə deyil, beynəlxalq rəyin formalaşdırılması uğrunda da gedir. Məhz buna görə də Kremlin bu cür çıxışları gələcək danışıqlar prosesinin siyasi fonunu müəyyənləşdirən mühüm mesajlar kimi diqqətlə təhlil olunmalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR